Ermənistanın geosiyasi xülyası: saxta ssenarilərin izi ilə

 

 

Amerika ilə Rusiya arasında Yaxın Şərqdə və Şərqi Avropada mübarizə kəskinləşdikcə, bir sıra dövlətləri qorxu bürüyür. Ermənistan onların sırasında birinci yerdədir.

Rəsmi İrəvan iki supergücün savaşması fonunda daha pis duruma düşə biləcəyinin fərqinə varır. Erməni ekspertlər bununla bağlı müxtəlif ssenarilərdən bəhs edirlər. Lakin onların heç biri real arqumentlərə əsaslanmayıb, qondarma xarakter daşıyır. Burada daha çox Amerika və Rusiyaya şikayətlər yer alır. Müxtəlif bəhanələr gətirilərək, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılacağı haqqında absurd fikirlər irəli sürülür. Əslində isə ermənilər anlayırlar ki, bərbad xarici siyasi xətt yeritməklə özlərini dalana salıblar. Oradan çıxış yolu yoxdur. İstədikləri də regionun bütün ölkələrinin də dalana düşməsidir. Məhz bu aspektdə onların böyük səhv etdikləri aydın görünür.

 

Bombalamadan sonra: rəsmi İrəvanın həyəcanı

ABŞ-ın Suriyada Bəşər Əsəd ordusunu bombalamasından narahat olanlar sırasında Ermənistan da vardır. Bir qədər təəccüblü görünsə də, erməni ekspertlərin şərhləri məhz bu tezisin doğru olduğunu təsdiqləyir. Onlar yaranmış vəziyyətə ənənəvi olaraq İrəvanın müstəqil xarici siyasət yeridə biləcəyi kontekstində baxmayıb, başlıca olaraq ABŞ-Rusiya münasibətlərinin çərçivəsində Ermənistan üçün mövcud situasiyanı analiz etməyə çalışırlar.

Bu zaman erməni ekspertlər iki ssenari üzərində dayanırlar. Birincisi, ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırır. İkincisi, Rusiya bu regionda daha da güclənir (bax: Два сценария: Армения у опасной черты / "Lragir.am", 11 aprel 2017). Biz bu ssenarilərin nə dərəcədə real olduğundan bəhs etmək istəmirik. Sadəcə, Ermənistanda analitik dairələrin geosiyasi proseslərin məntiqindən hansı nəticələr çıxardıqlarını vurğulamaq istərdik.

Birinci ssenari real deyil, çünki Vaşinqtonun Moskvanın ənənəvi olaraq güclü olduğu bir bölgədən onu sıxışdırmaq cəhdi mücərrəd görünür. Hələlik mübarizə Yaxın Şərqdə gedir ki, burada da Rusiyanın mövqeyinin zəiflədiyindən danışmağa əsas yoxdur. Amerikanın bir dəfə harasa 59 "Tomahawk" raketi atması Rusiya kimi böyük dövlətlə münasibətlərdə kəskin dəyişiklik edəcəyi anlamına gəlməz. Əksinə, bu hadisədən sonra Kremlin göstərdiyi münasibət onu sübut edir ki, indiki mərhələdə mübarizənin gərginliyindən danışmaq düzgün olardı və Rusiyanın geri çəkilmək niyyəti yoxdur.

ABŞ və Avropanın böyük dövlətləri nə qədər hədə dilində danışsalar da, Moskva eyni qətiyyət və sərtliklə qarşılıq verir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə ABŞ-la Rusiya arasında kompromis ehtimalı daha yüksəkdir. Ən azından yaxın perspektivdə hansısa tərəfin üstünlük əldə etmək imkanı minimumdur. Belə bir şəraitdə Cənubi Qafqazdan Rusiyanın sıxışdırılmasından bəhs etməyin arxasında iki məqsəd dura bilər.

