Dünyanın hər yerində qadın ol, amma bu ölkədə olma

 

"Gəlib 14 yaşlı qızı evindən alır, başqa dövlətlərdən gələn döyüşçülərə verir. Birinin əri ölür, spnra da onu dostlarına verirlər, yəni bir əşya kimi. O istifadə edir, ölsə, başqası istifadə edir..."

Ankarada düzənlənən simpoziumda İraq, Suriya, Güney Azərbaycan qadınları da öz fikirlərini bölüşdülər. “Avrasiya İnsan Haqqları Forumu” tərəfindən təşkil olunan “Qadın Haqqları Simpoziumu”nda dünyanın müxtəlif ölkələrindən – Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Güney Azərbaycan, İran, Tatarıstan, Moldova və başqa dövlətlərdən gələn ziyalı qadınlar iştirak edirdi. Onların hər biri öz ölkəsində olan qadınların üzləşdiyi problemləri diqqətinizə çatdırır. Onların hər biri öz ölkəsində olan qadınların üzləşdiyi problemləri dilə gətirdilər.

Abdulla Buksur (Türkiyə, Türk Dünyası İnsan Haqqları və Avrasiya İnsan Haqqları Federasiyası başqanı): Qadınlar günü ilə bağlı tədbirlər əslində Türkiyədə 10 il əvvələ dayanır. 2008-ci ildə Türkiyə Barolar Borsalar Birliyinin istəyi və təşəbbüsü ilə keçirilib. Sonra bu tədbirlər müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən keçirilməyə başladı. Bu günkü tədbirdə İraqdan, Suriyadan, həm də Güney Azərbaycandan, bir sözlə, bölgə coğrafiyamızdan iştirakçılar var. Bu toplantıların missiyası qadın problemlərindən həm bir-birimizi xəbərdar etmək, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Qadın və kişiləri xoşbəxt edəcək şeyin təməli paylaşmaqdır. Bu paylaşmanın özündə sevgi var. Əgər insanlar bir-birini sevər və bu sevgini də paylaşarsa, sevgi çoxalar. Əgər üzüntülərimizi paylaşsaq, azalar.

Jalə Neftçi (İraqda Kərkük Türkman millət vəkili): Dünyanın hər yerində bir haqsızlıq var qadına qarşı. Amma İraqda daha çoxdur. Ailə içində bir ayrı-seçkilik var qadına qarşı, cəmiyyət içində bir ayrı-seçkilik var qadına qarşı, işsizlik, çarəsizlik baş alıb gedir. Bir çox qadınlarımız İraqda universitet məzunu olduqları halda kənarda saxlanılıblar. İŞİD-dən sonra isə qadınlarımız daha çox məruz qaldılar qaçırılmaya, ölürülməyə. Bir çox qadınlarımıza təcavüz olundu. İraq qadınları xaricə, məsələn, Suriyaya aparıldı böyük sayda. Orada Nahasa bazarında satıldı qadınlar. Çox qadınlarımız intihar etdi. Bir çoxu dul qaldı, ərləri, ataları öldürüldü, uşaqları fidyə qarşılığında aparıldı. 350 min ailə qaçqın düşdü. Bu olaylar İraqda oldu. Bütün millətlərə yönəldi. Amma özəlliklə Türkmən qadınları bu zülmlərə ikiqat artıq uğradılar, kimlik məsələsinə görə, Türkmən olduqları üçün.

