Erkin Qədirli: “Qarabağın müstəqilliyini bu gün tanımırlar, sabah tanımayacaqlarına zəmanət varmı?”

 

“ABŞ Dövlət Departamenti Gürcüstanın işğal olunmuş ərazilərində seçkilərin və referendumların keçirilməsinə dair bəyanat yayıb. Bəyanatda bu seçkilərin və referendumların legitim olmadığı, Gürcüstan hökumətinin razılığı olmadan keçirildiyi, Abxaziya və Cənubi Osetiya bölgələrinin Gürcüstanın ayrılmaz hissəsi olduğu vurğulanır. Doğru və gözəl yanaşmadır”.

 

Bu barədə REAL Hərəkatı Ali Məclisinin sədri Erkin Qədirli məlumat verib. E.Qədirli qeyd edib ki, department Dağlıq Qarabağ münaqişəsi barədə bundan fərqli yanaşma nümayiş etdirir: “Bizə gələndə, belə demirlər. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləmirlər. Sadəcə, Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlırını deyirlər. Axı bu onların ifadələrində yer alan anlayış qədər yetərli deyil. Bu gün tanımırlar, sabah tanımayacaqlarına zəmanət varmı? Bircə dəfə olsun tanımayacaqlarına dair öhdəlik götürdülərmi? Yox! Əksinə, Dağlıq Qarabağın gələcək statusuyla bağlı danışıqların önəmini vurğulayırlar. Hansı danışıqlar? Hər şey aydın deyilmi? Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu aydın ifadə etsinlər, sonra nə haqda istəsələr, oturaq danışaq. Status Azərbaycanın tərkibində olmalıdır, bunu isə Minsk Qrupunun həmsədrlərindən heç biri demir. Problemin kökü buradadır”.

Mənsur

Cebhe.info

 

06:34