Ekspert: 'Qiymət endirməyin yolları...'

 

«Ölkədə qiymətlərin qalxmasının obyektiv səbəbləri var. Bundan əlavə isə «yerli xüsusiyyət» kimi subyektiv səbəb də mövcuddur».

İqtisadçı - ekspert Natiq Cəfərli Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını AzadlıqRadiosuna dəyərləndirərkən belə deyib. Ekspertə görə, bütün sivil dünyada bayram öncəsi qiymət endirimi baş verir. Azərbaycanda isə əksinə, qiymətləri qaldırırlar: «Odur ki, bu bahalığın dolların məzənnəsi ilə bir elə əlaqəsi yoxdur. Bu, inhisarçıların bazara öz qiymətini diktə etməsi deməkdir».

N.Cəfərliyə görə, digər tərəfdən isə qış fəslindən sonra ölkə bazarlarında yeri məhsul azalır. İstehsal edilmiş məhsulu saxlamaqdan ötrü kifayət qədər anbarlar yaradılmayıb.

İqtisadçının fikrincə, idxal malları bazarda üstünlük təşkil edir və ona görə də qiymət artımı baş verir.
N.Cəfərli deyir ki, qiymətlərin endirilməsi yolları vardır və bundan hakimiyyət də istifadə etməyi bacarmalıdır: «Qiymət endirməyin yollarından biri rəqabətə dözümlü iqtisadi mühitin yaradılmasıdır. Bundan ötrü sahibkarların fəaliyyətinə maneələr aradan qaldırılmalıdır. Digər bir yol isə mövsümlə bağlı idxal mallarına tətbiq edilən gömrük və vergi rüsumlarının götürülməsidir. Bu zaman qiymətlərin aşağı düşməsi mümkün ola bilər».

Azadliq.org

11:33