DTX-nın müdhiş əməliyyatında öldürülən terrorçu kimdir

DTX-nın müdhiş əməliyyatında öldürülən terrorçu kimlərə bağlıdır?Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “cihad”çı məhv edilib. 1978-cı il təvəllüdlü, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlu yenidən fəallaşıb. O, azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatlara itaət edib. Onların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar, "Binə" ticarət mərkəzi yaxınlığında Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilib. Sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib. Cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlk dəfə Azərbaycanda "Meşə qardaşları"na qarşı 2007-ci ildə əməliyyat keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bu əməliyyat zamanı dəstənin 17 üzvü, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Əbdul Kərim Əl-Bədəvi həbs edilib. Daha sonra dəstənin başqa bir lideri - "Əbdülməcid" ləqəbli İlqar Mollaçıyev yenidən "Meşə qardaşları"nı Azərbaycanda aktivləşdirməyə cəhd göstərib. İlqar Mollaçıyevin yenidən aktivləşdirdiyi təşkilatın planına görə, iki camaatlıq yaradılmalıydı. Bunlar isə "Sumqayıt camaatı", "Quba və Qusar camaatı" olmalı idilər. Hər iki camaatlıq təşkilat üçün fərqli istiqamətlərdə fəaliyyət göstərirdilər. Belə ki, birinci qrup ikincilər üçün Bakı şəhərində qarətlər həyata keçirməli, pul toplamalı idi. Bunun da nəticəsi idi ki, MTN-nin növbəti əməliyyatı zamanı Quba və Qusar ərazisində bu terror təşkilatına aid 12 xüsusi blindaj və mağara, ərzaq ehtiyyatı, müxtəlif silah sursat aşkar edilmişdi. "Meşə qardaşları"nın ölkəmizdə törətdiyi ən səsli-küylü terror hadisəsi Əbu-Bəkr məscidinə edilən hücumdur. 2008-ci ilin 17 avqustunda reallaşdıran hücum zamanı 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Terroru həyata keçirən şəxsin məsciddə insanların namaz qıldığı vaxt buraya qumbara atması xəsarət alanların sayının çox olmasına səbəb olub.
Ölkədə vəhhabilərə qarşı mübarizənin yeni mərhələsi başlanıb. Gəncə və Xaçmazın ardınca Zaqatalada əməliyyat keçirilib. Eyni zamanda Şeyxin müavini ekstremizmdən danışıb və məscidlərdə beyinyuma təbliğatının getdiyini vurğulayıb. Bu hadisələrin üst-üstə düşməsində bir zəncirvari bağlılıq olması istisna edilmir. Dövlət qurumları ilə güc strukturları birgə dini radikallığa qarşı savaş aparmaqdadır. Azərbaycanda iki radikal təriqət - FƏTÖ və İŞİD təhlükəsinin mövcud olduğu sirr deyil. Ölkəmizdə inkişafı və sabitliyi, əmin-amanlığı gözü götürməyən qüvvələr dövləti zaman-zaman təhdid etməyə cəhd göstəriblər. Lakin bu cəhdlər hər dəfə iflasa uğrayıb və hüquq-mühafizə orqanlarının peşəkarlığı, operativliyi nəticəsində həmin məkrli qüvvələr ifşa olunub. Bu da Azərbaycanın güc strukturlarının yüksək səviyyədə göstərdiyi fəaliyyətin və ayıq-sayıqlığının nəticəsidir.

Politika.Az

12:33