Duyğularının zirvəsində yaşayan şair

Rafael Aydınoğlunu bir şair kimi çoxları tanımır. Bunun səbəbi onun az yazmasında, kitablarının dərc olunmamasında, başqalarından fərqli olaraq dövrü mətbuatda nadir hallarda görünməsində deyil. O, sadəcə bütün bunlardan uzaqda duran bir ədibdir. Könlünün və duyğularının və platonik ruhunun əsiri olanlar kimi o ədəbi cameədə görünməkdən qaçıb. Çünki, onun üçün şeir yazmaq zaman və məkanın ənginliklərinin mifologemlərinin bədii örnəyi deməkdir. Bu, Türkün ruhunun ən uca dəyəri olan Gök Tanrı inancının mistik ruhunun semantik və semiotik məzmunudur. Onun poeziyasını sevənlər üçün “Rafael Aydınoğlu misralar şairidir” deyiminin fərqində belə deyil. Axı Rafael Aydınoğlu imzası ilə şeirlər yazan müəllif üçün hər bir misra ruhdur, könül duyğusudur, şeir düşüncəsidir.

Rafael Aydınoğlu şeirə, sözə, hər hansı deyimə, ifadəyə olduqca həssas olan bir bölgədə, Azərbaycanımızın ən köklü və mədəni mərkəzlərindən sayılan Muğanın  başkəndi Salyanda anadan olub. Salyan ədəbi-mədəni mərkəz olmaqla indiki Quzey və Güney Azərbaycan ruhunun beyin və düşüncə nöqtəsidir. Bunu qoca tarix çoxdan isbat edib. Ona görə də bu anlayışı zaman-zaman yox etmək siyasəti aparılıb. Böyük vətənimiz ikiyə bölünəndə bu tarixi ədalətsizlik əsasən Muğan Çölünə aid edildi. İndi Muğan Çölünün iki mərkəzi var. Quzeyimizdə Salyan, Güneyimizdə isə, Qoçkənd (fars mərkəzli paniranizm rejimi bu qutsal şəhərin adını Parasabad adlandırıb) şəhərləridir. Qoçkəndin mərkəz olduğu bölgəyə Sərab, Biləsuvar, Qaradağlı, Germi, Meşkin və başqa şəhərlər daxildir. Quzeydə isə Muğan Çölünü Biləsuvar, Cəlilabad, Masallı, Saatlı, Sabirabad, Tuğay (indiki adı Şirvan) kimi şəhərlər əhatə edir. Çarlıq Rusiyası və İngiltərə Azərbaycanı ikiyə bölmək siyasətini ortaya qoyanda məhz Muğan Çölünün ikiyə parçalanması şərtlərini ortaya atmışdılar. Bunun əsas səbəbi bölgənin “Darül İrşad” (Elm və Mədəniyyət Akademiyası) statusu ilə tanınan Böyük Azərbaycan anlamının genetik modifikasiya düzəninin  hesablanması idi. Beləliklə də “beyin nöqtəsi ikiyə parçalanıbsa, geridə qalanını yağmalamaq” və işğalçı imperiya düzəni ideyasını sürətləndirmək onlar üçün çox asan olacaqdı. Coğrafi baxımdan buna nail olunsa da, millətin genetik qan yaddaşı elə bu gün də yaşamaqdadır. Ona görə də bu nöqtənin yenidən bütünlüyü ideyasını Muğan Çölündə dünyaya gəlmiş Əli Bəy Hüseynzadə ortaya qoya bildi. Elə bu gün də Güney Azərbaycanda milli düşüncə enerjisini xalqın gücünə çevirmək istəyən milli fəalların ən çox hərəkət etdiyi və dirəniş göstərdiyi nöqtə Muğan Çölünün insanlarıdırlar. Çöl anlayışı Türklərin Bozkır kültürünün ruhunun ən böyük parçasıdır. Bu yaşam düzəni tarixdə başqa toplumlarda rast gəlinməyib. Təbiətin və insan aləminin ortaq ruhsal enerjisi məhz bu torpaqlarda düşüncə sisteminə çevrilir. Çünki, yovşan qoxulu Bozkır anlamı Türkün var oluşumunun əsas düzənidir.    
Rafael Aydınoğlu məhz bu düzənin ruhundan doğan ədəbi forma və məzmunun ifadəsi qismində şeirlərini yazır. İnsan olanlara, olmuşlara bir könül istəyi, duyğuları ilə baxır onun şeirlərinə. İnsan bu baxışların özündə şeirə çevrilir və özü də bilmədən şeirləşir.  Rafael Aydınoğlunun elə şeirləri var ki, onu oxuyanda o duyğuların bəzən illərlə onun ruhunda sönməyən əbədi vulkanın böyük bir parçası olduğuna oxucu səmimi bir şəkildə inanır. Ona görə də çap olunmaq və tanınmaq, məşhurlaşmaq kimi ideyalar ona yaddır. Zamanla duyğularını şeirə çevirmək Rafael Aydınoğlu üçün bir ömrün, taleyinin  yükünə çevrilmir. Çünki, o şeirlər ona daha üstün səviyyədə ruh verir. Yeni-yeni ədəbi örnəkləri yaratmasına səbəb olur. Buna necə nail olduğunu onun şeirlərini oxuyanlar və ya dinləyənlər çoxdan bunun önəmini vermişlər. Çox haqlı olaraq, onun şeirlərini oxuyanlar duyğularının zirvəsində yaşamağı bacaran şair kimi ona dəyər verirlər.

