Ermənistan rusiyayönlü erməni milyarderlərə tapşırılır

 

Karen Karapetyan bu dəfə Ermənistana uzunmüddətli başçı gətirilib

Ermənistanda parlament seçkilərinin nəticələri rəsmən açıqlandı. Yekun nəticələrə əsasən, 2009 seçki məntəqəsində səsvermə hüququ olan 2 milyon 588 min 468 nəfərdən 1 milyon 575 min 768 vətəndaş, yəni seçicilərin 60,93 faizi iştirak edib. Səsvermənin nəticələri aşağıdakı kimi olub: Ermənistanın hakim Respublikaçılar Partiyasına seçkidə iştirak edən seçicilərin 49,12 faiz (770 441 səs), "Tsarukyan" bloku - 27,32 faiz (428 836 səs), "Çıxış" bloku - 7,77 faiz (122 065), “Daşnaksütyun” Partiyası 6,57 faiz (103 048), "Erməni dirçəlişi" Partiyası - 3,71 faiz (58 265), "Ohanyan-Raffi-Oskanyan" bloku - 2,7 faiz (32 508), “Ermənistan Xalq Partiyası - Konqres” bloku - 1,65 faiz (25 950), Azad Demokratlar Partiyası - 0,94 faiz (14 739), Ermənistan Kommunist Partiyası - 0,75 faiz (11 741).

Qanunverici orqanda yer almaq üçün partiyalar 5, partiya blokları isə 7 faizlik həddi aşmalı idilər. Bununla da Ermənistan parlamentində Respublikaçılar Partiyası 58, “Tsarukyan” bloku 31, “”Çıxış” bloku 9, “Daşnaksütyun” isə 7 deputatla təmsil olunacaq. Yeni konstitusiyaya əsasən, parlament 105 deputatdan formalaşır.

Qeyd edək ki, yekun nəticələr açıqlandıqdan altı gün sonra parlamentdə sabit əksəriyyəti (yerlərin 54%-i) yaratmaq mümkün olmazsa, seçkilərdən sonrakı 28-ci gün ilk mərhələdə ən çox səs yığmış 2 partiya arasında ikinci turun səsverməsi keçiriləcək.

Rəsmi statistikasıya əsasən, parlament seçkisində ümumilikdə partiya və bloklar seçki kampaniyasına təxminən 1 milyon 782 min dollar xərcləyiblər. Hakim Respublikaçılar Partiyası prosesə 786 min dollar sərf etdiyini açıqlayıb. Başqa sözlə, seçkidə az qala xərclənən pulların yarısı hakim partiyanın payına düşür. Müxalif “Ohanyan-Ovanesyan-Oskanyan” bloku seçki kampaniyasına 183 min dollar, “Daşnaksütyun” Partiyası isə bundan 3 dəfə az – 62 min dollar xərclədiyini iddia edir.

Ancaq elə Ermənistan KİV-nin və xarici müşahidəçilərin məlumatlarında seçki kampaniyası müddətində seçicilərin pulla ələ alınması və onlara müxtəlif şirnikləndirici vədlərin verilməsi hallarının geniş yayıldığı vurğulanıb. Bu isə seçkiyə göstərilən rəsmi rəqəmlərdən daha çox maliyyə vəsaitinin xərclənməsi deməkdir. Bu, 2015-ci il oktyabrın 5-də ölkədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumdan sonra ilk parlament seçkiləri idi.

Konstitusiyaya edilən dəyişikliklərdən sonra prezidentin səlahiyyətləri parlamentə verilib və dövlət başçısını xalq yox, parlament seçəcək, prezidentlik müddəti isə 5 ildən 7 ilə qaldırılıb. Bundan başqa, prezident bir dəfədən artıq seçilə bilməz. Bu, həm də Ermənistanda parlamentin ölkənin idarə edilməsində rolunun artması deməkdir.