Birincisi, ermənilər blef edərək, özlərinin Moskvadan asılılıqlarını gizlədirlər. Guya onlar Qərbə meylli, Rusiyadan isə narazıdırlar. Halbuki Ermənistanı ayaq üstdə saxlayan, hərbi baxımdan ona dəstək verən Rusiyadır. Moskva əlini çəkən kimi Ermənistan çökə bilər. Yəni, birinci ssenari erməni siyasi şüurunun Qərbə yaltaqlıq jestidir. İkincisi, regiondakı real geosiyasi mənzərəni təhrif etməklə, İrəvan havadarlarına xidmət etmiş olur. Guya ki, Moskva regiondan gedə bilər və bu variantda da Ermənistan şanslı görünür. Bu cür yalanın ortaya atılmasında başqa bir məqam da gizlənib.

Ermənilər Rusiya-Azərbaycan münasibətlərinin normal və bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etməsindən bərk narahatdırlar. Onlar regionun geosiyasi dinamikası ilə bağlı hər bir analitik yanaşmalarında Moskva-Bakı əməkdaşlığını mənfi fonda göstərməyə çalışır, xırda bir anlaşılmazlığı belə böyük bir fikir ayrılığı kimi təqdim etməyə cəhd göstərirlər. Təəssüf ki, buna Rusiyanın bəzi dairələrinin qeyri-səmimi davranışları da rəvac verməkdədir.

Məsələn, rusiyalılar sırasında Dağlıq Qarabağa qanunsuz səfərlər edib, sonra bunu normal hal kimi təqdim edənlər vardır. Nə yazıq ki, Rusiya XİN də bu hallara kifayət qədər obyektiv qiymət verməyən bəyanatlarla çıxış edir. Təbii ki, belə qərəzli yanaşmalar İrəvandakı böhtançıların dəyirmanına su tökür, onlar da Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmaq üçün müxtəlif addımlar atırlar. Rusiya hüquq-mühafizə orqanlarında ermənipərəst mövqedə olan və təxribata meylli kadrlar da yox deyildir.

Əsassız ümidlər: erməni rəhbərliyi geosiyasi labirintdə

Ancaq bütün bunlar Moskvanın yeritdiyi siyasətin tam məzmununu təşkil edə bilməz. Kremlin Cənubi Qafqazda Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı vardır. Bunu Moskvada gözəl anlayır və ona uyğun siyasət yeridirlər. Həmin səbəbdən İrəvanda başa düşürlər ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri korlaya bilmək gücünə malik deyillər. Qalır daxili auditoriya üçün müxtəlif saxta ssenarilər uydurmaq. Bu müstəvidə İrəvanın narahatlığının daha da artacağını təxmin etmək mümkündür. Hətta Ermənistan rəsmi dairələrinin tərəddüdlərinin artmasından da danışmaq olar. Bunun əyani göstəricisi onların geosiyasi proseslərin şərhində əsaslandıqları məntiqdir.

Məsələ ondan ibarətdir ki, erməni ekspertləri və siyasətçiləri regional problemlərdən danışanda bir dənə də olsun iqtisadi, maliyyə, energetik, yaxud mədəni arqument gətirə bilmirlər. Deyək ki, Türkiyəyə qarşı nifrət dolu fikirlər yazanda, Ankara-Vaşinqton münasibətlərini xarakterizə edəndə boş sözlərdən başqa bir fakt göstərə bilmirlər. Onların məntiqi çərçivəsi belədir - Amerika Türkiyəni parçalayacaq, onu regionda zəiflədəcək, strateji müttəfiqlikdən uzaqlaşdıracaq, çünki ermənilərin xoşuna belə gəlir.

Bunun fonunda Rusiyanı pisləməyin arxasında da eyni qondarma arqument dayanır. Konkret olaraq, Moskva ona görə "səhv edir" ki, türklər və azərbaycanlılarla əməkdaşlıq edir. Bu da düz deyil, çünki yenə də ermənilərin xoşuna gəlmir. Bu baza tezisin üzərində min cür məntiqi əllaməlik edir və adını da analitika qoyurlar. Təbii ki, reallıq tamamilə fərqli mənzərəni ortaya çıxarır.

