Ermənilər Abxaziyanı öz tarixi ərazisi olduğunu elan etdilər

Qondarma “Dağlıq Qarabağ rejimi” siyasətindən ruhlanan ermənilər, özəlliklə də “Krunk” (Birlik) təşkilatı bu dəfə separatçı rejim kimi tanınan Abxaziyaya qarşı ərazi iddiasına qalxıb.

“Kavkaz Plyus” online şəbəkəsinin yaydığı xəbərə görə, ermənilərin “Krunk” təşkilatı bu bölgədə “ermənilərə muxtariyyət statusu”nun verilməsi iddiası ilə çıxış edib. “Krunk” təşkilatının son açıqlamasında qeyd olunur ki: “Abxaziyanın dövlət müstəqilliyi yolunda ermənilərə məxsus “Marşal Baqramyan Ordusu”, “Erməni İntiqamçı Gənclər Birliyi” və “Krunk Hərbi Birləşməsi” birlikdə mücadilə aparıblar. Abxaziyanın Gürcüstan işğalından azad edilməsində bu üç erməni hərbi birləşməsi qan töküb. 23 ildir Abxaziya bağımsız bir ölkə olaraq öz mövcudluğunu saxlamaqdadır. Abxaziya ilə Dağlıq Qarabağ arasında 23 ildir diplomatik əlaqələr mövcuddur. Bu gün Abxaziyanı Türkiyə addım-addım işğal siyasətini aparır. Erməni xalqı Türkiyənin Güney Qafqazda, özəlliklə də Abxaziyada öz mənfəətlərinə görə güclənməsi, artan nüfuzuna biganə qala bilməz. Bizə bu istiqamətdə erməni apostol kilsəsi də dəstək verir. Abxaziyada Türkiyə tərəfindən idarə olunan “abxaz milliyyətçiliyi” ideyası burada yaşayan ermənilər üçün böyük təhlükə mənbəyidir. Elə buna görə də, Abxaziyada dərhal ermənilərə ayrıca muxtariyyat statusu verilməlidir. Bu gün Abxaziyada əzabkeş erməni xalqının hüquqları tanınmır. Hər ötən il ərzində bu ölkədə erməni xalqının sayı azalmaqdadır. Erməni xalqına ayrıca öz kilsəsini, məktəbini, teatrını, mədəniyyət mərkəzlərini açmağa imkan verilmir”.     
“Krunk” təşkilatı onu da bildirir ki, erməni xalqının Abxaziyanın müstəqilliyi uğrunda apardığı mübarizələr də unudulmamalıdır. Ancaq, Abxaziya hakimiyyəti bütün bunları görməməzlikdən gəlir. Buna görə də erməni xalqı öz hüquqları uğrunda yeni mübarizə meydanı yaratmalıdır. 
Qeyd edək ki, “Krunk” təşkilatı Abxaziyanın daxilində Tkvarçeli, Gülripş və Oçamçir rayonları daxil olmaqla ayrıca “erməni muxtariyyəti” tələbi ilə çıxış edir. Bu tələb əslində Abxaziyanın ərazilərinin yarısı deməkdir. “Erməni muxtariyyəti” tələbi ilə Abxaziya parlamentinin üzvləri olan L. Qalustyan və R. Yaylyan xüsusi bəyanatla çıxış ediblər.    

Xudaferin.eu
“Quzey Qafqaz Bürosu”

12:08