Erməni saxtakarlığı: “Dağlıq Qarabağ” adı dəyişir, işğal faktı dəyişmir

“Dağlıq Qarabağ” adı dəyişir, işğal faktı dəyişmirErmənistan növbəti tarixi saxtakarlığa imza atır. Politika.Az-ın yaydığı xəbərə görə, qondarma Dağlıq Qarabağ respublikasının adı yenilənir. Qurama referendumla “Artsax respublikası”adlanacaq işğaldakı ərazilərimiz ermənilərin xislətini bir daha ifadə edir. Bu, həm də ATƏT-in Minsk qrupu həmsədrlərini növbəti dəfə aldatmaq siyasətidir. Ancaq bu cəhd uğursuz alınacaq. Üstəgəl, “Dağlıq Qarabağ” adı dəyişir, işğal faktı ki dəyişmir?! Ermənistan bütün saxtakarlığa baxmayaraq, dünya birliyi onun torpaqlarımızı zəbt etdiyini təsdiqləyir. Hər halda yurd-yuvasından 1 milyon qaçqın düşən ermənilər yox, azərbaycanlılardır. Bu baxımdan “Artsax respublikası” yox, lap “Serj respublikası” adlansa belə, Azərbaycanın tarixi əraziləri olduğunu inkar edə bilməyəcəklər. Artıq bu məsələyə reaksiyalar var. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistandan konstruktiv və konkret addımların atılması gözlənilsə də, rəsmi Yerevan bu kimi təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər vurmaq siyasətini yürüdür: “Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı məhz bu ad altında ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir. “Konstitusiya dəyişikliyi” adı altında Ermənistanın növbəti oyunu bir daha onu göstərir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsi (anneksasiya) məqsədini güdür. Həmçinin, bu hal sübut edir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır”.

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib ki, ermənilər saxtalaşdırılmış məlumatlarla dünya gündəmini məşğul etməyi özlərinə vərdiş ediblər. Ombudsmanın bəyanatında vurğulanıb ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər.

Politika.Az

11:39