Dünya alimləri Nizami Gəncəvi haqda: "Türkdür" - Faktlar

 

İbtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilməsi media və sosial şəbəkələrdə etirazlara səbəb oldu.

Qeyd edək ki, bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur. Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub:

“Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Son məlumatlara əsasən, barəsində danışdığımız səhv aradan qaldırılıb. Lakin yenə də böyük Nizami Gəncəvinin Azərbaycan, türk millətinə aidliyini təsdiqləyən faktlara ehtiyac var. Çünki Nizami təəssüf ki, dünyanın bir neçə ölkəsində də ara-sıra bu cür “səhih” bilgilərlə xatırlanıb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Nizami Gəncəvinin kimliyi və aid olduğu xalq barəsində konkret faktlarla çıxış edib. Araşdırmaçı əvvəlcə dünya alimlərinin Nizami gəncəvinin türk olması ilə bağlı sitatlarını qabardıb:

“Alman yazıçısı İohan Şerr: "Nizami ata tərəfdən türk idi”.

Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb. İran ədəbiyyatşünasları: “Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir”.

3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın «Pravda» qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunub: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi”.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.

Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar”.

Araşdımaçı alim daha sonra Nizaminin nə üçün fars dilində yazmasının səbəblərini də konkret faktlarla əsaslandırır: “Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəyib.

“Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axsitanın hərəkətləri onu çox qəzəbləndirir, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq verir. Amma öz etirazını əsərdə belə şərh etmişdir: “Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam ”.

Qərb ədəbiyyatı isə onu əsasən fars və iranlı kimi təqdim edir. Burada fars dilində yazmış olduğunu əsas kimi götürürlər. Halbuki, fars dilində yazmaq o dövrün ənənəsi idi. Bir-iki əsr keçdi və buz sındırıldı. Xətai, Nəsimi, Füzuli, Bürhanəddin, Nəvai və başqaları türk dilində də yazmağın mümkün olduğunu sübut etdilər. Nizami bir türk oğlu olduğundan əsərlərində də türklərin təəssübünü çəkən bir adam kimi çıxış edirdi. İndiki dillə deyilsə, ona bir türkçü kimi yanaşmalıyıq. Nizami irsinin görkəmli tədqiqatçısı Rüstəm Əliyev deyirdi ki, Nizami nəinki türk, hətta türkçü idi. Nizaminin əsərlərilə ayaqüstü tanışlıq belə bu şəkildə düşünməyə əsas verir. “Sirlər xəzinəsində” qoca bir qadının sultan Səncərə irad tutması buna misal ola bilər: “türklərin şöhrəti tutmuş aləmi, sən türk deyil, bir hindlisənmiş?”, yaxud “ölkələri ədalətdən güllü yazdı türklərin», deyən Nizami Türk Səlcuq dövlətindəki sosial ədaləti nəzərdə tutur. Poemalar fars dilinin dəri ləhcəsində, Xorasan, Bəlx dialektində yazılıb. Şairin isə Xorasanda, indiki Əfqanıstanda olub həmin yerlərdə yaşayan farslarla ünsiyyətdə olmayıb. Çünki Nizaminin əsərləri Xorasan ləhcəsindədir, Nizami də Xorasanda olmayıb. Xorasanda olmamısansa, Xorasan ləhcəsində necə yaza bilərdi Nizami Gəncəvi?”

Zaur Əliyevin Nizami Gəncəvinin anasını, ailəsi ilə bağlı verdiyi məlumatlar, daha doğrusu, onların da türklüyü barəsindəki səhih informasiyalar çox maraqlıdır:

“Onun anasının kürd qızı olması da yalandır. Nizaminin elə sözləri var ki, bunlar onun türkə məhəbbətidir, vətəninə məhəbbətidir. “Leyli və Məcnun”da anası haqda yazır: “gər madəri mən Rəiseyi-qord, madər sifatənə piş-e-mən mord”. Yəni, mənim anam Rəisə ana sifətində qarşımda öldü. Farslar bu “qord” sözünü kürd kimi qələmə verirlər, amma “qord” igid deməkdir. Nizami müxtəlif qadınlar haqqında da “qord” sözünü işlədib.

“Xosrov və Şirin”də Məhinbanu Şirinə deyir ki, Xosrov Keyxosrov nəslindəndirsə, sən də Əfrasiyab nəslindənsən. Əfrasiyab nəslindən olmaq Turan hökmdarı olmaq deməkdir. Nizami Gəncəvinin fars mədəniyyətinə aid olması haqda deyilənlər yanlışdır. Nizaminin dünyagörüşü, yaradıcılığı xalqının folkloru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb. Nizaminin fars ədəbiyyatına təsiri böyükdür, Nizami olmasaydı, Hafiz, Sədi, Cami və başqaları yaza bilməzdilər. Onlar Nizamidən iqtibaslar ediblər.

Vaxtilə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər"

“Dağ kimi ucalmışdı bir zaman Türk dövləti deyən” Nizami necə ərəb yaxud farsa xidmət edə bilərdi?
 

“Xosrov və Şirin” əsərində yazır:
 

“Türklüyüm bu Həbəşdə heç getmir.

Dadlı dovğaya xalq meyl etmir”.
 

Burada da “farslığım” və ya “kürdlüyüm” deyil, “Türklüyüm” deyir. Hələ XV əsrdə Dövlətşah Səmərqəndi «Təzkirətül-şüəra» kitabında Nizaminin türkcə divanı barədə məlumat verib.

Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla «Xəmsə»nin üzü dəfələrlə köçürülüb. Nizami (Gəncəvi) də öz övladını türkzadə (türk oğlu) adlandırır "Xosrov və Şirin" əsərinin sonunda yazır:

Əgər şod torkəm əz xərgəh nəhani,

Xodayə, torkzadəmva to dani.

(Əgər türküm çadırdan gizlinə çəkildisə də,

Xudaya, türk balasını sən özün qoru.)

Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.

Keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Marrın şəhadətinə görə, İran alimləri farsca yazdığına görə onu İran-fars şairi hesab etsələr də, «Əz asare-Nizami buye-türk miyayəd» («Nizaminin əsərlərindən türk iyi gəlir») deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər”.

Müəllif: Elmin Nuri

18:46