Əslində, Ermənistanda da keçmiş prezident Mixeil Saakaşvilidən sonrakı Gürcüstanın siyasi həyatındakı dəyişikliklərin oxşarı keçirilir. Başqa sözlə, Yerevan Tbilisini yamsılayır. Buna bir neçə örnək göstərmək mümkündür. Gürcüstanda Saakaşviliyə qarşı gürcü milyarderi Bidzina İvanişvili qoyuldu, yaxud çıxarıldı. Ermənistanda isə yeni qüvvə olaraq iki ay baş nazir olmuş “Qazprom-Armeniya”nın şefi Karen Karapetyan təqdim edildi. Ermənilər də gürcülər kimi parlamentin rolunu artırdılar. B.İvanişvili Rusiya ilə münasibətləri bərpa etməyə çalışır. Son illər Ermənistanda Rusiyanın azalan nüfuzunu bərpa etmək üçün Moskva müxtəlif vasitələrdən istifadə etməkdədir.

Yeri gəlmişkən, ötən ilin sonlarında Avrasiya İnkişaf Bankının (AİB) İnteqrasiya Araşdırmalar Mərkəzinin "AİB inteqrasiya barometri" adlı illik araşdırmasında bildirilib ki, 2016-cı ildə Ermənistanda əhali arasında Rusiyanı dost hesab edənlərin sayı 17 faiz azalaraq 69 faizə düşüb. Araşdırmada qeyd olunub ki, əvvəlki illərdə Ermənistanda bu göstərici çox yüksək olub. Məsələn, 2015-ci ildə bu göstərici 86 faiz, 2014-cü ildə isə 87 faiz təşkil edib. Sənəddə qeyd edilib ki, 2015-ci ildə Rusiya şirkətləri tərəfindən təchiz edilən elektrik enerjisi qiymətlərinin əhəmiyyətli dərəcədə artması bu məsələdə əsas rollardan birini oynayıb. Odur ki, Rusiya Ermənistanda yeni konstitusiyanın qəbul edilməsinə şərait yaradılması və bu ölkənin siyasi həyatındakı işlənmişləri seçki oyunu ilə sıradan çıxarıb, onları yeniləri və ya daha keçmişdən qalan daha sədaqətliləri ilə əvəzləyir. Heç şübhəsiz, Ermənistan Rusiya və diasporun hesabına mövcuddur. Bu baxımdan seçkidə diaspor və qərbyönlülər məğlub oldu.

"Ohanyan-Raffi-Oskanyan" bloku, “Ermənistan Xalq Partiyası - Konqres” bloku, "Azad demokratlar" Partiyası seçki baryerini keçə bilmədi. Bu o deməkdir ki, siyasi kampaniyada qərbyönlülər və diaspor təmsilçiləri məğlub oldu. Onu da qeyd etmək lazımdır ki, diaspor həm də "Daşnaksütyun"a istinad edir. Bu baxımdan onların ölkə siyasətində iştirakı təmin edilir. Gürcüstanda Saakaşvilinin müxalifəti əvvəlki parlament seçkiləri ilə müqayisədə demək olar sıradan çıxarılır. Bu baxımdan Ermənistanda da köhnələr seçkidə vuruldular və ya keçmiş prezident və nazirlər ölkənin siyasi səhnəsindən silinir. Üç keçmiş nazirdən ibarət "Ohanyan-Raffi-Oskanyan" bloku - 2,7 faiz (32 508) səs toplamaqla onlara olan münasibəti aşkarladı.

Ermənistanın iki keçmiş xarici işlər naziri - “İrs” Partiyasının lideri Raffi Ovannisyan və “Həmrəylik” Partiyasının sədri Vardan Oskanyan aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrindən sonra siyasətdən gediblər. Onların təşkilatlarının fəallarının keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılığı altında fəaliyyət göstərən təşkilata birləşəcəkləri ehtimal edilir.