Nailə Mahli (Suriyalı müəllim, Türkmən): Hələbdənəm. Heç əvvəldən də Suriyada qadın haqları deyilən bir şey yox idi. Hətta 8 Mart da qeyd olunmur Suriyada. Beş ildir savaş içindəyik. Savaş başlayandan sonra qadının olmayan haqqları ilə yanaşı, onun yaşamaq haqqı əlindən alındı. Suriyada 2011-ci ildən bəri 18 500 qadın həyatını itirib, Əsədin bombalarının altında. Bunların içində ana var, həyat yoldaşı var, bacı var. Təkcə rejimin həbsxanalarından qadınların bizə məlum olan sayı 6500 nəfərdir. Təxminən 550 qadın itkin düşüb, 7500 qadın təcavüzə uğrayıb. Bu təcavüzə uğrayanların içində 500-ü 18 yaşından aşağı olan qız uşaqlarıdır. Düşünmək belə çox pis gəlir insana. Deyərdim ki, dünyanın hər yerində qadın ol, amma Suriyada olma. Biz bilirik ki, dünyanın hər yerində müharibənin ən böyük bədəlini qadınlar ödəyir. Suriyada yaşanan dəhşət, zülm, qadına işgəncə hələ də davam edir. Əvvəllər Əsəd rejimi qadınları silah kimi istifadə edirdi, indi isə İŞİD (DAEŞ) lənəti gəldi. İŞİD din adı altında İslamdan uzaq bir terror təşkilatıdır. Bunlar nə edir? Gəlib 14 yaşlı qızı evindən alır, başqa dövlətlərdən gələn döyüşçülərə verir. Suriyada birinin əri ölür müharibədə, bunu alıb dostlarına verirlər, yəni bir əşya kimi. O istifadə edir, ölsə, başqası istifadə edir. Hətta bazar qurublar qadın alveri üçün. Qadınları əşya kimi satırlar Suriyada. Düşünün, bu əsrdə Suriyada qadın bir kölə kimi satılır. İndi İŞİD bir az zəifləməyə başladı, amma yerinə PYD gəldi. Yenə Suriya qadını zülmdə. Rejim gedir, İŞİD gəlir, İŞİD gedir, PYD gəlir. İndi bunlar nə edir? Qadın insan öldürə bilərmi? Qadın düyüşçü ola bilərmi? Gəlib evdən kiçik qız uşaqları üçün “ya pul verəcəksiniz, ya da qızı”. Onsuz da 5 illik savaş insanlarda pul qoymayıb ki? Qızı alırlar və sonra da savaşa sürükləyirlər. O qız orada qatil olur, döyüşçü olur istər-istəməz. Kaş ki haqq yolunda bunu edə. Amma inanmadığı bir dava uğrunda məcburən orada savaşçı olur.

Fatma Kaplan Hürriyet (Türkiyə, millət vəkili): Siyasətdə, iş fəaliyyətində, həyatın hər sahəsində var olmağa çalışan qadın. Qadınlar günü Türkiyə üçün qadın problemlərinin gündəmə gətirilməsi baxımından önəmli gündür. Güclü, çalışqan, uğurlu və çeşidli yönləri ilə zəngin Türk qadınları, karyera qazanan, ailələri və uşaqları üçün fədakarlıqlar edən, qızdırmalı körpəsinin başında sabaha qədər oyaq qalan bütün qadınlar təqdirə layiqdir. Bir çox dövlətlərdə qadın haqqları qorunsa da, Türkiyə və inkişaf etməkdə olan ölkələrdə qadın haqqları istənilən səviyyədə deyil.

Nazila Nərimanlı (Güney Azərbaycan, “Araz news”): İranda din siyasətə qarışdığı üçün onu alət ediblər. Dindən sui-istifadə edirlər. Qadınlar hüquqsuzdur. İranda qanunlarda qadın və kişilər arasında kəskin fərqlər var. Və o “qanun”ları da qadınlar üzərində tətbiq edirlər, xüsusilə, Güney Azərbaycanlılar, türk soylular, ərəblər, lorlar, bəlluc qadınları üzərində. Fars qadını öz sözünü deyə, haqqını müdafiə edə bilir. Biz Güney Azərbaycan Türklərinin sayı 40 milyondan çox olmasına baxmayaraq, haqqlarımızı müdafiə edə bilmirik. İranda həm cinsiyyətdən doğan bir bərabərsizlik var, həm də rəsmi olmayan dilimiz baxımından ikiqat zülm olunur. Elə götürək, öz anamı. Öz haqqlarından belə xəbəri yoxdur. Qadınların haqqları nədir, kişilərlə bərabərhüquqludur. İstəyirəm dünya bilsin bizim nələr çəkdiyimizi.

