Elçin Şıxlı: “Turan” jurnalistika standartlarından heç vaxt qırağa çıxmayıb”

 

“Yüz faiz sifarişdir”
 

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələrinin “Turan” İnformasiya Agentliyində axtarışı, onun ardınca dünən agentliyinin rəhbəri Mehman Əliyevin həbs olunması xəbəri ölkə mətuatınını gündəmində olan başlıca mövzulardandır. Vergilər Nazirliyinin agentliyi 37 min manat vergini ödəməməkdə suçlamasını ölkə ictimaiyyəti demək olar ki, qəbul etmir, məsələnin sifarişli olduğu qeyd olunur.

“27 il ərzində Mehman Əliyevin vergi ödəməklə bağlı heç bir problemi olmayıb”

Mehman Əliyev şəxsiyyətini illərdir tanıyan yazıçı-publisist Elçin Şıxlı Hurriyyet.org-a bildirdi ki, Mehman 27 ildir işləyir və 27 il ərzində onun vergi ödəməklə bağlı heç bir problemi olmayıb, deməli, bu gün də olmamalıdır: “Təbii ki, “Turan” Agentlyi və Mehmanla bağlı qərar sifarişdir. Ancaq siyasi, yoxsa qeyri-siyasi olduğunu deyə bilmərəm. Amma yüz faiz sifarişdir”.

E.Şıxlı düşünmür ki, “Turan” hakimiyyətə problem yaradıb: “Çünki “Turan” qəzet deyil. Hər halda “Turan” sözün doğrusunu deyəndir. “Turan” Mehmanın simasında həmişə prinsipial mövqe nümayiş etdirib və öz prinsipiallığından və jurnalistika standartlarından heç vaxt qırağa çıxmayıb. Problem də elə bundadır”.

“Agentliyin işi öz bülletenlərini satmaqdır”
 

Elçin Şıxlı nəzərə çatdırdı ki, həmişə “Turan”ın bülletenlərini xarici diplomatik missiyalar, ölkəmizdə işləyən xarici şirkətlər alıb: “Yəni bu yeni bir şey deyil. Ona görə, burada nəsə təzə bir şey axtarmağa dəyməz. “Turan” sadəcə olaraq öz analitik yazılarını onlara pulla satıb. Bu da normal bir şeydir. Agentliyin işi öz bülletenlərini satmaqdır”.

“Ruspərəst məmurlar bizdəki müstəqil düşünmək istəyən müstəqil medianı məhv etdilər”

E.Şıxlı vurğuladı ki, ölkəmizdə müstəqil mediaya qarşı oyun çoxdan aparılır: “Ruspərəst məmurlar bizdəki müstəqil düşünmək istəyən müstəqil medianı məhv etdilər. “Turan” da axırıncı ünsürdür. Yəni bu yeni siyasət deyil, köhnə siyasətdir”,

“Prezidentə məlumat düzgün çatdırılsa, O, düzgün qərar verər”

“Mən qəti əminəm ki, Mehman Əliyevin həbsi Azərbaycan olaraq bizə də, Azərbaycan hökumətinə də lazım deyil. Sadəcə olaraq bunu hansısa burnundan uzağı görməyən adamlar edir. Xüsusən də mən Rauf Mirqədirovun və Xədicə İsmayılın həbsdən azadlığa buraxılmasından sonra buna bənzər işlərin bir daha təkrarlanmayacağına inanırdım, amma görünür, öz mənafeyini dövlətin, millətin mənafeyindən üstün tutan məmurlar var.

Prezidentə məlumat düzgün çatdırılsa, mənə elə gəlir ki, O, düzgün qərar verər”, - deyə yazıçı-publisist əlavə etdi.

Hurriyyet.org

 

12:58