Xatırladaq ki, hər iki siyasətçi həm də ABŞ vətəndaşıdırlar. Raffi Ovannisyan 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri işləyib. 2013-cü ildə isə Ermənistan prezidentliyinə namizədliyini irəli sürüb. Vardan Oskanyan isə 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub. Ehtimal etmək olar ki, bu, həm də Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın da siyasi karyerasının sona çatdığının göstəricisidir. Çünki o, da bu kimi blokları dəstəkləyirdi. Bir də Ter-Petrosyan Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi haqqında Moskva ilə razılaşdırılmayan çıxışlar edən kimi görünür. Odur ki, Ermənistan parlamentində daha çox iki qrupun qaldığı göz önündədir. Onlardan bir Respublikaçılar Partiyasıdır. Bura həm indiki prezidenti Serj Sarqsyan və baş nazir, milyarder Karen Karapetyan daxildir. Baş nazir Karen Karapetyan isə Respublikaçılar Partiyasından deputat olub. Qarşı tərəfdə isə milyarder sayılan Qaqik Tsarukyan durur. Onların hər ikisinin eyni mərkəzə - Moskvaya bağlı olduğu istisna edilmir. Başqa sözlə, Ermənistanda parlamentdəki perspektiv müxalifət və hökumətin daha çox rusiyayönlü olacağı ehtimalı istisna edilmir. Yəni Moskva Ermənistan parlamentindəki müxalifətdən və orada təsdiqlənəcək hökumətdən arxayın ola bilər.

Rusiyada milyarder olmuş Samvel Karapetyanın qardaşı Karen Karapetyan hakim, keçmiş baş nazir Ovik Abramyanın oğlu Arqam Abramyan isə “Tsarukyan” blokundan deputat olub. Deməli, Ermənistan parlamentində həm də milyarderlərin mübarizəsinin yarışının təşkil olunacağı gözlənilir.

Qeyd edək ki, Samvel Karapetyanbaş nazir Karen Karapetyanı dəstəklədiyini bir müddət əvvəl açıqlamışdı. Bu, iki milyarderin hər birinin 5 milyard dollar pulu olduğu bildirilir. Seçki ərəfəsində isə Qaqik Tsarukyan qalib gələcəkləri halda Ermənistan iqtisadiyyatına dostları ilə birlikdə 15 milyard dollar sərmayə qoyacaqlarına boyun olmuşdu. Başqa sözlə, Tsarukyan Karapetyanların 10 milyard dollarına qarşı 15 milyard dollar çıxaracağını vəd edirdi. Seçkidən sonra Ermənistanın baş naziri Karen Karapetyan “Qazprom-Armeniya”nın rəhbəri vəzifəsindən getdiyini və hökumətdə islahat aparmaq istədiyini bildirib. O, ölkə əhalisinin enerjidaşıyıcıları ilə təmin olunması istiqamətində səylərini artıracağına da boyun olub. Deməli, Ermənistanın gələcək hökumət başçısı vəzifəsində kimin və hansı siyasi gücün olacağının da ilk mesajı bu bəyanatlarla verilib. Deyəsən, Karen Karapetyan bu dəfə Ermənistana uzunmüddətli başçı gətirilib. O zaman parlamentdə 54 faizlik sabit deputat səsini əldə etmək üçün Respublikaçılar Partiyası (49,12 faiz) az səs toplayan "Çıxış" bloku (7,77 faiz), yaxud “Daşnaksütyun” Partiyası (6,57 faiz) ilə koalisiya qura bilər. Ermənistanın hazırki parlamentinin sədri Qalust Saakyan deyib ki, Samvel Karapetyanın qardaşı Karen Karapetyan yeni parlamentin sədri ola bilər. Seçkilərdən əvvəl Serj Sarqsyan Ermənistan hökumətində bir neçə nazir postunu daşnaklara həvalə etməklə perspektivdə onlarla işləyəcəyinə işarə etmişdi. Bu baxımdan ehtimal etmək olar ki, koalisiya hökuməti daşnaklarla qurulacaq. Beləliklə, Gürcüstan kimi Ermənistanın da taleyi milyarderlərə tapşırılır. İvanişvilinin miyarderliyə gedən yolunun Rusiyadan başladığına heç kim şübhə etmir. Başqa sözlə, o, Rusiyadakı fəaliyyətinin sayəsində milyarder olub. Karen Karapetyan, Samvel Karapetyan da Azərbaycanın şimal qonşusunun hesabına milyardlara yiyələniblər. İndi isə həmin milyardları şimalın siyasi-iqtisadi və geopolitik maraqlarının xeyrinə xərcləməyin vaxtıdır. Ona görə də Gürcüstan və Ermənistandakı dəyişikliklər bir-birinə bənzəyir. Odur ki, Ermənistanla Gürcüstanın taleyi milyarderlərə tapşırılır.

Report.az

20:27