Ermənilərin Xəzər sahillərində məskunlaşdırılması

Ermənilərin Xəzər sahillərində məskunlaşdırılması, Rusiyanın Qafqazda ələ keçirdiyi ərazilərin əldə saxlaması üçün ən yaxşı vasitə idi.

XX əsrin əvvəlində Rusiya İmperiyası Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı işğal etməyə başlayarkən ermənilərə böyük ümid bəsləyirdi. Bu seçim heç də təsadüfi deyildi.

Birinci növbədə, müsəlman Şərqinin xristian əhalisinin əhəmiyyətli hissəsini təşkil edən ermənilər, əsasən, Rusiya İmperiyasının Qafqaz uğrunda mübarizədə əsas rəqibləri olan İranın və xüsusən Osmanlı dövlətinin ərazisində yaşayırdı. İkincisi, ermənilər gələcəkdə bu rəqiblərlə Rusiyanın rəqabətində faydalı ola bilərdi, çünki onlar İran və Osmanlı dövlətlərinin daxilinə, onların bütün zəif və güclü cəhətlərinə bələd idi. Rusiya dövlət xadimləri hələ Şimali Azərbaycanın işğalından əvvəl bu şərq xristianlarını Qafqaza köçürmək fikrinə düşmüşdülər. Rusiya höküməti hələ rus çarı I Pyotrun vaxtından İrana və Türkiyəyə qarşı yönəlmiş geostrateji planlarında erməniləri özlərinin etibarlı dayağı hesab edirdilər. Rusiya İmperiyası hələ o vaxt Türkiyə və İranla sərhəddə ermənilərdən, assuriyalılardan və başqa xristian xalqlardan ibarət bufer yaratmaq siyasəti yeridirdi. İtalyan tədqiqatçısı Luici Villari yazırdı: ―Məkrli Romanov özünün Yaxın və Orta Şərq siyasətini həyata keçirmək üçün Türkiyə və İranda geniş məskunlaşmış erməni xalqını lazımi anda bu dövlətlərə qarşı istifadə edilə biləcək faydalı vasitə hesab edirdi”.

Buna görə də 1722-1723-cu illərdə Xəzər sahillərini işğal etmiş I Pyotr tezliklə erməniləri orada məskunlaşdırdı. Bu məqsədlə I Pyotr 1722-ci ildə Kartliyə (Gürcüstan) göndərilmiş podporüçik N. Tolstoya tapşırmışdı ki, orada Dərbənd və Şamaxı həndəvərinə köçüb getmək istəyən sakinlər olub-olmadığını öyrənsin. О belə hesab edirdi ki, ermənilərin Xəzər sahillərində məskunlaşdırılması Rusiyanın Qafqazda ələ keçirdiyi ərazilərin əldə saxlaması üçün ən yaxşı vasitədir.
Ermənilərin Xəzər sahillərində məskunlaşdırılması

1724-cu il sentyabrın 24-də İmperator İstanbula elçi göndərilmiş A. Rumyantsevə göstəriş vermişdi ki, erməniləri dilə tutaraq Хəzəryanı ərazilərə köçməyə razı salsın. Bu halda yerli sakinlər oradan köçürülməli, onların torpaqları isə ermənilərə verilməlidir. Həmin dövrdə dini məsələlər milli məsələlərdən daha artıq əhəmiyyət kəsb edirdi. Türkiyə və İran isə İmperiyaya düşmən dövlətlər sayılırdı. Bununla əlaqədar, bütün sonrakı çarlar da müsəlmanlara münasibətdə bu siyasəti fəal davam etdirmişdilər. Həmin siyasət sonralar – II Yekaterinanın və I Aleksandrın dövründə də davam etdirilmişdir. Məsələn, I Aleksandrın 21 dekabr 1802-ci il tarixli fərmanında “onun əcdadlarının erməni xalqına bəxş etdiyi bütün hüquqların və üstünlüklərin qüvvədə qalması təsdiq edilirdi” .

Ermənilərin Cənubi Qafqaz ərazisinə kütləvi şəkildə köçürülməsi siyasəti hələ çar I Nikolayın dövründə, Rusiya-İran (1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələri başa çatandan sonra həyata keçirilməyə başlanmışdı. Rusiya erməniləri Şimali Azərbaycana köçürməklə, onları burada yığcam kütlə kimi yerləşdirmək, ilk növbədə özü üçün etibarlı etnik-konfessional dayaq yaratmaq niyyətində idi. Bu plan yerli əhalinin – azərbaycanlıların və onların torpaqlarının hesabına həyata keçirilirdi. Ermənilər əsasən Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ərazisində, həmçinin Qarabağda yerləşdirilirdi.