Belə ki, sırf dini faktora görə nə Qərb, nə də Rusiya böyük oyunda Ermənistanın iradəsini müdafiə etməzlər. Onların öz dövlət maraqları var. Ermənistan bu miqyasdakı oyunda yalnız həmin maraqlara uyğun gələnə qədər gedə bilər. Lazım olanda, onun başından elə vururlar ki, quyunun dibinə düşür. Tarixdə belə halların çox olduğunu hətta bəzi erməni yazarlar da etiraf edirlər.

Digər tərəfdən, nəyə görə Qərb, yaxud Rusiya birbaşa Ermənistanı sona qədər müdafiə etməlidirlər? Buna heç bir real əsas yoxdur. Çünki İrəvan konkret heç bir addım ata, əməkdaşlıq təklif edə, yaxud layihə həyata keçirə bilmir. Azərbaycan isə 20 ildən çoxdur ki, həm Qərbə, həm də Rusiyaya sübut edir ki, etibarlı və ədalətli tərəfdaşdır. Bakının aktiv iştirak etdiyi, təşəbbüskarı olduğu beynəlxalq energetik, iqtisadi, nəqliyyat, mədəni və təhlükəsizlik layihələri səmərə verməkdədir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP, TANAP, "Cənub qaz dəhlizi", "Yeni İpək Yolu", Şimal-Cənub nəqliyyat dəhlizi, dialoq və təhlükəsizlik sahəsində "Bakı prosesi", müxtəlif mədəni tədbirlər, idman oyunlarının təşkili və s. layihələrin əksəriyyəti Azərbaycanın adı ilə bağlıdır, digərlərində isə Bakı aktiv iştirak edir. Özü də bu layihələrdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində körpü rolunu oynamaqdadır. Bu, əyani olaraq mövcuddur. Bəs Ermənistan hansı addımları atıb?

Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, İran onun üçün həyat yoludur. Ermənistanın enerji ilə bağlı planlarının bir qismi Rusiya ilə, digərləri isə İranla bağlıdır. Hər iki ölkəyə Qərbin, ilk növbədə ABŞ-ın münasibəti məlumdur. Xüsusilə son zamanlar Donald Tramp Rusiya və İrana qarşı çox sərt davranır. Onda Qərb hansı əsasla Ermənistanın geosiyasi əhəmiyyətindən bəhs edə bilər?
Rusiyaya gəldikdə isə, Ermənistanın İranla enerji sahəsindəki əməkdaşlığına Moskvada qısqanclıqla yanaşırlar. Çünki Tehran enerjidə böyük oyunçudur və Rusiyanın maraqlarına zidd olan layihələrə qol qoya bilir. Deməli, Ermənistanın İranla əməkdaşlığına daim Moskvadan məhdudiyyətlər qoyulub və bu, belə də davam edəcək. Həm də bu səbəbdəndir ki, Çin "Yeni İpək Yolu" layihəsində Azərbaycan-Türkiyə xəttinə üstünlük verir.

Bunlar onu sübut edir ki, Ermənistan regionda ən qeyri-müəyyən geosiyasi statusa malik olan ölkə olaraq qalır. Bir sıra erməni ekspertin üzdəniraq proqnozları isə havaya atılan boş güllədən başqa bir şey deyildir. Ermənistan dövlət olaraq Kremlin əmrlərini yerinə yetirməkdən başqa heç bir şeyə yaramır. Əmr qulu isə həmişə istifadə edilib, sonra kənara atılır. Ermənistan həmin səbəbdən keçən əsrin 90-cı illərindən bu yana həmişə geosiyasi "magistral"dan kənarda lazımsız əşya statusunda olub. ABŞ-ın Suriyanı bombalaması bu mənzərədə heç nəyi dəyişməyib.

Newtimes.az

09:42