Elman Rüstəmovun dostu “Bank Mamed” 10 milyardı geri qaytaracaqmı?

“Əlinizi Beynəlxalq Bankın problemli kreditlərindən üzün. Azərbaycanda iri kreditlərə görə cəzalandırmırlar”. Bu barədə iqtisadçı ekspert Əkrəm Həsənov belə deyib. Onun sözlərinə görə, Beynəlxalq Bank 10 mlrd. manata yaxın problemli kreditlərini “Aqrarkredit”ə ötürməsi barədə məlumatlar var: “Böyük ehtimalla bu vəsaitlərin əksəriyyəti qayıtmayacaq. Yalnız ona görə yox ki, borclu oliqarxların pulu yoxdur. Həmçinin ona görə ki, “Aqrarkredit” XX əsrin ortalarında ilişib qalmış arxaik bir qurumdur (ora bir baş çəkin, maraqlıdır: qədimdə bank işinin aparılması metodlarını əyani görəcəksiz!). Onun rəhbəri Məmməd Musayev (“Bank Mamed”) dostu Elman Rüstəmovdan fərqli olaraq hər hansı bir məntiqi ortaya qoya bilmir. Sadəcə başını aşağı salıb guya hansısa fəaliyyətlə məşğuldur. “Aqrarkredit” özü nədir ki, ölkənin əsas problemlərindən biri olan Beynəlxalq Bankın kreditlərini qaytarsın? “Aqrarkredit”in necə yaranması haqda qısa məlumat verim ki, kimliyi bəlli olsun. 2000-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye, Səhmdar İnvestisiya və Əmanət Bankları ləğv edilmişdi. Onların bazasında indiki Kapital Bank və “Aqrarkredit2 yaradılmışdı. Bu zaman Kapital Bank ləğv edilən 3 bankın “sağlam aktiv və öhdəliklərinin birləşməsi hesabına”, “Aqrarkredit” isə “problemli borclarının və öhdəliklərinin” bazasında yaradılmışdı. Arnold Şvarseneqqer və Denni De Vitonun baş rolları ifa etdikləri məşhur “Əkizlər” filmi yadınızdadır? Orada Şvarseneqqerin qəhrəmanına atalarından ən yaxşı genlər, De Vitonun qəhrəmanına isə tullantılar nəsib olmuşdu. Eyni ilə Kapital Banka da 3 bankın sağlam əmlakı, Aqrarkreditə isə zir-zibil çatmışdı. Bu mənada Aqrarkredit zibillikdən yaranmış qurumdur. Bir var kişiqırığı, bu da bankqırığıdır”. Hüquqşünasın dediyinə görə, Nazirlər Kabinetinin sözügedən qərarı çox savadsız tərtib olunmuşdu: “Ləğv edilən 3 bankın səhmdarları Kapital Bankda və “Aqrarkredit”də öz paylarını tələb edirdilər. Həmin səhmdarlar sırasında hətta SOCAR-ın da qurumu var idi və həmin qurum şikayət edərək Konstitusiya Məhkəməsinədək çatmışdı. Lakin Konstitusiya Məhkəməsi bu hüquqi dərəbəyliyə 14 dekabr 2006-cı il tarixli növbəti qanunsuz qərarı ilə yekun vurmuşdu. Həmin qərarda Beynəlxalq Bankın Hüquq Departamentinin nümayəndəsinin də cəfəng və gülməli, qərara haqq qazandıran rəyi var. Düz 10 ildən sonra isə Beynəlxaq Bankın özü də zir-zibilini yaranmasına haqq qazandırdığı “Aqrarkredit”in üzərinə atır. Siz “Əkizlər” filminin hansı qəhrəmanı olmaq istərdiniz? Yəqin ki, Şvarseneqqerin ifa etdiyi qəhrəmanı. Azərbaycan məmurlarının və bankirlərinin çoxu De Vitonun qəhrəmanı olmağa üstünlük verərdi. Təsəvvür edin ki, dövlət banklarının problemli borcları bazasında qurum yaradılır, sizi də ora rəhbər təyin edib deyirlər ki, bacardığın qədər qaytar bu borcları. Sonra sizinlə heç kəs maraqlanmır, maraqlananları da maraqlandırmağın yollarını yaxşı bilirsiz. Odur ki, başınızı aşağı salıb işləyirsiz, kreditləri guya qaytara bilmirsiz, amma paralel varidatınız artır, başqa bir bank və digər bizneslərə də sahib olursuz. 15 ildən sonra isə daha iri dövlət bankının da zir-zibilini sizə (təcrübəli peşəkar kimi) həvalə edirlər. Bundan yaxşı daha nə ola bilər axı? Tullantıdan yaranmışdan kim nə tələb edəcək ki? İndiyə kimi tələb edən olub ki?”

Alçina Amilqızı
(Cebhe.info)

13:49