Ermənistanda kəndlilər etiraza qalxdılar

 

Ermənistanda hökm sürən iqtisadi böhran kənd təsərrüfatına da təsirini göstərib.

Əyalətlərdə vəziyyət ağırdır. Vayotsdzor sakinləri mövcud vəziyyətə etiraz olaraq hökumət binası qarşısında aksiya keçiriblər. Etirazçılar hökumətə satdıqları məhsulun pulunu tələb edirlər. Fermerlər iki ilə yaxındır ki, üzüm satışından onlara ödənilməli olan pulu ala bilmirlər. Ölkənin kənd təsərrüfatı naziri ilə görüşmək istəyən sakinlərin şikayətinə heç bir cavab verilmir. Toplanan üzümü kəndlilərdən “Vinar” müəssisəsi alıb. Şərab istehsalı ilə məşğul olan şirkətin Serj Sarkisyana yaxın adama məxsus olduğu deyilir. İki il ərzində müəssisənin vətəndaşlara 50 milyon dram borcu yaranıb.

Kəndlilər “Vinar” müəssisəsini məhkəməyə də vermək istəyiblər. Lakin məlum olub ki, onlarla alış-veriş müqaviləsi imzalanmayıb. Bu səbəbdən də heç bir təzminatdan söz gedə bilməz. Etirazçılar heç bir nəticəsi olmasa da müddətsiz aksiyaları davam etdirmək qərarına gəliblər. Kəndlilər hökumətin onları çoxdan unutduğunu deyirlər. Ermənistanda son illər aqrar sektora yönəlmiş xarici investisiyalar on, daxili sərmayələr isə səkkiz dəfə azalıb. Vaxtilə gəlirli sahə hesab olunan üzümçülüyün artıq heç bir perspektivi yoxdur.

Erkir.am

06:25