Bu planın icraçıları Senatın 21 mart 1828-ci il tarixli “Ali Fərmanını” əsas tuturdu. Həmin sənəddə deyilirdi: “İran ilə 10 fevral 1828-ci ildə bağlanmış Traktata əsasən, Rusiyaya birləşdirilmiş İrəvan xanlığını və Naxçıvan xanlığını bundan sonra bütün işlərdə erməni vilayəti adlandırmağı əmr edirik”. Beləliklə, İmperiyanın müstəmləkəçilik siyasətinin əsas məsələsi – işğal edilmiş düşmən, yad məzhəbli, başqa dilə və başqa etnosa mənsub olan və hələ tanış olmayan ərazidə öz hakimiyyəti üçün dayaq yaratmaq məsələsi həll edilmiş olurdu. Başqa sözlə desək, ermənilərə Rusiya İmperiyasının yeni işğal etdiyi, “dinsizlərin”, indiki halda Azərbaycan türklərinin yaşadığı torpaqlarda Rusiya İmperiyasının müstəmləkəçilik siyasətinin “xristian vektoru”nun reallaşmasının iştirakçılarından biri kimi, ayrıca yer verilirdi.
Ermənilərin Xəzər sahillərində məskunlaşdırılması

Ermənilərin Şimali Azərbaycana köçürulməsi azərbaycanlıların doğma yurdlarından çıxarılması ilə müşayiət olunurdu. 1828-1830-cu illərdə, yəni faktiki olaraq, üç il ərzində İran və Osmanlı İmperiyalarından Şimali Azərbaycana köçürülmüş ermənilərin ümumi sayı təqribən 21.600 ailə və ya 119,5 min nəfər idi. Bu, ermənilərin planlaşdırılmış, kütləvi və məqsədyönlu şəkildə Cənubi Qafqaza, ilk növbədə və əsasən, Şimali Azərbaycana köçürülməsinin başlanğıcı idi. Ermənilərin köçürülməsi prosesi bütövlükdə XIX əsrdə və XX əsrin əvvəllərində Rusiyaya xidmət edən yüksək vəzifəli ermənilərin fəal iştirakı ilə Rusiyanın hərbi və mülki administrasiyası tərəfindən həyata keçirilmişdi.

Nəticədə Şimali Azərbaycanın əhalisinin tərkibində ermənilərin nisbi payı kəskin şəkildə artmışdı. Belə ki, XIX əsrin ilk 25 ilində ermənilər ölkə sakinlərinin 9,37%-ni təşkil etdiyi halda XX əsrin əvvəlində bu rəqəm 32,6%-ə çatmışdır. Təqribən 100 il ərzində, ilk növbədə ermənilərin mexaniki yerdəyişməsi nəticəsində Şimali Azərbaycanda onların sayı 24 dəfə artmış və 1916-cı ildə 1.211.145 nəfər olmuşdur (həmin ildə Şimali Azərbaycanın tarixi torpaqları olan İrəvan, Yelizavetpol və Bakı quberniyalarının ərazilərində yaşayan ermənilərin sayı bu rəqəmlə ifadə olunurdu. – Müəllif) .
Ermənilərin Xəzər sahillərində məskunlaşdırılması

Qafqazda yerləşdirilmiş ermənilərə yerli əhalinin hesabına fiskal və başqa güzəştlər, о cümlədən ən yaxşı torpaqlar verilirdi. Bu prosesin 100 il uza
nması isə

onun nəticəsi idi ki, erməniləri eyni ərazidə məskunlaşdırırdılar və onlan həm şaquli, həm də üfüqi yerli infrastruktura uyğunlaşdırmaq üçün müəyyən vaxt lazım idi. Bu halda nəzərə alınırdı ki, ermənilərin adaptasiyası yad məzhəbli müsəlmanlar və özgə dilli türklər mühitində baş verirdi. Gəlmələr təkcə konfessiyaya və dilə görə deyil, həmçinin mentalitetə və mənlik şüuruna, maddi və mənəvi mədəniyyətə görə də həmin mühit üçün yabancı, düşmən elementi sayılırdı.

Çar Rusiyası Osmanlı Türkiyəsinə gələcək müdaxiləsi üçün ermənilərdən bir istehkam kimi istifadə etməyə çalışır, eyni zamanda Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olduğu ərazi yaratmaq ideyasına qarşı açıq çıxış edirdi. Rusiya İmperator Sarayının nümayəndələri açıq deyirdilər: “Bizə ermənilər yox, Ermənistan (Türkiyə Ermənistanı. – Müəllif)”, yəni Osmanlı İmperiyasının erməni əhalisi deyil, bu imperiyanın bir hissəsi lazımdır.

Rusiya İmperiyasının xarici işlər naziri knyaz Lobanöv-Rostovski Rusiyanın ermənilər üçün muxtariyyət verilməsi ideyasından imtina etməsinin səbəbini belə izah edirdi: “Mən istəmirəm ki, Türkiyə Ermənistanı ikinci Bolqarıstana çevirsin və Rusiya erməniləri Türkiyənin protektoratı altında erməni muxtariyyətinin yaradacağı təsisatlardan bizə qarşı istifadə etsinlər”.

Rus qafqazşünası V. Veliçko da knyaz Lobanöv-Rostovskinin bu mövqeyini yüksək qiymətləndirərək yazırdı: “O, bizim diplomatiyanın ermənilərə münasibətdə qonşu İranda və xüsusən Türkiyədə bizə dost və faydalı element kimi əsassız baxışını birinci olaraq laxlatmış, lakin təəssuf ki, kökündən çıxarıb atmamışdır”.

Beləliklə, ermənilər Rusiya İmperiyasını yalnız böyük dövlətlərlə oyunda siyasi kart kimi maraqlandırırdı.

Eldar Əzizovun “Difai (XXəsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri)” kitabından Bakı, 2009)

Alıntı: Babək Cəfərov

Şəkil: Ermənilərin Azərbaycana köçürülməsi və İrəvan qalası

 

xudaferin.eu

20:58