Erməni generalından hiyləgər etiraf: "Deyəsən, indi Ermənistan tək qalıb..."

"Rusiya pisdir, amma bizim başqa dostumuz yoxdur"

Bir neçə il də bu təlimlərin havasına çalıb – oynasaq, düşmən deyəcək ki, bu da bunların Türkiyəsi, gəldilər, getdilər...

Qarabağ “qəhrəmanı” kimi tanınan erməni general Ter-Tadevosyan mətbuata (nevs.am) açıqlama verib. Əvvəllər yüksək tonla danışan, lazım olarsa Qız qalasına qədər işğal edəcəklərini söyləyən bu qoca, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin reallaşması ərəfəsində dilini sürüyüb və danışıq tonunu da aşağı salıb. Təlimlərə qiymət verən general bildirib ki, “bu, Türkiyənin çox yaxşı düşünülmüş, mütəşəkkil bir sistem siyasətidir.

Biz Azərbaycanı məğlub etdik və sabah birgə hərbi təlimlər başlayır. Tavuşdakı son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərir. Biz Rusiyanı tənqid edirik, amma ən pisi odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz barədə danışmırıq. Rusiyanın həmişə bizim üçün müsbət rol oynadığını demirəm, amma bizim  başqa dostumuz yoxdur. Deyəsən, indi Ermənistan tək qalıb. İndi çox çətin bir dövrdür və Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər. Rəhbərliyimiz və ordumuz çox diqqətli və hər şeyə hazır olmalıdır. Bu dəfə Azərbaycanın Ermənistanla sərhədi seçməsi Rusiyanı, KTMT-ni, eləcə də Ermənistan Silahlı Qüvvələrini yoxlamaq məqsədi daşıyırdı". 

Onun sözlərinə görə, Bakının Metsamor AES - i vurmaq təhlükəsi ciddi deyil, çünki bu, Türkiyəyə mənfi təsir edəcək, əlavə olaraq beynəlxalq normalar da mövcuddur.

Gördüyünüz kimi, erməni güc görəndə geri çəkilir. İllərdir deyirik ki, “ilan ulduz görməsə ölməyəcək”, yəni erməni zəruri olan gücü görməsə normal danışıqlara gəlməyəcək. Bu hələ hərbi təlimin yaratdığı ovqatdır, əsl qalibiyyətli döyüşün yaratdığı effektin necə olacağını təsəvvür etmək çətin deyil. İndi yaranmış təşəbbüsü reallaşdırmaq üçün zamanı dəyərləndirmək və vaxt uzanmasına imkan verməmək lazımdır, çünki vaxt uzanıb heç nə əldə etməsək, bir neçə il də bu təlimlərin havasına çalıb – oynasaq, düşmən deyəcək ki, bu da bunların Türkiyəsi, gəldilər, getdilər. Bu şansı onlara verməmək üçün diplomatiya və hərb istiqamətində vaxt itirmədən hücuma keçmək lazımdır. Düşmənə fürsət versək, bütün hiyləgərliyini işə salıb bizi yubadacaq, sabah mürəkkəb proseslərin getdiyi bu dünyada hansı qlobal dəyişikliyin baş verəcəyi və bu dəyişikliyin bizim marağımıza uyğun olub-olmaması qeyri-müəyyən olacaq. 

Türkiyənin hərbi bazalarının daimi olaraq Azərbaycanda yerləşdirilməsi də bizim və Türkiyənin  Rusiya ilə danışıqlarında prioritet olmalıdır. Rusiya buna tez razılıq verəsi deyil, o zaman Qarabağın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi tezliklə sülh danışıqlarında hər iki tərəfin hücum taktikası olmalıdır. 
  
Türkiyənin  addım-addım Azərbaycanda hərbi qüvvələrini birgə təlimə cəlb edib, daha sonra daimi hərbi dislokasiyasının indi olmasa da, perspektivdə baş verməsi mümkündür və Azərbaycan da çəkinmədən bu vacib işdə qərarlı olmalıdır.

Tovuz müdafiəsindən sonra Türkiyə-Azərbaycan hərbi təlimləri millətə bir az öləziyən ruhunu qaldırmağa səbəb olub. Millətin ruhunu ayaqda saxlamaq üçün daxildə də mövcud olan gərginliyə son vermək çox vacib şərtlərdəndir. Xalq vətən məsələsində təmizdir, onun yaddaşında pisliklər qalmaz. Vətən naminə, Qarabağın azadlığı naminə gücümüzü bir etməliyik!

İlham İsmayıl

23:44