Ermənilər Qarabağı boşaldır: Düşmən nədən narahatdır?

 

Məhəmməd Əsədullazadə: “Azərbaycan ordusunun hər an hücuma keçəcəyi xofu ilə yaşamaqdansa, bölgəni tərk etməyi seçirlər”

Üzeyir Cəfərov: “Düşmən çox narahatdır, hiss edirlər ki...”

2016-cı ildə “aprel müharibəsi” zamanı 2000 erməni Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini tərk edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt deyib. Birvitin sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistanın müxtəlif bölgələrinə yerləşib. O, əlavə edib ki, “aprel müharibəsi”ndə Qarabağı tərk edən 573 erməni (172 ailə) artıq geri qayıdıb.

 

Qarabağdan Ermənistana köç

Ermənistan KİV-ləri aprel əməliyyatlarından sonra Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlarını tərk edənlərin sayında artım var. Qarabağətrafı rayonların tamamilə boşaldıldığı da gələn məlumatlar arasındadır. Bildirilir ki, aprel döyüşlərindən əvvəl bölgədə ümumilikdə 30 minə yaxın erməni yaşayırdısa, hazırda bu rəqəmin 15-20 min arasında dəyişdiyi bildirilir. Üstəgəl, Suriya, Livan və digər ölkələrdən olan qaçqın ermənilər də Qarabağda yaşamaqdan imtina edirlər. Ərazilərin boşalmasının qarşısına keçə bilməyən Ermənistan rəhbərliyinin alternativ variantlara əl atdığı bildirilir. Vəziyyətin gərginləşdiyini görən siyasi rəhbərlik boşalan yerləri PKK terror təşkilatı və Suriyadan gətirdiyi silahlı kürd qruplaşmalarının üzvləri ilə doldurmağa çalışır.

Ermənistan KİV-ləri növbəti və daha iri miqyaslı hərbi əməliyyatlar zamanı köçün daha da geniş olacağını bildirirlər. Yayılan məlumatlara görə, artıq işğal ərazilərindəki ermənilər növbəti müharibəni gözləmək fikrində deyillər. Cəbhə xəttində vəziyyətin gərginləşdiyini görən ermənilər tədricən işğal ərazilərini boşaltmağa başlayıblar. Qarabağdan gedən ermənilər əsasən qonşu dövlətlərə - Rusiya, İran və Gürcüstana üz tururlar, bir sıra hallarda isə Ermənistanı seçirlər.

“Köç kütləvi hal alacaq”

Hərbçi-ekspert Üzeyir Cəfərov deyib ki, aprel döyüşlərindən sonra Qarabağ və digər işğal ərazilərindən gedən ermənilərin sayı artıb. Ekspert qeyd edib ki, ağır məğlubiyyətlə ordu və Ermənistan rəhbərliyinə inanmları azalan ermənilər növbəti müharibə xofu içində yaşamaq istəmirlər: “Aprel döyüşləri vaxtı Gürcüstan Dövlət Sərhəd Xidməti məlumat yaydı ki, Ermənistan vətəndaşları Gürcüstan vasitəsi ilə ölkələrini tərk edirlər. Ermənilərdə qorxu yaranmışdı ki, Ermənistan rəhbərliyi müharibə başlayan kimi onları ön xəttə yollayacaq. Həmçinin qoxurdular ki, heç kəs müharibədə onlara sahib çıxmayacaq. Həmin vaxt Qarabağ və digər işğal ərazilərindən də çoxlu sayda insan getdi. Ərazilərin əksər hissəsində bu gün də yaşayış yoxdur. Avropa Parlamenti Ermənistana 3 milyon avro ayırdı ki, Suriyadan gələn qaçqınların yaşayış şəraitlərinin yaxılaşdırılması üçün xərclənsin. Aydındır ki, Ermənistan hakimiyyəti bu pulları qaçqınlara verməyəcək”.  

Üzeyir Cəfərovun sözlərinə görə, ermənilər hiss edirlər ki, Azərbaycan son zamanlarda təzyiqləri bir qədər də artırıb: “Buna görə də cəbhə və sərhəd bölgələrində təxribatlara əl atmağa çalışırlar. Lakin bu təxribatları düşmənə baha başa gəlir, həlak olanlar var və bir nəfər də əsir götürülüb. Ermənilər böyük narahatlıq içindədirlər. Narahatlıq o həddədir ki, baş verənlərə görə Rusiyanı ittiham edənlərin sayı çoxalıb. İnanırlar ki, Rusiya onları pis vəziyyətə qoyub. Ermənistan KİV-ləri son zamanlarda əsasən belə mövzulardan yazırlar. Rusiyanın özü də çıxılmaz vəziyyətdədir ki, Azərbaycan tərəfi qətiyyət nümayiş etdirir. Əgər növbəti müharibə başlasa həm Ermənistanda, həm də işğal olunmuş Qarabağ və digər ərazilərdə yaşayan ermənilər bölgəni tərk etməyə başlayacaqlar. Son itkiləri və son hadisələr deməyə əsas verir ki, düşmən çox narahatdır. Mümkündür ki, yaxın zamanlarda Ermənistandan gedənlərin sayı kütləvi hal alsın”.

 

“Ermənilər əraziləri boşaldırlar”

 

“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ötən ilki aprel əməliyyatlarında Azərbaycan ordusunun qələbəsi nəticəsində işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilərin köçü müşahidə olunub. Politoloq qeyd edib ki, işğal bölgələrində yaşayan ermənilər əsasən Ermənistan ərazisində yerləşməyə üstünlük verdilər: “Həmin ərazilərdə yaşayanlar Ermənistan hakimiyyətinin yalan vədlərinin qurbanlarıdır. Əsasən maldarlıqla məşğul olan ermənilər son 20 il ərzində demək olar ki, nisbi atəşkəs rejimi altında yaşayırdılar. Qarabağ münaqişəsinin nizamlanması prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi vəziyyəti ötən ildən ciddi şəkildə dəyişdi. Ümid edilirdi ki, aprel əməliyyatlarından sonra İrəvan substantiv danışıqlara gədəcək. Amma görünən budur ki, Ermənistan tərəfdə belə bir istək yoxdur. Bu halda da Azərbaycan Ermənistana hərbi təzyiqləri artırmalıdır. Son iki ayda Ermənistan silahlı qüvvələrinə vurulan zərbələr nəticəsində işğal edilmiş ərazilərdə yaşayan ermənilər ciddi şəkildə narahat olublar və burada yaşayan ermənilərin köçü davam edir. Azərbaycan ərazilərini tədricən boşaldırlar. Ermənilər Azərbaycan ordusunun hər an hücuma keçəcəkləri xofu ilə yaşamaqdansa, bölgəni tərk etməyi seçirlər. Əvvəl təmas xətti yaxınlığında heyvandarlıq və əkinçiliklə məşğul olan sadə ermənilər artıq həmin əraziləri tərk ediblər. Əsgəran və Ağdərəcə demək olar ki, yaşayış yoxdur. Növbəti hərbi əməliyyatlar başlasa, ermənilər Xankəndini də boşaldacaqlar. Azərbaycanın artan təzyiqləri Ermənistanı sülhə məcbur edə bilər”.

Mənsur Rəğbətoğlu

 

09:39