Dövlət Təbriz metrosu üçün bir rial belə ödəməyib

Təbriz şəhər bələdiyyəsinin başqanı bunu etiraf etmək zorunda qalıb

Güney Azərbaycanın başkəndi Təbrizin bələdiyyə başqanı şəhərin metro tikinti layihəsinin icrası və ona xərclənən vəsaitlə bağlı danışarkən dövlətin bu layihəyə ayırdığı büdcə vəsaitinə də işarə edib.
“Dövlət ötən illərdə Təbriz Metro Layihəsinin icrasına 700 milyard tümən vəsait ödəyib. Lakin cari ildə dövlət tərəfindən bu proje üçün bir rial belə ödənilməyib”- deyə Sadiq Nəcəfi mətbuata bildirib.
İmkanların məhdud olmasına rəğmən bu günə kimi layihənin icrasının dayanmadığını deyən bələdiyyə başqanı projenin yüksək məbləğdə vəsait tələb etdiyini diqqətə çatdırıb: “Təkcə bir dayanacağın tikintisinə 60 milyard tüməndən çox vəsait tələb olunur, bu o deməkdir ki, dövlətin yardımı olmadan bu layihə heç bir şəkildə icra oluna bilməz”.
“Metro nəqliyyat vasitəsi olmaqdan başqa həmdə şəhərin görkəmində mühüm rol oynayır. Ona görə də, metro dayanacaqlarının tikilməsində memarlıq və dizayn işləri şəhər əhalisinin keçmişi və mədəniyyətinə uyğun bir şəkildə həyata keçirilməlidir”- deyə Sadiq Nəcəfi əlavə edib.
Qeyd edək ki, İran mollakratiya rejimi Güney Azərbaycan məsələsində sadəcə ideoloji müstəvidə deyil, daha çox sosial-iqtisadi yöndə daim məqsədli şəkildə aşağılayıcı bir tərzdə siyasət yürüdüb. Ona görə də, Güney Azərbaycanın hər bölgəsində həyat tərzi və sosial-iqtisadi durum fəlakətli bir haldadır.

Xudaferin.eu

13:55