Sədaqət Paşayeva (Azərbaycan, Qadın Haqqlarını Qoruma Məərrkəzinin eksperti): 12-ci əsrdə bizim böyük şairimiz Nizami qadın hökmdarlar mövzusunda çox uğurlu əsərlər yazıb. İngilis və Avropa yazarlarından fərqli olaraq önə qadın adlarını gətirib, sonra kişi adlarını yazıb. Bu, Türkün qadınına olan dəyərinin çox gözəl səviyyəsidir. Yazılan və yazılmayan tarixlərdən görürük ki, qadınlarımız tək ailədə deyil, dövlət idarəetməsində, önəmli qərarlar verməkdə də ərlərilə yanaşı olmuşlar. Əski tariximizə baxdığımız zaman görürük ki, qadınlarımızın hüquqları pozulmayıb. Amma insan haqqları mübarizə tarixinə baxdığımız zaman görürük ki, bu mübarizə əsasən Avropa ölkələrində olub. Azərbaycanın tarixində isə belə sənədlərə rast gəlmirik. Ailədə şiddət mövzusuyla bağlı bir sıra qərarlar qəbul olunsa da, əhatəli deyil və düzgün tətbiq olunmur. Məntiqsiz bir yanaşma var: “Bizim milli dəyərlərimiz var”, “Bizim ailələrimiz Ana Yasa ilə qoruna bilməz” deyə qadın məsələlərini müstəvidən kənara atırlar. Halbuki ailə cəmiyyətin ilk sosial kürsüsüdür. Uşağın ilk gözünü açdığı, ilk münasibətləri gördüyü yer ailədir. Ona o qədər önəm verilməlidir ki. Fərdin yetişdirilməsi, onun gələcəkdə dövlətin, cəmiyyətin tam hüquqlu üzvü olması məhz ailənin savadlanması və münasibətlərindən asılıdır. Ailə heç kəsin xüsusi sahəsi deyil. Bu mövzuda həm Azərbaycanda, həm Türkiyədə ciddi iş görməyə ehtiyac var. Ailədə qadın və kişi öz vəzifələrini tam olaraq bilməli və tətbiq etməlidir.

Mahir Özel (Türkiyə, Ankara Poladlı Bələdiyyə üzvü): Anadolunu Türkləşdirən Anadolu bacılarıdır. Onları anladaraq dünyadakı ilk qadın hərəkatının 1200-cü illərdə Anadolu torpaqlarında olduğunu bilməliyik. 1857-ci ildə Amerikada olan bir olayı qadın hərəkatı olaraq qiymətləndirənlərin Anadolunun tam ortasında – Ankarada, Kayseridə, Sivasda, Poladlıda baş verən hadisələri görməməzliyə vurmaları çox qəribədir. Halbuki bu bizim tariximizdə, kökümüzdə var. Fatma bacı və Anadolu bacıları bir çox baxımdan çalışan, çabalayan, istehsal edən və bunu digər qadınlarla paylaşan insanlardır. Bunlar aşına, eşinə, işinə, cəmiyyətə sahib çıxan qadınlardır. Ünlü misal var: oğlana tərbiyə verərsən, ailəni, qızı tərbiyə edərsən, cəmiyyəti xilas edərsən.

Gülzura Cumakunova (Qırğızıstan, Türk dilləri və ədəbiyyatı üzrə professor): Bir ölkənin əhalisindən bəhs etmək o ölkənin ən az yarısından, ya da Qırğızıstan kimi ölkələrdə yarısından çoxundan bəhs etmək deməkdir. Əgər bir ölkənin yarısından çoxu sakit, rahat, xoşbəxtdirsə, qadın haqqları qarşı tərəfdən tapdalanmırsa, demək, o ölkədə ədalətdən danışıla bilər. Ailə kiçik dövlətdir. Analar sıxıntısız bir şəraitdə yaşayırsa, onların bu ruh halı ailə fərdlərinə, bununla da bütün sosial cəmiyyətə müsbət təsir yaradır. Ananın rahat olması o ölkənin göstəricisidir. Haqqlarından məhrum olan, təhsilləri əngəllənən, kişilər tərəfindən aşağılanan qadınları varsa, o ölkə nə qədər başqa cəhətlərilə öyünmək istəyirsə istəsin, sosial baxımdan inkişaf etmiş dövlət sayıla bilməz.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

08:59