“Dövlət televiziyalarına ayrılan məbləğin azaldılması təbiidir”

Ölkədəki maliyyə böhranının getdikcə dərinləşməsi və bütün sahələri tam formada əhatə etməsi göz önündədir. Vəziyyətin acınacaqlı olmasını hakimiyyətin rəsmi təbliğat ruporlarına ayrılan vəsaitin azaldılması da sübut edir. 2017-ci ilə dövlət televiziyasının müdcəsi bu ilkindən az olacaq. Hazırda büdcədən iki TV-yə AzTV və İctimai TV-yə vəsait ayrılır. 2017-də büdcədən maliyyə ayrılan TV-lərin hər birinin vəsaiti 2016-cı illə müqayisədə təxminən 4 milyon manat azalacaq. İctimai TV-nin xərcləri 15.5 mln. manatdan 11.5 mln. manata, AZtv-nin xərcləri 35.5 mln. manatdan 31.7 mln. manata endirilir. QHT Şurasının da büdcəsi 1.5 mln. manata yaxın azalacaq və 2016 üçün 6.5 mln. manatdan 5 mln. manata qədər azaldılır. Bununla yanaşı, KİV-ə Dəstək Fondunun büdcəsi dəyişmir – təxminən 4 mln. manat səviyyəsində saxlanır.  AZTV-yə, istərsə də İTV-yə ayrılan vəsait hələ də kifayət qədər yüksəkdir. Amma bununla belə hər iki kanal reytinqinə görə digər komerssiya kanallarından kəskin geri qalırlar.

Professor, media eksperti Qulu Məhərrəmlinin fikrincə, 2017-ci il üçün ölkə büdcəsinin azalması fonunda gələn il AzTV və İctimai TV-yə ayrılan vəsaitin də qismən azaldılması mənə təbii görünür. Q.Məhərrəmlinin sözlərinə görə, amma həmin “media qurumları ayrılan vəsaitin müqabilində dövlət və cəmiyyət qarşısında etimadı doğruldurlarmı” sualına müsbət cavab vermək çətindir: “Ona görə də indiki halda, xüsusən AzTV-yə ayrılmış 31.7 milyon manat məncə bir qədər şişirdilmiş görünür. Dövlət bu vəsaiti ona görə ayırır ki, AzTV inkişaf etsin, dövlət siyasətini kütlələrə çatdırmağın daha cazibədar formalarını tapsın, daha baxımlı proqramlar hazırlasın, cəmiyyətin duyğu və düşüncələrini dilə gətirsin, geniş auditoriya toplasın, yəni maddi sıxıntı çəkmədən öz yayımını yüksək səviyyədə həyata keçirsin. Həm də uşağa da aydındır ki, cəmiyyət və ümumdövlət maraqlarına xidmət edən telekanalın müsbət imici və nüfuzu olmalıdır, tamaşaçı ona etimad göstərməli, sözünə inanmalıdır. Təəssüf ki, AzTV-nin durumu haqqında bu sözləri demək olmur. Bu TV kanalın maliyyələşməsi ilə bağlı belə bir tendensiya aydın sezilir ki, Arif Alışanov sədr təyin olunduqdan sonra qurumun büdcəsi artırılır. 10 il əvvəl AZTV-nin büdcəsi təxminən 12 milyon manat idi. O zaman şirkətdə 3 minə yaxın əməkdaş çalışırdı, redaksiyalar normal fəaliyyət göstərir, hamı sabit maaş alırdı. Bundan başqa hər baş redaksiyanın saat həcminə görə qonorar və quruluş haqqı fondu var idi. Ayrılan pulların düzgün xərclənməsinə kollektiv nəzarət edilirdi. Son on ildə qurumun büdcəsi üç dəfədən çox artırılsa da, əməkdaşların təxminən yarısı ixtisar olunub, çalışanların yalnız üçdə biri maaş alır, yaradıcı işçilərin çoxu cüzi qonorarın ümidinə qalıb”.
Q.Məhərrəmlinin sözlərinə görə, bu müddətdə xüsusi xərc tələb etməyən əlavə iki kanal açılıb, ciddi yaradıcılıq uğurları olmasa da, AzTV ən müasir texnika ilə təchiz edilib, amma bunlar ayrılan vəsaitin az bir hissəsi hesabına formalaşdırılıb: “Əlbəttə, vəsaitin ayrılması vacbidir. Ancaq, onun düzgün xərclənməsi başqa məsələ. AzTV-nin maliyyə fəaliyyəti ilə bağlı mətbuatdakı araşdırma yazıları çox adamda dövlətin ayırdığı maliyyə vəsaitinin düzgün xərclənməməsi qənaətini formalaşdırır.  Deməli, televiziyanın inkişafına daim qayğı göstərən dövlətin indiki çətin maliyyə şəraitində ayırdığı vəsaitin düzgün xərclənməsinə ciddi nəzarət olunmalıdır”.

Hikmət
(Azadliq.info)

14:12