Ermənilərin Qarabağda şübhəli fəallığı: Müharibə hər an başlaya bilər

 

Azərbaycana Avrasiya İttifaqı ilə bağlı təzyiq edilir

Azərbaycan ordusu mayın 16-də işğal altındakı ərazidə Ermənistan ordusuna məxsus “OSA” zenit-raket kompleksini məhv etdikdən sonra Ermənistanın ordu birlikləri Ağdam və Tərtərin cəbhə bölgəsinə yaxın yaşayış ərazilərini atəşə tutublar. “Cümhuriyət” qəzeti xəbər verir ki, zenit-raket kompleksinin məhv edilməsindən sonra Azərbaycanın mövqelərinə qarşı iriçaplı silahlardan atəş açan ermənilər hər gün atəşkəs rejimini orta hesabla 200 dəfədən çox pozurlar. Ermənilərin bütün həmlələrinə cavab verən Azərbaycan ordusu düşmənə ağır itkilər verib. Məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. Ermənilərin fəallaşmasında Rusiyanın təsirləri varmı? Azərbaycan ordusunda aşkar olunmuş casuslar Rusiyaya bağlıdırlar? Ekspertlər düşmənin hərbi birləşmələrinin son zamanlarda xüsusilə də Ermənistan - Azərbaycan sərədlərində fəallaşmasını təsadüfi hesab etmirlər. Fəallaşmanın arxasında son zamanlarda Azərbaycanın əleyhinə verdiyi qərarlarla münasibətləri gərginləşdirən Rusiyanın dayandığı ehtimal olunur. Kremlin tapşırığıyla Rusiyada fəaliyyət göstərən Azərbaycanın ən iri diaspor təşkilatı Ümumumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi də bu təzyiqlərin bir hissəsi idi. Cəbhə xəttində irimiqyaslı hərbi əməliyyatlara stimul verən fəallaşmanın da sifarişçisinin Rusiya olduğu bu baxımdan istisna deyil. Lakin ermənilərin bu dəfəki təxribatlarını fərqləndirən bir özəllik də var ki, bu da hadisələrin Ermənistan - Azərbaycan sərhədlərinə çəkilməsidir. Hesab olunur ki, Ermənistan tərəfi bununla Rusiyanın tapşırığı üzərindən Azərbaycanı öz ərazilərinə qarşı hərbi əməliyyatlara başlamağa təhrik edir. Belə bir hal baş versə, Rusiyanın bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqi olan Ermənistana hərbi müdaxilə kimi qiymətləndirə və Azərbaycana qarşı təşkilatın nizamnaməsi əsasında silahlı cavab verə bilər. Hesab olunur ki, Rusiya cəbhə xəttində vəziyyəti  gərginləşdirməklə Avrasiya İttifaqı ilə bağlı Azərbaycana öz şərtlərini diktə etmək üçün münbit zəmin hazırlamağa çalışır.

 

“Təxribatları Rusiya hazırlayıb”

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirib ki, cəbhə xəttində bütün dönəmlərdə baş verən gərginliklər Rusiya ilə bağlı olub. Ekspert qeyd edib ki, bugünkü gərginliyin arxasında da Rusiyanın pozucu fəaliyyəti var: “Ermənilər o ağılda deyillər ki, Azərbaycana güc nümayiş etdirsinlər. Baş verənlər təsadüfi də deyil. Çünki biz son zamanlarda Rusiyanın Azərbaycana qarşı aqressivləşməsini müşahidə edirik. Bir neçə aydır ki, düşmən ipə-sapa yatmır. Hər gün cəbhə xəttindən narahatedici xəbərlər alırıq. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən bu yana ən gərgin və narahat keçən ayları yaşayırıq. Xüsusilə, erməni silahlı birləşmələri Ermənistan - Azərbaycan sərhədlərində təxribatlara əl atmağa başlayıblar. Ermənilər bununla çalışırlar ki, Azərbaycan Ermənistan ərazilərinə hansısa formada müdaxilə etsin, eyni zamanda da işğal edilmiş ərazilərdə də düşmən sakitləşmək bilmir”.

