Dövlət tərəfindən onkoloji xəstələrə pulsuz verilən dərmanlar kəsilib.

Onkoloji xəstələrin pulsuz dərmanları kəsildi: “Camaatımız səbirsizdir”

 

 

Etibarlı mənbələrdən daxil olan məlumata görə, Milli Onkoloji Mərkəzdə müalicə alan və mütəmadi kimyaterapiya qəbul edən xəstələrin dərmanları artıq pulsuz verilmir. Mart ayından etibarən onkoloji xəstələrin müalicəsi dövlət hesabından şəxsi hesaba keçib.

Xəstələrə bildirilib ki, bütün onkoloji müalicə və kimyaterapiya qəbulu onların hesabına həyata keçirilməlidir. Hətta həblərin alınması üçün xəstələrə reseptlər də təqdim olunub. Xəstəxana rəhbərliyi dərman qıtlığının baş vermə səbəbini büdcədə pulun olmaması ilə əsaslandırıb. İmkanı olmayan bəzi xəstələr bu vəziyyətdən çarəsiz qalıblar. Bildirilib ki, bir kursluq (10 günlük) kimyaterapiya qəbul etmək və digər xərclər 500 manata başa gəlir. Ardıcıl davam edən bu müalicə kursunu ödəmək isə heç də asan olmayacaq. 

Baş onkoloq Azad Kərimli Cebhe.info-ya açıqlamasında dərmanların verilmə vaxtında gecikmələr olduğunu deyib: “Dərmanlar kəsilməyib. Verilmə vaxtında bir az gecikmələr olur . İndi yox, həmişə belə olub. Ola bilsin ki, dərmanların arasında 3-5 gün fərq olur. Gələn dərmanları biz özümüz qəbul etmirik, xəstələrə verilir. Hamısı xəstələrindir. Amma dərmanlar kəsilməyib. Camaatımız səbirsizdir. Nəyimiz var, hamısını xəstələrə veririk”.
 

Alçina Amilqızı

Cebhe.info

 

11:38