Ermənistan Qərbin təzyiqi ilə ÜZ-ÜZƏ

 

ABŞ-ın Ermənistandakı səfirliyi aprelin 2-də keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.“Cümhuriyət” qəzeti xəbər verir ki, bəyanatda seçicilərin səslərinin pulla alınması və seçicilərə təzyiqlərin edilməsinə dair faktlar qeyd olunub. “Bu şübhələri aradan qaldırmaq üçün Ermənistan hökumətini, partiyaları və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi mexanizmlərin istifadəsi ilə birgə işləməyə çağırırıq”, - deyə səfirliyin yaydığı məlumatda bildirilib.

 

Sanksiyalar qaçılmazdır

 

ABŞ-dan əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Ermənistandakı seçkilərin nəticələrini qeyri-demokratik elan edib.Seçkilərdən bir müddət əvvəl isə ABŞ Dövlət Departamenti yaydığı bəyanatda prezident Serj Sarkisyanın hakimiyyətini qeyri-legitim adlandırmışdı.Seçkilərə az qalmış Avropa və ABŞ-dan Sarkisyan əleyhinə yönəlmiş açıqlamalar və bəyanatlar onu göstərirdi ki, proses saxtalaşdırılacağı halda Qərb öz iqtidarını qorumağa çalışan Sarkisyana təzyiq edə bilər. Seçkidən keçən bir neçə gün ərzində Ermənistan KİV-lərində yayılan məlumatlar və nəticələrin saxtalaşdırılmasına adekvat olaraq, İrəvanda partlamağa hazır olan ictimai-siyasi vəziyyət də Ermənistanın Qərbin təzyiqləri ilə üz-üzə qaldığını göstərir.Artıq Ermənistanın ictimai rəyində o fikir oturuşub ki, ABŞ və Avropa İttifaqından Sarkisyan hakimiyyətinə təzyiqlərin olacağı qaçılmazdır.Erməni mənbələr təzyiqlərin həm xaricdən, həm də daxildən olacağını ehtimal edirlər.İlkin ehtimallara görə Qərb Sarkisyanın başçılıq etdiyi hakim komandanın yüksək rütbəli siyasət adamlarına səfər qadağası qoya və xarici ölkələrdəki bank hesablarını dondura bilər.Həmçinin ABŞ-dan vaxtilə Azərbaycana tətbiq edilən və dövlət səviyyəsində hər cür yardımı qadağan edən “907-ci düzəliş” formasında sanksiyanın tətbiq edilməsi də gözləniləndir.Ermənistanı narahat edən əsas məsələ isə bir sıra Qərb dövlətlərindən aldığı silah və maliyyə yardımlarının dayandırılacağı gözləntisiylə bağlıdır.

İdarəolunan xaos

 

Sarkisyanı narahat edən əsas amillərdən biri də budur ki, Qərb daxili təzyiqlərə də əl ata bilər.Qərbin bunu öz maraqlarından çıxış edən bir sıra siyasi partiyalar vasitəsilə etməsi mümkündür.Nəticələrlə razılaşmayan radikal müxalifət təmsilçiləri və xaricdəki erməni diasporu artıq Sarkisyanı siyasi xaosla hədələyiblər.Müxalifətin yaydığı açıqlamalarda o fikirə diqqət kəsilib ki, əgər hakimiyyət nəticələri ləğv edib, seçkiləri yenidən keçirilməsini təşkil etməsə, bu, Sarkisyana baha başa gələcək.Belə bir vəziyyətdə Qərbdən olan siyasi dairələrin Sarkisyan əleyhinə yönəlmiş proseslərin mərkəzində yer almağa çalışacağı istisna edilmir.Nəzərə alsaq ki, seçkilərin saxta nəticələri Rusiyanın maraqlarına adekvatdır, bu baxımdan da Qərbin siyasi beyin mərkəzlərinin İrəvanı cənginə alacaq siyasi xaosda iştirak edəcəyi gözləniləndir.

Azərbaycanın qazancı nə ola bilər?

 

ABŞ və Aİ-nin Ermənistana qarşı sərtləşməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycanın məqsədlərinə uyğun olduğu şübhəsizdir. Belə bir vəziyyət Qərbin münaqişəyə münasibətinin lehinə dəyişməsi nöqteyi-nəzərindən Azərbaycana əlavə fürsətlər verir ki, masada öz yerini möhkəmlətsin. Nəzərə alsaq ki, seçkilərin Rusiyanın müdaxiləsi ilə saxtalaşdırıldığı ABŞ və Avropa KİV-lərində, o cümlədən, bir sıra siyasi dairələrdə müzakirə mövzularından biridir, bu zaman Qərbin Rusiya əleyhinə olan vasitələrə əl atacağı gözləniləndir. Məsələn, ABŞ və Aİ yaranmış situasiyanı Rusiyanın əleyhinə çevirmək və regionda güc balansını saxlamaq üçün Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın maraqlarını ifadə edən təklif, yaxud planlarla çıxış edə bilər. Minsk Qrupunun Amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl belə bir planın artıq hazır olduğunu dedi. Hoqlanddan bir neçə saat sonra isə dövlət katibi Reks Tillerson Ağ Evin münaqişənin tezliklə həll edilməsinə çalışdığını demişdi.Görünən budur ki, ABŞ prezidenti Donald Tramp Serj Sarkisyanın hələ seçkiqabağı kampaniyada əsas rəqibi Hillari Klintonu dəstəkləməsini və erməni diasporunun əleyhinə pul yatırmasını unutmayıb.Həmin vaxt Sarkisyanın göstərişi ilə erməni diasporu hər iki ehtimalı nəzərə alaraq həm Klintonun, həm də Trampın kampaniyasına maliyyə yardımı etmək niyyətində idi.Klinton bunu qəbul etsə də Tramp erməniləri yaxına buraxmadı.

“Xuntanı bir sıra məsələlərdən çəkindirməyə şərait yarana bilər”

Politoloq Əli Orucov bildirib ki, Qərbin Ermənistana yumşaq münasibət göstərməsi təəssüfləndiricidir. Ə.Orucov bir sıra hallarda isə Qərbin Ermənistanı himayə etdiyini də diqqətə çatdırıb: “İstərdik ki, heç olmasa, bundan sonra Ermənistana təzyiq edilsin. Ermənistan təkcə qeyri-demokratik yox, həm də terroru dəstəkləyən, separatizm və düşmənçiliyi dövlət siyasətinə gətirən ölkədir.Əgər Qərb bu sanksiyaları tətbiq etsə, yenidən hakimiyyətə gəlmiş hərbi xuntanı bir sıra məsələlərdən çəkindirməyə imkan yaranacaq.Cəzasızlıq şəraitində Ermənistan istədiyi addımı atır. Vaxtilə Ermənistan parlamenti gülləbaran edildi, bu da Ermənistanın iç üzünü göstərən amildir. Digər yandan bu seçkilər bu simanı tamamilə ifşa etdi.Seçki prosesi müxalifətə qarşı radikal addımlar atılmaqla yadda qaldı, nümayişçilər döyüldü, həbs edildi, işgəncələrə məruz qaldılar”.

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

19:20