“Ermənistanın bu addımının qarşısı alınmasa, terror təhlükəsi...” - Aydın Mirzəzadə

Ermənistan PKK terrorçularına pasport və viza verməyə başlayıb.

Metbuat.az-ın məlumatına görə, bu, Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (BƏEİM) araşdırmaları zamanı məlum olub. Məlumata görə, PKK terrorçuları başda Avropa olmaqla, müxtəlif ölkələrə də Ermənistan pasportu ilə səyahət edə bilirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi də məlum olub.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu hal birinci dəfə deyil: “Onlar əvvəllər də Dağlıq Qarabağda terror törədən, kütləvi cinayətlərdə əli olan insanlara vətəndaşlıq verir və bununla da onları leqallaşdırmağa çalışırdı. Zaman-zaman onlar xaricdəki erməni adı ilə həm Yaxın Şərqdəki terrorçulara, eyni zamanda keçmişi qaranlıq olan insanlara vətəndaşlıq verməyə başlayıb”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın PPK-çılara simpatiya göstərdiyi hər kəsə aydındır: “Onlara həm siyasi, həm maddi yardım göstərirlər. Dünya bu məsələyə artıq açıq gözlə baxmalıdır. Ermənistanın nazı ilə oynamağa son qoymaq lazımdır. Onlar təkcə Azərbaycanın hüququnu pozmur, ümumilikdə, bütün dünya üçün böyük təhlükə yaradır”.

Aydın Mirzəzadə bildirib ki, Ermənistanın terrorçulara, cinayətkarlara kütləvi şəkildə pasport verməsi, onları öz immuniteti altına alması Avropa üçün çox böyük təhlükə törədəcək: “Bir vaxtlar separatçılığa, terrora qarşı mübarizə aparmaqdan imtina edirdi. Hazırda Avropa buna görə ciddi problemlərlə üzləşir. Indi isə terror təşkilatı üzvlərinə pasport verilməsi, gələcəkdə Avropanın, Amerikanın və dünyanın digər ölkələrin terror təhlükəsini daha da artıracaq. Azərbaycan bu məsələni birmənalı şəkildə pisləyir və dünyanı bu məsələyə çox ciddi baxmağa çalışır”.

Günay Elşadqızı / METBUAT.AZ

20:49