Emmanuel Makron Avropa İttifaqını “Frexit”lə hədələyir

 

 

Fransa prezidenti postuna namizəd “İrəli” hərəkatının lideri, mərkəzçi Emmanuel Makron Brüsselin islahatlara getməyəcəyi təqdirdə “Frexit” (Fransanın Aİ-nin tərkibindən çıxması) perspektivi ilə qarşılaşa biləcəyini deyib.

Siyasətçi bütün seçki kampaniyası ərzində daim Avropa ideyası və siyasətini dəstəklədiyini bildirib. “Biz eyni zamanda vəziyyətə baxmalı, insanlarımıza qulaq asmalıyıq. Avropa İttifaqının pozulmuş funksionallığı artıq işə yaramır”, -deyə Makron qeyd edib. “İrəli” hərəkatının banisi bu səbəbdən Aİ-nin eyni şəkildə fəaliyyət göstərməsinə imkan verilməsini “xəyanət” hesab edir: “Mən belə etmək istəmirəm, çünki növbəti gün biz ya “Frexit”, ya da “Milli cəbhə” (Marin Le Penin partiyası) ilə üzləşə bilərik.

Xatırladaq ki, Fransada 11 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu aprelin 23-də keçirilib. Konstitusiya Şurasının təsdiqlədiyi məlumata əsasın, Emmanuel Makron 24,01 faiz səs toplayaraq birinci yeri tutub. Onunla yanaşı, Marin Le Pen də 21,30 faiz səslə ikinci tura keçməyə müvəffəq olub. Yekun nəticəsi 20,01 faiz olan Fransua Fiyon üçüncü, 19,58 faiz səs toplayan Melanşon isə dördüncü yerdə qərarlaşıb. Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

Xudaferin.eu
“Avropa Bürosu”

17:51