 

Sevgi

O ürək sevmirsə, yükdür dünyaya,
Çətindir mənasız yükü daşımaq.
Üz tutub getsən də, bil haralara?
Əzabdır sevgisiz bir gün yaşamaq.

Sevgi ruhumuzun dan ulduzudur,
Hamıdan tez durub göylərə axıb.
Dünyada hər şeyin ölçüsü vardır,
Tanrı tək sevgini azad buraxıb.

Sevgini axtarma, özü gələcək,
Gələcək, özü də gözlənilmədən.
Həsrətin oduna yanırsa ürək,
Deməli sevirsən, özün bilmədən.

Alsın əllərimdən, nəyim varımdı,
Bir sevən ürəyə dəyməsin tanrım.
Əməli, amalı düz olanları,
Sevgi yollarında əyməsin tanrı.

Özümü sevgidə tapmışam mən də,
Əgər sevirəmsə, demək mən varam.
Bir gün olaramsa dünyadan gendə,
Sevən ürəklərdə yenə yaşaram.

 

Həsrətin sonu

Nə qədər axtardım onu ilahi?!.
Hər gəlib gedəndən o qızı sordum.
Həsrətin olmazmış sonu ilahi?!.
Özüm yorulmadım, yolları yordum.

Belə yaşamağı ömürmü sayım?
Ruhum o dünyaya məni səsləyir.
Həsrətin donuna girib Əzrayıl,
Səbrimin sonuna ümid bəsləyir.

Mən haqq aşiqiyəm, haqdan dönmərəm,
Nə qədər əzab versən də yenə dözəcəm.
Alovlu günəşəm, dərddən sönmərəm,
Bir gün həsrətin də bağrın əzəcəm.

Yanıb kül olsam da, yenə sevəcəm,
Ruhum axtaracaq o qızı hər gün.
Gərək ki, sevəndə elə sevəsən,
Sevgində əbədi yaşamaq üçün.

 

Nə ola... ola...

Sən mənim qəlbimin qalası oldun,
Sən mənim qəlbimdə qalası oldun.
Həsrətin əlindən alası oldun,
Sonrası? Sonrası nə ola... ola...

Sənsiz gör, necə də itib illərim,
Analı-atalı yetim illərim.
Qoyun bir vüsala yetim illərim,
Sonrası? Sonrası nə ola... ola...

Tale görüşdürdü bizi yenə də,
İtib, batacaqmı sənsizliyində.
Sevgindən açıldı qalın düyün də,
Sonrası? Sonrası nə ola... ola...

Bəlkə də ömrümə gəlmisən qonaq,
O itən illərdən verirsən soraq.
Həsrəti sevgiyə etmisən calaq,
Sonrası? Sonrası nə ola... ola...

Bəzən xoflanıram xoşbəxtliyimdən,
Xəyalsan, gerçəksən... axır ki, sənsən.
Özüm də bilmirəm, soruşma məndən,
Sonrası? Sonrası nə ola... ola...

 

Lazım deyildin mənə

Lazım deyildin mənə,
Mən də vardım dünyada.
Səni görüb bilmişəm,
Ömür gedibdir bada.

Lazım deyildin mənə,
Gəlişin qəfil oldu.
Sənsiz dünya boşimiş,
Sənlə bu dünya doldu.

Lazım deyildin mənə,
İtirməkdən qorxuram.
Gəl, sən məni ayıltma,
Hələ mən yuxudayam.

Lazım deyildin mənə,
Çəkə bilməm bu yükü.
Səni gördüyüm o gün,
Olaydı bir şirin yuxu.

Lazım deyildin mənə,
Ömür gedib, yaz deyil.
Səni gördüm, bu bəsdi,
Xoşbəxtlik üçün az deyil. 
 

İntizar

Əgər ki, bircə gün görməsəm səni,
Naleyi ahu-zar qocaldar məni.
Vəd verib görüşə gələ bilməsəm,
Sənsizlik, dörd divar qocaldar məni.

Yazıram naməni bu minval ilə,
Vədinə xilafda halımı bilən.
Bəlkə də oxuyub insafa gələ,
Qəm dolu yazılar qocaldar məni.

Ey gözəl! Bilmirəm mən necə deyim,
Deməyə heç cürə gəlməyir dilim.
Görüşə gecikmə, mənim sevgilim,
Qocaltsa, intizar qocaldar məni.

 

Bu da mənə azdı

Mənim sevgim yolda qaldı,
Mənim sevgim yolda azdı.
                         Bu da mənə azdı... 

Yazan mənə nələr yazdı,
Qəmi-qüssə kədər yazdı.
                         Bu da mənə azdı... 

Qismətimi mən danmışam,
Bilə-bilə aldanmışam,
Sönüb, közdən odlanmışam.
                        Bu da mənə azdı... 

Heç kəs dözməz bu oyuna,
Mən yansam da qəm oduna,
Bəlkə düşməm heç yadına.
                         Bu da mənə azdı... 

Olan oldu, keçən keçdi,
Nə etsəm də, artıq gecdi.
Sevgim məndən qabaq köçdü,
                         Bu da mənə azdı... 

Tanrı! Nədir borcum mənim,
Gəl, al... qurtar... yordun məni.
Cəhənnəmsə yerim mənim,
                         Bu da mənə azdı... 
                         Bu da mənə azdı... 

Xudaferin.eu

13:12