DSK: ‘Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq gəliri 1,50 manat artıb…’

 

DSK: “Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq gəliri 1 manat 50 qəpik artıb…”

Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq adambaşına gəliri 1 manat 50 qəpik, ən çox qazanan 10 faizinin aylıq gəliri isə 51 manat 70 qəpik artıb. Bu haqda Dövlət Statistika Komitəsinin (DSK) 2016-cı ildə əhalinin istehlak büdcəsinə dair hesabatında deyilir.

DSK-ya görə, 2016-cı ildə əhalinin sərəncamında qalan vəsaitlərin orta aylıq məbləği 257 manat 84 qəpik, əvvəlki ildəkindən 7,2 faiz çox olub. Buraya ödənilən vergilər, sosial sığorta və müxtəlif təşkilatlara üzvlük haqları daxil deyil. Gəlirin 1/3-i əmək haqqından, 25,9 faizi sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlərdir. Kənd təsərrüfatı məhsullarının satışından gəlirin payı 13,2 faizidir. Gəlirin təxminən bir o qədəri də (13,faiz) pensiyanın payına düşür. Azərbaycandan kənarda yaşayanların yaxınlarına göndərdikləri pul baratlarının gəlirlərdəki xüsusi çəkisi 2015-ci ildəki səviyyədə (2,6%) qalıb.

Gəliri çox olanların pulu bir qədər də artıb

 

Hesabatdan görünür ki, əhalinin gəlir qrupları üzrə strukturunda müəyyən dəyişikliklər baş verib. Məsələn, 2015-ci ildə əhalinin ən aşağı gəlirli 4 qrupu üzrə aylıq adambaşına gəlirlər 156 manat 50 qəpikdən 205 manat 60 qəpiyədək idi. Bu ilsə 158 manatdan 200 manatadək gəliri olanlar əhalinin 30 faizi qədərdir. Ötən il gəlirləri 4-cü (205 – 215 manat) və 8-ci (269,40 – 291,80 manat) onluqlar arasında dəyişən əhalinin pul gəlirlərində ciddi artım nəzərə çarpmayıb. Əvəzində, ən yuxarı gəlir əldə edən 10-cu onluqda qərarlaşan vətəndaşların adambaşına gəlirləri təxminən 13 faiz artıb.
Qeyd edək ki, “onluq” dedikdə 100%-in onluq qrupları nəzərdə tutulur. Əhali ailənin adambaşına gəlirlərinə görə 10 qrupa bölünüb. Ən aşağı qazanan 10 faiz, sonrakı onluq və cəmi 10 onluq alınır.

Gəliri 200 manatadək olanların sayı azalıb

 

Rəsmi məlumatlara görə, ailələrin 43,4 faizinin adambaşına aylıq gəlirləri 200 manatdan aşağıdır. Bu göstərici əvvəlki ilə nisbətən 10,9 faiz yaxşılaşıb. Son bir ildə adambaşına gəlirləri 300 manat və daha çox olan ailələrin sayı isə 9,7-dən 16,2 faizə qalxıb. Bakıda bu göstərici 26,5 faizə çatır. DSK belə hesablayıb. Ən aşağı gəlirli 10 faiz ailələrin büdcəsinin 49,5 faizi ərzağın alınmasına xərclənirsə, əks tərəfdə duran ailələrdə bu göstərici 30,4 faizdir.

 

Ekspert: «Əhali sərvət qrupları üzrə hesablansın»

DSK bu məlumatları ölkənin bütün iqtisadi rayonlarını əhatələməklə 10 min 200 ev təsərrüfatında sorğu aparmaqla müəyyənləşdirdiyi bildirir. Həmin ailələrin 33,7 faizi şəhərlərdə, 21,2 faizi – rayon mərkəzlərində, 45,1 faizi isə kənd yaşayış məntəqələrində yaşayır. Bununla belə statistika qurumunda “Azadlıq Radiosuna” bildirirlər ki, nə gəlirlər, nə də xərclər barədə məlumatlarda nə mütləq yoxsullar, nə də zənginlər barəsində məlumatlar əksini tapır. Çünki ailələr sorğuda könüllülük əsasında iştirak edirlər. Müstəqil ekspertlər DSK-nın bu kimi hesabatlarının əhalinin yoxsulluğu və gəlirləri haqda təsəvvür yaratmadığını deyirlər. Çünki rəqəmlərdən də göründüyü kimi, ən yoxsul əhali qrupu ilə yuxarı gəliri olanlar arasında fərq cəmi 2,8 dəfədir. İqtisadçı Rövşən Ağayev təklif edir ki, hökumət əhalini sərvət qrupları üzrə təqdim etsin. O zaman ölkədəki təbəqələşmənin daha aydın mənzərəsi görünəcək.

Gəlirini açıqlayan yoxdur

Azərbaycanda ümumi gəlir bəyannamələrinin təqdim olunmasına hələ başlanmayıb. Məmurların gəlir bəyannaməsinin təqdim etməsi haqda müddəa 2005-ci ildən qüvvədə olan «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda nəzərdə tutulsa da, hökumət bunun tətbiqini ləngidir. Ölkədə yoxsulluq səviyyəsinin 5 faiz ətrafında olduğu bildirilir. Rəsmi milyonçular isə, demək olar ki, yoxdur.

monitortv.info

10:14