“Elmin inkişafı” adı ilə silinən milyonlar

Rəşid Mahmudov: “Ortalıqda heç bir elmi ixtira yoxdur”

Bu gün elmin inkişafı üçün müxtəlif qrant layihələr hazırlanır, lazım olduğundan daha artıq maddi vəsait ayrılır. Nəticə isə yoxdur. Azərbaycan son 10 ildə dünya elmini silkələyəcək hər hansı bir qeyri-adi ixtiraya imza ata bilməyib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb. 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinə daxil olmuş 133 layihə sırasından ümumi maliyyələşdirilmə həcmi 9.870.000 manat olmaqla 56 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub.

Tibb elmləri namizədi Rəşid Mahmudovun sözlərinə görə, Azərbaycan elminin əsas problemi qlobal ixtiralara imza ata bilməməsidir: “Elmin inkişafına 9 milyon manatdan da artıq vəsait ayrılıb. Bu pullar hər hansı bir elmi araşdırma üçün sərf edilir. Bizdə alimlər hər hansı bir elmi müzakirənin müəyyən komponentini araşdırır. Lakin ehtiyac var ki, qlobal bir məsələ araşdırılsın, daha böyük ixtiraya imza atılsın”.
R.Mahmudovun sözlərinə görə, Azərbaycanda da dünyada öz adını tanıtmaq üçün gərək ki, daha qlobal ixtiralara imza atsın: “Bu həqiqətdir ki, ortalıqda heç bir elmi ixtira yoxdur. Daha qlobal məsələlər ətrafında araşdırmalar aparılmalıdır. Məsələn araşdırılmalıdır ki, niyə dünyada yaşayan əhalinin 2 milyardında yod çatışmır. Bu səbəbdən yod çatışmazlığı olan şəxslərdə yaddaş zəifliyi var. Bunun üçün alimlər suyun yodlaşdırılması istiqamətində araşdırmalar aparmalıdır. Bu istiqamətdə əsaslı işlər görülərsə alimlərimiz 30-40 ildə çox böyük kəşflərə imza atacaq”.

Nigar Məhərrəm
(Cebhe.info)

08:54