Dövlət susur: Dəstəyin o başındakı sükut

 

Dövlət qurumlarının “Qaynar xətt”i işləmir

Ölkədə fəaliyyət göstərən dövlət qurumları, nazirliklər və idarələrin “qaynar xətt”ləri vətəndaşları boğaza yığıb. "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" ilə təsdiq olunan "qaynar xətt" nömrələrində problemləri dinləyən belə tapılmır. Dövlət qurumlarının, nazirliklərin elektron versiyaları yaradılsa da, vətəndaşların müxtəlif qurumlarda hüquqlarının pozulması, şikayətlərin dinlənilməməsi, müraciətinə baxılmaması kimi hallara geniş rast gəlinir. Xatırladaq ki, "Qaynar xətt" nömrələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" təsdiq olunub. Elektron hökumətlə yanaşı “Qaynar xətt”əhaliyə xidmət göstərmək əvəzinə, insanların əsəblərini korlayır. Son vaxtlar bununla bağlı redaksiyamıza olunan şikayətlərin ardı-arası kəsilmir. Şikayətçilərin ən çox gileyləndiyi “Azəriqaz” İstehsalat Birliyinin “185” və “104” “Qaynar xətt” xidmətləridir. Əsasən bu xidmətlə qaz təchizatı sistemində “mavi yanacaq”dan istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin aradan qaldırılması, istehlakçılar arasında mənzillərdə və digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydaları, eləcə də qaz təsərrüfatında yaranmış problemlərlə bağlı abunəçiləri maraqlandıran suallara cavab verilir. Bundan əlavə mənzillərdə baş vermiş hər hansı qəza və problemlərlə bağlı bu xidmətə müraciət olunur.

Şikayətçilərin dediyinə görə gün ərzində 104 və 185 xidmətlərinə düşmək müşkül məsələyə çevrilib. “Qaynar xətt”lə əlaqə zamanı abonenti ən azı yarım saat xəttdə gözlətməli olurlar. “Operatorlarımız məşğuldur” deyə ard-arda gözləmə mövqeyində qalan vətəndaş sonda səbirsizlənərək xidmət sahəsindəki operatorlardan biri ilə danışmaqdan imtina edir. Birbaşa xidmət sahəsi kimi nəzərdə tutulsa da, ora düşmək çətinliklə başa gəlir. Operatorla əlaqə baş tutandan sonra isə problemin ikinci mərhələsi baş verir.Belə ki, operator vətəndaşın bütün şikayətlərini dinləyəndən sonra ünvanını, onun haqqında məlumatları qeydə alır və problem yaranan ünvana iki gün ərzində əməkdaşlarını göndərəcəklərini bildirirlər.Amma bu əməkdaş nəinki gəlib çıxır, onun ümumiyyətlə, izi-tozu görünmür.

Qeyd edək ki, ölkədə 17 dövlət qurumunun "Qaynar xətt"i fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
 

Azərbaycan Respublikasının Baş Prokurorluğu - 161

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi - 102

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi - 192

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti - 919

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu- 190

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi - 539 76 75

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi – 193
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi - 112

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi - 195-2

Azərbaycan Respublikasının Mərkəzi Bankı - 493 11 22 daxili nömrə 3-87

Azərbaycan Respublikası Prezdenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 465 34 71

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 1655

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi - 9103

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 963

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - 146

Azərbaycan Respublikasının Vergilər Nazirliyi – 195
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 142

 

Bu qurumların eyni zamanda da ayrı-ayrılıqda email ünvanları var ki, problemi olan vətəndaşların birbaşa müraciəti üçün yaradılıb. Amma vətəndaşın problemlərinin vaxtında həlli üçün yaradılmış bu qaynar xətt və elektron ünvanlar heç də çevik və operativ işləmir. Bəzən həftələrlə, hətta aylarla həmin ünvanlara müraciət edənlər olur. Daha çox bölgələrdə yaşayan sakinlər bu email ünvanlara müraciət edirlər ki, onların müraciətləri cavabsız qalır. Vətəndaşlara qarşı bu biganəlik son vaxtlar daha geniş vüsət alıb.Şənbə, bazar günləri bəzi qurumlar qaynar xətlərini avtomatik operatora qoşurlar ki, problemi söyləsən də yardım edən olmur.Bax, bu vətəndaşa çətinlik yaradır.İstənilən vətəndaşın istirahət günlərində də istənilən məsələ ilə bağlı çətinliyi yarana bilər.Qurumlar ən azı bir nəfəri qaynar xətt üçün ayırmalıdır ki, istirahət günləri də vətəndaş çətinlik çəkməsin. Vətəndaşları boğaza yığan digər qaynar xətlərdən biri də Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qaynar xəttidir.Bu quruma müraciət edən vətəndaşlardan biri “Cümhuriyət” qəzetinə deyib ki, yaşadıqları binadakı bloku dezinfeksiya etmək üçün adıçəkilən quruma müraciət ediblər.Nəticədə 3 saat vaxt itiriblər.Qurumdan vətəndaşa lazım olan şəxslə əlaqə saxlamaq üçün hardasa 30-a yaxın nömrə verilib.Sonda isə şikayətçini özəl şirkətlə əlaqələndiriblər.Vətəndaş deyir ki, əziyyət çəkib dövlət qurumuna müraciət etmək lazım deyil.Əsas rolu maddiyyat və özəl şirkətlər tutur. Digər vətəndaşın bildirdiyinə görə mobil operatorların qaynar xətləri həddindən artıq bərbad vəziyyətdədir.Əlaqə zamanı operator bütün rəqəmləri sadalayır, ən azı 20 dəqiqə gözlədəndən sonra operatorlarının məşğul olduğunu deyirlər. Sonra biri telefona cavab verir və deyir: “Bu bizim səlahiyyətimizdə olan məsələ deyil”. Hələ axırda da utanmaz-utanmaz operator zənglərinin keyfiyyəti haqqında abonentin sorğuda iştirak etməyini xahiş edir.

Alçina Amilqızı

Cebhe.info

 

07:02