Üzeyir Cəfərov casus məsələsini çox da şişirtməyin tərəfdarı olmadığını diqqətə çatdırıb: “Çünki casuslar həmişə olub və olacaq. İradəsi zəif olan insanlar Ermənistan, Azərbaycan və dünyanın istənilən ölkəsinin ordularında da var. Ukraynada baş verən son proseslərdə orduda yüzlərlə Rusiya casusu üzə çıxarıldı. Belə casuslar rus ordusunda da var. Münaqişə davam edənədək bu belə olacaq. Bundan faciə düzəltməyin tərəfdarı deyiləm. Amma Ermənistanın həyasızlığını da cavabsız qoymamalıyıq. Əgər bu gün Ermənistanın addımları lazımınca cavablandırılmasa, sabah başqa hərəkətlər edəcək. Sözsüz ki, ermənilərin bu təxribatlarının arxasında Rusiya dayanır. Ermənilər qorxaq və müti bir xalqdır. İndiyədək də sübut olunub ki, Ermənistan təkbaşına hərəkət etmir. Bu hərəkətlar onun havadarları tərəfindən həyata keçirilir. Füzuli və Xocavənd istiqamətində “lotuluq” etmək istədilər, amma Azərbaycan Silahlı Qüvvələri bunu lazımi şəkildə cavablandırdı. İndi də 60-120 mm-lik minaatanlardan istifadə etməyə başlayıblar. Azərbaycanın ermənilərə cavabı amansız və sərtdir. Panika və narahatlığa əsas yoxdur. Azərbaycan Silahlı Qüvvələri vəziyyətə nəzarət edir. Satqınlarla bağlı da istintaq davam edir, bundan narahat olmağa dəyməz”.

“Hərbi əməliyyatlar başlaya bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın son zamanlarda fəallaşmasını bir neçə amillə izah edib. Politoloqun sözlərinə görə, Ermənistan tərəfi bununla demək istəyib ki, istənilən hücuma qarşı əks-hücumla cavab verəcək: “Ancaq Ermənistanın əks-hücumları cəbhə bölgəsində problemlərin daha çox artmasına xidmət edir. Çünki, Azərbaycan ordusu da separatçıların əks-hücumlarını cavabsız qoymayacaq. Cəbhə bölgəsindəki gərginliyin artmasının bir neçə səbəbi var. İlk növbədə danışıqlarda irəliləyiş yoxdur. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən günlərdə Moskvada keçirilən görüşü də nəticəsiz qaldı. İkincisi, Ermənistan ordusu əvvəlki kimi Dağlıq Qarabağın ətrafında - işğal altındakı ərazilərdə hərbi təlimlər keçirir, hərbi istehkamlar qurur. Halbuki, rəsmi Bakı dəfələrlə Ermənistanı xəbərdar edib ki, Dağlıq Qarabağdan kənardakı hərbi istehkamlar vurulacaq. “OSA” zenit - raket kompleksinin vurulması da bu siyasətin tərkib hissəsidir. Üçüncüsü, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi yay aylarında döyüş əməliyyatlarının aparılması üçün münbit şəraitin yaranmasıyla bağlıdır. Dördüncüsü, vəziyyətin gərginləşməsinə Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi fəaliyyət də təsir edir. Ermənistan bir tərəfdən status-kvonu qorumağa çalışsa da vaxtilə azərbaycanlıların yaşadığı şəhər və qəsəbələrdə köçürülmə həyata keçirir, infrastruktur layihələri reallaşdırılır. Halbuki, bütün həll planlarına görə həmin şəhər və qəsəbələr azad olunmalı və həmin yerlərə azərbaycanlılar qayıtmalıdırlar”.

“Ermənilər qarşıdurmaya dini rəng verirlər”

 

Növbəti təxribatın da atəşkəsə xidmət etmədiyini deyən E.Şahinoğlu qeyd edib ki, erməni separatçıları Qarabağ ərazisində - işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar: “Həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görülsün. Separatçıların sözlərinə görə, həmin konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir. Erməni separatçılarının pula ehtiyacları olduğu halda bu cür bahalı konstuksiyanın tikintisinə bu qədər önəm vermələrinin bir sıra səbəbləri var. Birinci səbəb odur ki, separatçılar Dağlıq Qarabağı beynəlxalq aləmə xristian məskəni kimi tanıtdırmaq istəyirlər. İkinci səbəbi isə odur ki, nə zamansa həmin konstruksiya dəqiq raket zərbəsiylə dağıdılarsa, bunu beynəlxalq aləmə “vandalizm” kimi qələmə verməyə çalışacaqlar. Beləliklə, separatçılar bilərəkdən qarşıdurmaya dini rəng verirlər. Müsəlman torpaqlarda xristianlığın bu şəkildə zorla yayılmasını İslam dünyası da pis qarşılayacaq. Bütün bu addımlar cəbhə bölgəsindəki gərginliyin artmasına, 2016-cı il aprel hadisələrinin istənilən an təkrarlana biləcəyindən xəbər verir”.

Mənsur Rəğbətoğlu
Cebhe.info

 

10:27