Ermənilər dünya boyu yardım dilənməyə başlayıblar

Ekspert Azərbaycanın müharibənin iqtisadi yükünü çəkmək imkanlarından danışdı

Azərbaycan erməni quldurlarının təxribatlarına cavab olaraq öz ərazi bütövlüyünü bərpa etmək uğrunda böyük savaşa başlayıb. İki gündür davam edən döyüşlər Milli Ordumuzun böyük üstünlüyü ilə davam etməkdədir. Kəndlərimiz, yüksəkliklərimiz bir-birinin ardınca düşməndən təmizlənir.

İlk saatlarda itkilərini gizlətməyə çalışan Ermənistan artıq hərbçiləri arasında onlarla ölənin olduğun açıqlamağa başlayıb. Eyni zamanda bütün sosial şəbəkələrdə, Ermənistanın xarici ölkələrdəki səfirliklərində Dağlıq Qarabağda döyüşən hərbçilərə yardım kampaniyaları başladılıb. Dilənçiliyə öyrəşmiş ermənilər iki gündə itirdiklərinin yerini doldurmaq imkanında olmadıqlarını açıqca etiraf edərək, dünyadakı erməniləri orduya yardım etməyə çağırırlar.

Azərbaycan isə bütün cəbhə xətti boyunca ən müasir silah və texnikalardan istifadə etməklə düşmənin başına od ələyir. Heç bir səfirliyimizdə, sosial şəbəkələrdə orduya yardım kampaniyası təşkil olunmayıb. Yeganə olaraq Azərbaycan xalqının qəhrəman oğulları dövlətə müraciət edirlər: gedib döyüşmək üçün.

Dağlıq Qarabağdakı qondarma qurumun nümayəndələri Azərbaycan tərəfinin onları indiyədək heç vaxt olmadığı qədər sıx artilleriya atəşinə məruz qoymasından şikayətlənirlər.

Azərbaycanın iqtisadi imkanları müharibəni sona qədər davam etdirmək üçün yetərlidirmi? Müharibənin ölkə iqtisadiyyatına hansı mənfi təsirləri mümkündür?

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, istənilən halda müharibə iqtisadiyyatlar, investisiya imkanları, sosial rifah üçün arzuolunan hadisə deyil: “Lakin nəzərə almaq lazımdır ki, bu, Azərbaycanın haqq müharibəsidir, bu gün və yaxud sabah olmalıydı. Bu baxımdan, düşünmürəm ki, indiki halda yarana biləcək sosial-iqtisadi çətinliklər hansısa formada Azərbaycanda hansısa narazılıqlara gətirib çıxara bilər. Müharibənin ölkəyə nə qədər  zərər vurması onun davam edəcəyi müddətdən asılıdır. Düşünürəm ki, indiki strategiya qısamüddətli dövrdə nəticələrin əldə olunması və müharibənin dayandırılmasına hədəflənib. Nəzərə almaq lazımdır ki, indi 90-cı illər deyil, müharibənin 3-5 il davam etməsi də gözlənilən deyil. Böyük ehtimalla, bir neçə gün, ən uzağı yaxın bir neçə həftə ərzində Azərbaycan öz ərazilərini işğaldan azad edəcək. Beləliklə, sonrakı mərhələdə böyük ehtimalla, məsələ danışıqlar masası arxasında davam etdiriləcək. Buna görə də qısamüddətli dövrdə Azərbaycanın hər hansı böyük zərər çəkməsi proqnozlaşdırılmır”.

Ekspertin fikrincə, Azərbaycanda dövlət büdcəsinin strukturu, hərbi xərclərin həcmi hazırkı prosesləri idarə etmək imkanı yaradır: “Cari il üçün hərbi büdcəmiz onsuz da kifayət qədər yüksək həcmdə proqnozlaşdırılmışdı. Üstəlik, avqust ayında dövlət büdcəsində dəqiqləşdirmə aparılanda hərbi müdafiə xərclərində 450 milyon manatlıq artım edildi. Yəni bu o deməkdir ki, müharibəni uğurla davam etdirmək üçün yetərincə maliyyə imkanları mövcuddur. Bundan əlavə, bizim iri həcmdə strateji valyuta ehtiyatlarımız var. Ölkənin iqtisadiyyatına təhlükə yarandıqda ondan rahatlıqla istifadə edə bilərik. Ermənistandan fərqli olaraq, bizim özümüzün əlavə maliyyə imkanlarımız mövcuddur. Bu baxımdan, prosesi iqtisadiyyatda hər hansı fasilə yaranmadan, ciddi çətinliklərlə üzləşmədən davam etdirmək gücündəyik. Hökumət də yəqin ki, iqtisadiyyatın davam etməsi, biznesin fəaliyyət göstərməsi üçün zəruri addımları atacaq. Bununla belə,  Azərbaycan üçün müqəddəs prosesdə ölkəmiz hər hansı çətinliklə üzləşsə belə, əminəm ki, xalq da, biznes, bank sektoru da bütün imkanları ilə Azərbaycan dövlətinin yaranmış əlavə xərclərinin kompensasiyasında iştirak edəcək. Düşünürəm ki, indiki şəraitdə Azərbaycan bu müharibəni uğurla tamamlamağa, iqtisadiyyatını müharibənin yaradacağı risklərdən qorumağa hazırdır. Hətta proses qısamüddətli dövrdə tamamlanarsa, bu, iqtisadiyyatımız üçün əlavə fürsətlər yaradacaq. Bildiyiniz kimi, azad olunan ərazilərin bərpası üçün müxtəlif fondlar tərəfindən vəsaitlər ayrılıb. Bu fondlar Dağlıq Qarabağ ərazisində, ətrafdakı 7 rayonda təmir-bərpa işləri üçün vəsaitlər nəzərdə tutublar. Bu vəsaitlər də iqtisadi aktivliyi bərpa etməyə yetəcək. Proses qısamüddətli olarsa, həmçinin xarici investorlar üçün də təhlükə ehtimalı az olacaq”.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin dünya  bazarındakı qiyməti bu il də təkrarlansın

Azər Mehtiyev

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin sözlərinə görə, müharibə böyük xərc demək olsa da, torpaqlarımızın işğal altında qalması daha böyük itkilər deməkdir: “Bu torpaqların illərlə işğal altında qalması və onlardan istifadə oluna bilməməsi Azərbaycan üçün böyük itkilər deməkdir. Bu, mütləq şəkildə nəzərə alınmalıdır. Biz bu gün o torpaqların işğaldan azad olunmasından dəyən zərərlə onların işğalda qalmasının vurduğu zərəri müqayisə etsək, ikincinin dəfələrlə yüksək həcmdə olduğunu söyləyə bilərik. Bu baxımdan, o torpaqların geri alınması mütləq şərtdir”.

İqtisadçı-alim deyir ki, Azərbaycan kifayət qədər iqtisadi gücə sahibdir: “Ölkənin iqtisadi, maliyyə imkanları bu müharibəni aparmağa şərait yaradır. Heç bir zərərə baxmadan, Azərbaycan öz torpaqlarını azad etməlidir. Buna ölkənin indiki iqtisadi potensialı da imkan verir, üstəlik, Dövlət Neft Fondunun timsalında valyuta ehtiyatları da əlavə imkanlar yaradır. Bu gün əsas diqqət torpaqlarımızın işğaldan azad olunmasına yönəlməlidir, nəinki iqtisadi zərərlərə”.

xudaferin.eu

11:32