Ermənistan nə qədər muzdlu toplasa da, Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyəcək

Qırx gündən artıqdır davam edən müharibədə xalımız, demək olar ki, hər gün qələbə müjdəli xəbərlər eşidir. Bu müddət ərzində 250–yə yaxın yaşayış məntəqəmiz, strateji əhəmiyyətli yüksəkliklər, 4 şəhər düşməndən azad edilib. Ermənistan ordusu hər gün xeyli sayda canlı və ağır texnika sarıdan itki verərək geri çəkilir. Artıq işğalçı ölkənin gəncləri cəbhə bölgəsinə getməkdən açıq şəkildə imtina edirlər. Ermənistan başladığı müharibədə bütün resurslarla bərabər, ordunun canlı qüvvəsini də əhəmiyyətli dərəcədə itirib və ciddi hərbçi qıtlığı ilə üzləşib. Ölkədə yaranmış kütləvi fərarilik və vətəndaş itaətsizliyi işğalçı ölkəni muzdlu döyüşçü toplamaq kimi beynəlxalq hüquq normalarına zidd vasitələrə əl atmağa vadar edib.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.

K.Seyidov deyib ki, beynəlxalq hüququn normalarına görə, xarici ölkə vətəndaşlarının başqa ölkələrdə muzd qarşılığında döyüşlərə cəlb olunması cinayətdir. Bu cinayətin ortaqları təkcə muzdlular və Ermənistan dövləti yox, həm də vətəndaşları muzdlu qismində döyüşən ölkələrin hüquq-mühafizə orqanlarıdır. Faktlar da təsdiqləyir ki, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi ilə yanaşı, hüquq-mühafizə orqanları da öz vətəndaşlarının cinayətkar əməllərinə görə məsuliyyət daşıyırlar. Bununla yanaşı, muzdlu döyüşçülərin vətəndaşı olduğu həmin ölkələrin də belə cinayətlərə göz yummasına, şüurlu şəkildə şərait yaradılmasına görə cinayət məsuliyyəti daşıyırlar. Bununla yanaşı, sosial şəbəkələr üzərindən dəvət çağırışları edən, ödəniş şərtlərini açıq yazan, əlaqə vasitələrini aydın şəkildə paylaşan diaspor nümayəndələri də beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlik edirlər.

Ermənistan ordusu nə qədər muzdlu toplasa da, müzəffər Azərbaycan Ordusu qarşısında davam gətirə bilmir. Artıq düşmən diz çökmək üzrədir. Bunu erməni hərbi ekspertləri də təsdiqləyirlər. 2016-cı ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edir. Bütün bunlardan sonra düşmən tərəfi hər hansı başıpozuq muzdlu dəstələrlə, terrorçu qruplarla və qanunsuz silahlı birləşmələrlə də Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək. Azərbaycan haqq savaşını tezliklə zəfərlə başa vuracaq və Ermənistan bu kimi qanunsuz əməllərinə, hərbi cinayətlərinə görə cavab verməli olacaq.

İşğalçı ölkənin qeyri–ciddi, faşizm ideologiyasına sədaqətini ört-basdır edə bilməyən baş nazir Nikol Paşinyan məğlubiyyətinin günahını guya Azərbaycan Ordusunda muzdluların olması ilə kompensasiya etmək istəyir. Ancaq bu gün dünya ictimaiyyətinə də bəllidir ki, muzdlu döyüşçülərə Azərbaycanın yox, Ermənistanın ehtiyacı var. Bunu faktlar da təsdiqləyir. Artıq hər kəsə bəllidir ki, Livan ermənilərinin bir qismi Ermənistana üz tutub və onlar Dağlıq Qarabağda qanunsuz şəkildə məskunlaşdırılıb. Onların arasında döyüşlərdə iştirak edənlərin sayı çoxdur. Məlumdur ki, erməni terrorçuları Livanda yuva salıb. Digər ölkələrdən gəlmiş muzdlular da Ermənistan ordusunun tərkibində Azərbaycan qarşı vuruşurlar. Bunu dünyanın aparıcı kütləvi informasiya vasitələri də təsdiqləyir.

Rusiyanın aparıcı nəşri olan “Kommersant” bu ölkədəki erməni diasporunun üzvlərindən muzdlu döyüşçülərə təlim keçmək üçün Ermənistana yollanan Vahan adlı şəxslə müsahibə dərc edib. “Reuters” Ermənistan Müdafiə Nazirliyi rəsmisinə istinadən qeyd edir ki, aktiv hərbi əməliyyatlar başlayandan indiyədək ABŞ-dan Argentinaya qədər onlarla xarici ölkədən diaspor xətti ilə yüzlərlə muzdlu Qarabağa gəlib. Fransanın “Liberation” qəzeti isə ASALA terror təşkilatının üzvü olan 64 yaşlı Fransa vətəndaşı Gilbert Minasyanın cinayətkar qruplaşmasını da özü ilə birgə Qarabağa aparması barədə yazı dərc edib.

27 ildən sonra müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı daha bir faktın üstü açıldı. Əldə edilmiş bir sıra sənədli materiallar araşdırılarkən , onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Həmin siyahıda adları olan əcnəbi vətəndaşların muzdlu döyüşçü kimi Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı vuruşduğu müəyyən olunmuşdur. O da bəlli olub ki, siyahıda adları qeyd olunmuş 19 ailədən ibarət olan 60 suriyalı erməni işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. Belə məskunlaşma beynəlxalq hüquq norma və prinsiplərinə tamamilə ziddir. Beyrutda baş verən partlayışdan sonra Azərbaycan da daxil olmaqla dünya ölkələri bu faciənin nəticələrinin aradan qaldırılması məqsədilə Livana humanitar yardım göstərib. Ancaq Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edərək terrorçuları Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırmaqla məşğul olub və onlardan muzdlu kimi istifadə edib. Göründüyü kimi, Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını bir daha nümayiş etdirdi.

Azərbaycan Ordusunun muzdlulara ehtiyacı yoxdur. Bu gün ölkəmizin 100 min hərbçisi olan nizami ordusu var. Dövlətimizin başçısı dünyanın aparıcı televiziya kanallarına və digər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də qəti şəkildə bildirdi ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağı altında olan ərazilərimizi öz gücü ilə azad etməyə qadirdir və bunu sona qədər davam etdirəcək.

Xudaferin.eu

10:57