"Dəyişiklik üçün sadəcə inam və insan resursu lazımdır"

Emin Aslan vətəndaş cəmiyyətinin durumu haqda Amerikanın Səsinə danışır

Emin Aslan müstəqil vəkil kimi fəaliyyət göstərməklə yanaşı, həm də bir sıra mədəniyyət portallarında yayınlanmış yazı və tərcümələri ilə tanınır. “Amerikanın Səsi” radiosuna  müsahibəsində Emin Aslan Azərbaycandakı vətəndaş cəmiyyətinin mövcud durumu ilə bağlı fikirlərini bölüşüb.

Amerikanın Səsi: Hazırda Gürcüstan Azərbaycanın bir sıra qeyri-hökümət təşkilatlarının fəaliyyət mərkəzinə çevrilib. Bir çoxları bunu ictimai təşkilatlarla bağlı qanunvercilikdəki dəyişiklərlə və repressiyalarla əlaqələndirir. Bu kütləvi köçün səbəbləri haqqında sizin müşahidələriniz nələrdir?

Emin Aslan: Azərbaycan höküməti həm qanunvericilik, həm də real olaraq ictimai təşkilatların fəaliyyət sahəsini, imkanlarını, hüquqlarını kəskin məhdudlaşdırıb. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti dövrünün ən ağır günlərini yaşamaqdadır. Əgər qanunvericlik səviyyəsində bu məhdudlaşdırmalar uzun müddət idi gedirdisə, real repressiya siyasəti qəfil və qısa müddətli aparıldı. Düşünürəm ki, əgər bu siyasət davam edəcəksə və inanmıram ki, buna son qoysunlar, o zaman vətəndaş cəmiyyəti də ölkə daxilində yox, onun xaricində daha çox toplaşmağa və toparlanmağa başlayacaq. 
Ən pisi isə budur ki, oxşar proseslər yalnız Azərbaycanda yox digər ölkələrdə, hətta Polşa, Macarıstan kimi Avropa Birliyi ölkələrində də, baş verməkdədir və Azərbaycan höküməti də bir növ öz hərəkətlərini bu ümumi tendesiyaya əla uyğunlaşdıra bilir. Əgər hakimiyyət represiyalarına davam edəcəksə vətəndaş cəmiyyəti də ölkə daxilində yox, onun xaricində daha çox toplaşmağa və toparlanmağa başlayacaq. Bu baxımdan hazırda Gürcüstan bəzi layihələrin görülməsi üçün məkan olaraq istifadə edilir. Amma düşünüldüyünün əksinə olaraq, Azərbaycanda didərgin düşmüş vətəndaş cəmiyyəti üçün Gürcüstan əsas məkan deyil. Sərhədə yaxınlığı, nisbətən nisbi təhükəsizliyi burada tədbirlərin keçirilməsini daha məqsədəuyğun edir. Amma hazırda bu barədə də problemlər ortaya çıxmaqdadır. Belə ki, Azərbaycandan çıxaraq Gürcüstana pənah gətirən bəzi ictimai fəal insanların burada qalıb işləmək icazəsi Gürcüstan höküməti tərəfindən rədd edilir. Bu yeni tendesiyadır və ehtimal var ki, daha da genişlənəcək. Hiss olunur ki, hazırda Gürcüstan höküməti Azərbaycan höküməti ilə dostluğuna xüsusi həssas yanaşmağa başlayıb.

Amerikanın Səsi: Ölkədə mövcud siyasi-ictimai reallığı nəzərə alsaq imkanları minimuma endirilmiş qeyri-hökümət təşkilatları bu vəziyyətdə vətəndaş cəmiyyətinin inkişafı üçün hansı işlər görə bilər?

Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar

Emin Aslan: Mövcud reallıq çərçivəsində insanlara birbaşa çıxışı olan, onlara birbaşa xeyir fayda verən layihələrə daha çox diqqət ayrılmalıdır. Bununla nəyi demək istəyirəm? Məsələ belədir ki, Azərbaycanda bu günə kimi işlənən və həyata keçirilən layihələr arasında daha çox struktur dəyişikliyi yaradacaq, hökümətin siyasətini, pis qanunvericiliyi dəyişdirəcək layihələrə üstünlük verilirdi. Amma gəldiyimiz nöqtəyə baxdıqda, aydın oldu ki, bu tipli layihələr məqsədini nail olmadı. Hökümət islahat aparmaq, müxtəlif sahələr ilə bağlı vətəndaş cəmiyyətinin təqdim etdiyi tövsiyyələri nəzər almaq əvəzinə, sanki qəsdən bütün bu sahələrdə vəziyyəti daha pis hala gətirdi. Nəticə olaraq hazırki mənzərə budur ki, sanki bütün bu layihələr uğursuzluğa düçar olub. Ona görə hesab edirəm ki vətəndaş cəmiyyəti daha çox diqqəti ictimai fəal insanları, marjinallaşdırılmış siyasi partiya nümayəndələrini (Azərbaycanda artıq siyasi partiya mənsubluğu ilə ictimai fəaliyyətlə məşğul olan fərd arasında sərhəd çoxdan pozulub) hökümətin represiyasından qorumağa və insanlara birbaşa xeyir verəcək layihələrə ayırmalıdır. Bu hazırki reallıqda vətəndaş cəmiyyətini ayaqda tutacaq yeganə mümkün yol kimi görünür. Mövcud reallıq çərçivəsində insanlara birbaşa çıxışı olan, onlara birbaşa xeyir fayda verən layihələrə daha çox diqqət ayrılmalıdır. Bundan başqa, xüsusi diqqət yeni insan qaynaqlarının yaradılmasına verilməlidir. Hər bir qeyri-hökümət təşkilatı ona lazım olacaq insan resursunu yaratmaq üçün layihələr etməlidir. Bundan əlavə Azərbaycan hökümətinə təsir imkanları mövcud olan müxtəlif beynəlxaq institutlar hələ də qalmaqdadır. Azərbaycana kredit vermək potensialı olan beynəxlaq maliyyə institutları ilə daha ciddi işləmək, onların insan hüquq və haqlarına hörmətlə yanaşmasını təmin etməyə çalışmaq lazımdır. Çünki, bu qurumlar Azərbaycan kimi ölkələrdə mövcud olan rejimlərin hakimiyyətdə qalmasında müstəsna şəkildə neqativ rol oynayırlar. Pulu sanki islahatların keçirilməsi üçün yox, status kvonun, rejimin qorunmasına verirlər.

Amerikanın Səsi: Gürcüstana köçməyə məcbur qalmaqlarına baxmayaraq, bir çox şəxslər və təşkilatlar mərkəz Tiflis olmaqla bir sıra yerlərdə tədbirlər, layihələr həyata keçirirlər. Məsələn elə sizin də aktiv şəkildə iştirak etdiyiniz Düşünən Vətəndaş layihəsi. Sizcə bu layihələr nə qədər effektivdir və gələcəkdə bunun səmərəliyini artırmaq üçün daha nələr etmək olar? Həmçinin bu prosesdə individual olaraq fəalların üzərinə hansı məsuliyyətlər düşür?

Emin Aslan: Bildirdiyim kimi hazırda Azərbaycandan didərgin düşmüş vətəndaş cəmiyyəti toparlanmaqla məşğuldur. Fəaliyyətlərini davam etdirən təşkilatların isə işlərinin ölkəyə verdiyi xeyir konteksindən baxdıqda, Azərbaycanın üzv olduğu müxtəlif beynəlxaq instititutlar qarşısında vətəndaşların vəziyyətinin çatdırılması elə nəyə desəniz dəyər. Hazırda ölkədə ictimai fəal insanlar arasında ən çox müzakirə edilən məsələlərdən biri də Mehman Qələndərov adlı siyasi məhbusun həbsxanadakı müammalı intiharıdır. Mehmanın ölümündən sonra məlum olub ki, bu adamın müdafiə işi qurulmayıb və ya çox pis qurulub. Başqa cür ifadə etsək bir növ hökümət tərəfindən təklənib. Zamanında bu adamın istər yerli, istərsə də xarici müdaifə işi normal qurulsaydı yəqin ki, bu hadisə baş verməyəcəkdi. Bu onu göstərir ki, hökümət vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin diqqətindən yayınan hadislərdə tam nəzarəti öz əllərinə götürərək, rahatlıqla istədiklərini edirlər. Biz əgər vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin olmadığı bir Azərbaycanı təsəvvürümüzə gətirsək, o zaman onların hazırda nə qədər lazımlı rol aldıqlarını anlamış olarıq. Onlar zəiflədikcə və sıradan çıxdıqca, insanlarımızın hökümətlə təkbətək qalması daha ağır fəasadlar törədəcək. 
Düşünən Vətəndaş layihəsinə gəldikdə isə, mən və dörd dostum, onların ikisi Gürcüstan vətəndaşıdır, bu layihəni sırf Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanın mədəni, intellektual və siyasi çevrəsinə inteqrasiyasına yardımçı olmaq məqsədilə etmək qərarına gəldik. Artıq uzun müddətdir ki, bu layihəni bizdən daha gənc olan və hər biri Gürcüstan vətəndaşı olan insanlara təhvil verdik. Onlar bu işi uğurla davam etdirməkdədir. Biz bu layihəni etməklə sadəcə nəyisə dəyişdirməyin mümkün olmasını göstərmək və nümunə olmaq istədik. Düşünürəm ki, bu işi də uğurla edə bildik. Hazırda mənim Düşünən Vətəndaşla mənəvi bağlılığımdan başqa heç bir əlaqəm yoxdur. Gürcüstan kimi mühitin azad və sərbəst olduğu, hüququn nisbətən insanların yanında olduğu demokratik ölkələrdə bu tipli layihələr daha çox uğurludur. Sadəcə bunun üçün insan resursu və dəyişikliyə inam yaratmaq lazımdır. Hesab edirəm ki, bu tipli layihələr çoxaldıqca, onun faydaları da daha gözlə görülən, ölçülə bilən səviyyəyə qalxacaq.

Amerikaninsesi.org

21:28