Dünya bu təhsillə inkişafda: Azərbaycan isə tanımır

Kamran Əsədov: “Təhsil haqqında” qanunda distant təhsil nəzərdə tutulur”

Dünya təcrübəsində geniş yayılmış distant təhsil hələ Azərbaycanda o qədər də populyar deyil. Distant təhsilin əsas xüsusiyyətlərindən bir də budur ki, ölkəni tərk etmədən xarici universitetlərin diplomunu əldə edə bilərsiz. Yəni, bu təhsil vasitəsilə həm bakalavr təhsili, həm də magistr təhsili almaq mümkündür. Amma problem odur ki, xarici universitetlərdə distant təhsil alan tələbələrin diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınmır. Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur. Distant təhsilə bəzən qiyabi təhsil də deyirlər. Əslində qiyabi təhsillə distant təhsilin oxşar cəhətləri vardır, amma fərqlidirlər. Qiyabi təhsildən fərqli olaraq distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də budur. Distant təhsili harda olmağınızdan asılı olmayaraq ala bilərsiniz. Sadəcə, sürətli internet lazımdır ki, distant təhsil almaq mümkün olsun. Dərslər verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir. Dünyada geniş yayılmış distant təhsil ölkəmizdə hələ də maraq dairəsində deyil. Bunun səbəbi insanların bu haqda məlumatlarının olmamasıdır. Əslində bu təhsilin bir çox üstünlükləri olsa da, Azərbaycanda bu sistemin tətbiqi reallaşmır. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 2009-cu ildə Azərbaycan dövləti tərəfindən qəbul edilmiş “Təhsil Haqqında” qanunda təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulur. Belə ki, mövcud qanuna görə əyani, qiyabi təhsil forması ilə yanaşı distant təhsil formasının da tətbiq edilməsi barədə qanunvericiliyin tələbləri var:“Amma qanun qəbul edilsə də, hələ də 7 il zaman keçməsinə baxmayaraq hər hansı bir dəyişiklik yoxdur. Bunun bir neçə ciddi səbəbi var. İlk növbədə Azərbaycanın ali təhsil müəssisələrinin maddi-texniki bazası bunu yerinə yetirilməyə hazır deyil. Belə ki, bizim auditoriyalarda hələ normal tədrisin həyata keçirilməsi üçün tam şərait yoxdur. Qeyd edim ki, distant təhsilin əsas tələbi odur ki, tələbə ali təhsil müəssisələrinə qəbul olduqdan sonra dərsə gəlmədən kompüter qarşısında oturub müəllimin mühazirəsini izləyə, dərsləri onlayn rejimdə işləyə bilər. Amma məlumdur ki, bizim universitetlərin kamera ilə dərs həyata keçirməsi üçün hələ bir neçə il var. Bu həm də texniki baxımdan mümkün deyil. Digər tərəfdən bu təhsil formasına keçməni ləngidən səbəblərdən biri də budur ki, bundan sui-istifadə halları genişlənəcək. Belə ki, bizim tələbələrin böyük əksəriyyəti dərsə hal hazırda qayıb limitinə görə gedirlər. Əgər biz buna keçsək, hər kəs bundan özü üçün istifadə edəcək. Onu da qeyd edim ki, distant təhsilin semestr yoxlaması ənənəvi formada olmayacağına görə bu ali təhsil müəssisələrini əlavə xərcə salacaq ki, onlar da bunda marağlı deyilər”.

Xaricdəki distant təhsil niyə tanınmır?

