ERGENEKON BAYRAM-nız qutlu olsun!!!

Dəyərli soydaşlarımız, bu gün ana təbiətin oyanışı günüdür. Qış yuxusuna getmiş otlar, çiçəklər, ağaclar, təbiətin bütün canlı varlıqları yenidən oyanaraq dupduru sevgiləri ilə dünyaya bülənd olurlar. Təbiətin və dünyanın gülzara çevrilməsini ulusumuz hər zaman ən yüksək səviyyədə dəyərləndirmişdir. Bu böyük Elat Kültürünün qarşısında vəcdə gəlməklə onu yaşam qaydalarımızın ayrılmaz parçası kimi dəyərləndirmişik.
Əcdadlarımız bu qutsal (müqəddəs) günü Ergenekon Bayramı olaraq tanımışdır. Yəni qaranlıqlardan aydınlığa çıxmaqla bu gözəl dünyanı bir daha könül candan sevməyi öyrənmişik.
Zamanla Ergenekon Bayramı Türk Dünyasının gələnəksəl dəyəri kimi deyil, həm də bizimlə birgə yaşam qaydaları ilə iç-içə bulunan bütün toplumlar da qəbul etmişlər. Buna görə də, ortaq uzlaşım adına onun adı Novruz Bayramı kimi qəbul edilmişdir. Bu qutsal bayramın heç bir dinlə, ideologiya, hansısa ulusun başqa bir ulusun üzərində mədəni, ictimai, sosial baxımdan egemenliyini əlindən almaq kimi başa düşülməməlidir. Bu dünya insanlığının ana təbiət qarşısında olan şükranlıq bayramı deməkdir. Ana təbiət oyanır, dünyanın enerjisindən faydalanaraq insanlıq onun harmoniyasında bütünləşir. Ona görə də, Novruz Bayramı qutsaldır. Əcdadlarımız Novruz bayramının gəlişini səməni ilə qarşılamışdır. Ana təbiətin insanlığa vermiş olduğu enerjinin müxtəlif qaynaqlarını süfrələrimizə düzmüşlər. Bir sözlə ana təbiətin rituallarına sadiq olduqlarını göstərmişlər.
Novruz Bayramı dünyada barışın simvoluna çevrilmişdir. Dünyanın heç bir toplumunda bunca uca dəyər yoxdur. Küsülülər elə buna görə keçmişdəki bütün anlaşılmazlıqları bir kənara buraxaıb barışmışlar. Beləliklə də yazın gəlişini dilək tutaraq sevinclərinə sevinc qatmışlar.
Bu gün dünyanın yarısı Novruz Bayramı qutlamalarına ana təbiətin oyanışının böyük zəfəri kimi baxdıqları üçün onu sevinclə qarşılayırlar. İl boyu süfrələrin bol-bərəkətli olmasını Uca Tanrıdan və Ana Təbiətdən təmənna edirlər. Bu uca dəyərlərə alqışlar oxunur. Bizlər Yaz Türküləri (nəğmələri) söyləyərək halaylar çəkirik. Çünki ana təbiətin ayrılmaz bir parçası kimi ona borcluyuq.
Azərbaycanın bir dövlət olaraq bağımsızlığına qovuşmasında Novruz Bayramına ulusal dəyər kimi yanaşmanın dərin təsiri olmuşdur. Bunu kimsə dana bilməz. Ən böyük diləyimiz bu Novruz Bayramında hamımız üçün qutsal olaran QARABAĞ-ımızdır. Gəlin birlikdə bütün alqışlarımızı onun üçün edək. QARABAĞ-ımıza sahib çıxmağımız Böyük Azərbaycan hədəfi deməkdir. Əgər hər bir Azərbaycan Türkü bu anlamı dəyərləndirərək bu qutsal Novruz Bayramı günündə alqışlarla süsləyərsə, Qarabağ hədəfmizə gedilən yol da asan olacaqdır. Ən böyük diləyimiz gələn ilin Novruz Bayramını hamılıqla Qarabağda qarşılamağımız olsun.
Dəyərli soydaşlarım, hamınızın Ergenekon— Novruz Bayramını bir daha qutlayıram. Hər birinizə başarılar diləyirəm. Bu qutsal gündə Dövlət və Millət olmanının şərəfinə birlikdə dualar edək. Evlərinizdən sevinc əskik olmasın. Üzünüz daim gülər olsun. Gözlərinizdə yazın pırıltısı həyatınızın mənasına çevrilsin.

Sayğılarımla: Elman Mustafazadə,
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, 
Xudafərin dərgisinin baş redaktoru.

17:54