Elvin Abdullazadə: Ağıllı olmağı tövsiyə etdilər

 

Ona Facebook statusu ilə bağlı şifahi xəbərdarlıq verilib
 

Keçmiş "vicdan məhbusu", gənc fəal Elvin Abdullayev mayın 15-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq şifahi xəbərdarlıq edilib. Bu barədə Amerikanın Səsinə müsahibəsində Abdullayevin özü bildirib.

"Məni konkret nəyə görə çağırdıqlarını demədilər. Ancaq mən belə başa düşdüm ki, mayın 10-da Facebook-da yazdığım statusla bağlıdır. Mənə şifahi xəbərdarlıq etdilər və "ağıllı" olmağı məsləhət gördülər", -E.Abdullayev vurğulayıb.

Fəalın mayın 10-da yazdığı statusa gəlincə, o yazıb ki, bu gün Azərbaycan tarixinə Heydər Əliyevin doğum günü kimi yox, Bayram Məmmədov və Qiyas İbrahimovun qəhrəmanlığı və həbs günü kimi düşdü. Bu gənclər Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra 10 il azadlıqdan məhrum ediliblər.

"Biz hamımız Qiyas və Bayram kimi olmalıyıq. Biz rejimin köləsi olmamalıyıq. Rejim önündə baş əyməməli, müti olmamalıyıq", E.Abdullayev yazıb. E.Abdullayev 2015- ci lin yanvarında həbs olunub və narkotik maddə dövriyyəsində təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin martında əfv edilib. O, həbs olunanda Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. Həbsdən sonra isə Müsavat Partiyasının üzvüdür.
P.S. Anlaşılmayan məqam vətəndaşların Ana Yasa qanunlarına görə öz fikir və düşüncələrini sərbəst şəkildə bildirmək, hətta sosial şəbəkələrdə paylaşmaq hüququ olduğu halda, hüquq-mühafizə orqanlarının nədən və nəyə görə vətəndaşlara təzyiq etməsi bəlli deyil. Vətəndaşı polis və prokurorluq orqanına “söhbət”ə dəvət etməklə hakimiyyət rəsmiləri bir daha sübut edirlər ki, hüquq-mühafizə orqanları kifayət qədər siyasiləşiblər. Halbuki, qanunla onların siyasi proseslərə müdaxilə etmək hüquqları yoxdur. 

Amerikaninsesi.org

10:08