Ekseprt qeyd edib ki, dünyada inkişaf etmiş ölkələrin bütün ali təhsil müəssisələrində distant təhsil forması var. Hətta Azərbaycandan da yüzlərlə insan təhsilini xarici ölkələrdə distant formada davam etdirir. Lakin, onlar təhsillərini başa vurduqdan sonra, Azərbaycanda onun diplomu Təhsil Nazirliyinin Nostrifkasiya İdarəsi tərəfindən tanınmır və o diplom ölkə ərazisində yararlı olmur: “Bir də qeyd etmək istəyirəm ki, "Təhsil haqqında" Qanunun 13-cü maddəsində 4 təhsil növü göstərilib: əyani, qiyabi, sərbəst və distant. Yəni, 2009-cu ildən başlayaraq, Azərbaycan qanunvericiliyində distant təhsil növü var və bu, təhsilalma növü kimi müəyyən olunub. Nazirlər Kabinetinin 2003-cü il 13 may 64 saylı qərarı, "Xarici dövlətlərin Ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları" var ki, bu gün vəziyyət həmin qaydalara əsasən tənzimlənir.Lakin gördüyümüz kimi, həmin qaydalar 2003-cü ildə hazırlanıb, distant təhsil isə qanunda öz əksini 2009-cu ildə tapıb. Buna görə də bizdə bu gün distant formada məzun olanların diplomunun nostrifikasiya edilməsində hüquqi problem yoxdur. Təhsil Nazirliyi xarici ölkələrin ali təhsil müəssisələrindən distant formada oxuyaraq məzun olmuş şəxslərin diplomlarının nostrifikasiya edilməsi məsələsində bir iradı ortaya qoya bilir ki, məzun təhsil aldığı müddətdə universitetin yerləşdiyi ölkə - (burada konkret olaraq distant təhsil alınan Universitetini nəzərdə tuturam) ərazisinə keçməyib. Bunu da Sərhəd Xidmətindən əldə olunan arayışlara və ya həmin məzunun xarici pasportunda ölkəni keçib-keçməməsi haqqında qeydlərə əsaslanaraq müəyyən edir. Belə çıxır ki, distant Universitetinin tələbəsi distant təhsil alırsa, tələbə olduğu müddətdə imtahan vaxtı sanki mütləq universitetin olduğu ölkəyə getməlidir. Bu da çox qəribə səslənir, çünki xarici ölkələrdəki universitetlərdə distant təhsil alan tələbələrin, hətta başqa qitədə yaşayanların belə universitetə gedib-gəlməsinə ehtiyac duyulmur. Universitet onlara da təhsili internet üzərindən verir, universitetin daxilində yalnız əyani təhsil alanlar auditoriyalarda canlı dərs alırlar. Bununla yanaşı, həmin o universitet distant formada təhsil alanlar üçün tələbələrinin yaşadığı ərazilərdə heç bir filial açmağa ehtiyac görmür, çünki bu, distant təhsildir. Bolonya sisteminə üzv olan ölkələr var. Türkiyə 2005-ci, Azərbaycan isə 2010-cu ildən bu sistemə qoşulub və Bolonya sisteminə üzv olan ölkələr kimi Azərbaycan da öhdəlik götürüb ki, bu ölkələrin diplomlarının qarşılıqlı nostrifikasiyası məsələsi həyata keçirilməlidir. Buna görə də distant formada təhsil alan tələbələrin diplomu da nostrifikasiya olunmalıdır”.

Təhsilin inkişafına böyük təkan

Kamran Əsədovun sözlərinə görə, dünyanın bütün inkişaf etmiş ölkələrində iki təhsil forması - əyani və distant təhsil var: “Artıq bildiyimiz kimi, Azərbaycanda qiyabi təhsil növünü ləğv edib, distant təhsilə keçmək üçün mexanizmlər hazırlanır. Hətta bu ildən etibarən Qərb universiteti ilk dəfə olaraq distant təhsil üçün qəbula başlayıb. Amma onlar daha çox ikinci təhsil forması kimi qəbul edilir. Ümid edirəm ki, bütün bunlar qısa müddətdə Təhsil Nazirliyində mütəxəssislər və ekspertləri cəlb edərək araşdırılacaq və xarici universitetlərdə təhsil alanların hüquqları qorunacaq. Bu həm də ölkəmizin təhsil imici üçün çox önəmlidir. Distant təhsil təhsilin inkişafına böyük təkan verir. İlk növbədə ona görə ki, tələbənin vaxtla bağlı problemi aradan qalxır. Onun yol və digər xərcləri azalır”.

Alçina Amilqızı

16:18