Dünya şöhrətli alim -- Akademik Akif Əlizadə

Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kökləri ilə respublikanın bir çox görkəmli şəxsləri ilə bağlıdır. Onlardan Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadəni, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni , Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi oğlu Əlizadəni və başqalarını göstərmək olar.
Orta məktəbi gümüş medalla bitirmiş gələcək akademik Azərbaycan Sənaye İnstitutuna daxil olur.
Tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi onu başqa tələbələrdən fərqləndirirdi . Sonralar seçdiyi geologiya sahəsi , hələ öyrənilməmiş məsələlərə can atması , gələcək alimin müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. İnstitut Akif Əlizadənin həmişəlik fəaliyyət məkanına çevrildi.
Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiyasının qızıl dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi 60–70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Bu zaman bir neçə geoloq nəslinin səyi nəticəsində regionun geoloji quruluşunun və təkamülinin əsas cizgiləri müəyyən edilmişdi. Bu fundamental nailiyyətlər bazasında Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində respublika iqtisadiyyatının sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal , filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf edilmişdi. Həmin dövrdə Azərbaycanda geologiya və geofizika sahəsində elmi və pedaqoji məktəblər də formalaşmışdı. Elmin sürətli inkişafı gənc alim üçün olduqca əlverişli şərait yaratmışdı. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmiş A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur.
Akademik A.Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər öyrənilmişdi .
Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında öncüllük akademik A.Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişkənliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan vermişdir.
O, Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi rayonlaşdırılması metodlarnı işləmiş və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir.
O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm dünyasında A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı akademik A.Əlizadənin də qabıqlı mollyuskaların öyrənilməsində xüsusi rolu olmuşdur .. Heç də təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi — "Akifibelidlər" adlandırılmışdır (1984-cü il).
Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi dövründə (əvvəl 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktor kimi) Azərbaycan EA sistemində aparıcı elmi mərkəzlərindən birinə çevrildi. İnstitutun elmi fəaliyyətinin effektivliyi o dövrdəki ənənəvi göstəricilərə — namizədlik və doktorluq dissertasiyalarının, monoqrafik əsərlərin, keçici bayraqların sayına görə kifayət qədər yüksək olmuşdur. Onlarla gənc tədqiqatçı SSRİ-nin aparıcı elmi mərkəzlərinə məqsədli aspirantura və doktoranturaya ezam edilirdi. İnstitut sürətlə beynəlxalq səviyyəyə çıxırdı, dəniz və okeanların öyrənilməsi üzrə beynəlxalq okeanoloji ekspedisiyalarda iştirak edirdi.
Geologiya İnstitutunun alimləri bir sıra geoloji istiqamətlər üzrə, o cümlədən palçıq vulkanizmi və dərinlikdə yatan neft-qaz yataqlarının formalaşmasının öyrənilməsi sahəsində dünya elmində aparıcı yerlər tuturdular. Geologiya İnstitutunun alimləri tərəfindən dünyada ilk dəfə olaraq dəniz və okeanların su qatında submarin qazohidratları və qazları aşkar edilmiş və öyrənilmişdi .
Dünya elminə sürətli inteqrasiya, qabaqcıl texnologiya və metodlara yiyələnmə, kadrların hazırlanması və təkmilləşdirilməsi prosesi həyata keçirilirdi .
1994-cü ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Bu müqavilə uzun illər ərzində Azərbaycanın inkişafının bütün sahələrini əhatə etməkdə xüsusi rol oynadı . Hazırda bu strateji kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Akif Əlizadə təşkilatçılıq məharəti ilə xarici olkələrin elm mərkəzləri ilə fasiləsiz təmaslar qurur , görüşlər təşkil edir, alimlərimizin onlarla ölkələrdə ı konfranslarda iştirakını təmin edirdi . Bütün bunlar Geologiya İnstitutu direktorunun əsil elm xadimi və eyni zamanda böyük idarəçilik qabiliyyətinə malik rəhbər olmasının uğurlu nəticəsində baş verirdi . . Son on il ərzində dünyanın aparıcı neft şirkətlərinin elmi mərkəzləri ilə birlikdə 50-dən artıq elmi-tədqiqat işi yerinə yetirmişdir.
Geologiya İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazananlar sırasında liderdir. İnstitut "Soros", "İNTAS", "NATO", "CRDF" kimi məşhur fondlar, Ukrayna Elmi Fondu, Amerika Milli Elmi Fondu ilə qarşılıqlı maraq əsasında fəaliyyət göstərir və işləyir Tərəfdaşların coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-in Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnologiya İnstitutu ,, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) universitetləri ilə də əməkdaşlıq davam edir .
MDB ölkələri və Sakit okean regionu alimləri ilə əlaqələr də aktivləşdirilir . Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Çanq-Konq (Tayvan) Universiteti, İndoneziya Milli Neft Şirkəti ilə müştərək işlərin aparılması İnstitutun fəaliyyətinin yeni mərhələsinə aiddir . İndi cəsarətlə demək olar ki, institutun şöhrəti təkcə milli və regional səviyyədə deyil, artıq bütün dünya masştabındadır
Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş üç kompleksi elmi-texniki proqram bu gün İnstitutun fəaliyyətinin prioritet istiqamətidir. Bunlardan biri, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına yönələrək karbohidrogen potensialının və regionda müasir geodinamik vəziyyətin qiymətləndirilməsi, ikincisi, mineral xammalın çıxarılmasında ekoloji təhlükəsiz texnologiyalarının işlənib hazırlanması, üçüncüsü, Azərbaycanda geoloji müxtəlifliyin və təbiət abidələrinin qorunub saxlanılmasıdır.
Akif Əlizadə 6 il (2013-2019) Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident kimi rəhbərlik etmişdir.
Akademik A.Əlizadənin başçılığı ilə yaradılmış və nəşr edilmiş səkkiz cildlik unikal fundamental əsərlər — "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətini on illərlə qoruyub saxlayacaqdır .
......... ......... .............
Qəvami Sadıqbəyli
Xudaferin.eu

13:52