“Dövlət Sosial Müdafiə Fondunu saxlamağa ehtiyac yoxdur”

 

Nazim Bəydəmirli: “Pensiya yaşını artırmaqla, bu vəziyyədən çıxmaq düz yol deyil”

Namizəd Səfərov: “Hakimiyyət vətənadaşlarına pensiya vermək istəmir”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlı təkliflərdə bəzi anlaşılmayan məqamlar diqqəti çəkir. Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verdiyi açıqlamada sözügedən qanuna təklif edilən bu dəyişikliklərə aydınlıq gətirib. Komitə sədri nəzərə çatdırıb ki, qanunun iyulun 1-dən etibarən qüvvəyə minməsi təklif edilir: “Məsələn, indi qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hər il 6 ay (yarım il) müddət pensiya yaşının üstünə gələcək. Gələn il bu hədd 61, o biri il isə 61 yarım, ondan sonrakı il 62 olacaq. Bu cür hesablama ilə 10 ilə qadınların yaş həddi 65 olacaq. Ancaq hazırda hər hansı qadının 60 yaşı varsa, pensiyanı sənədləşdirə bilər. Amma gələn ildən etibarən bu rəqəm 60 yaş yarımdan sonra olacaq”.

 

“Rəqmləri şişirtmək kimi yaxşı istedadları var”
 

Mövzu ilə bağlı keçmiş millət vəkili Nazim Bəydəmirli Hurriyyet.org-a bildirdi ki, pensiya islahatları çox ağrılı keçir: “Post-sovet ölkələrinin hamısında olduğu kimi, bizdə də bir neçə dəfə - 1993, 2000, 2006-cı illərdə pensiya islahatları aparılıb. Pensiyanın yığım hissəsi, baza hissəsi, sığorta hissəsi müəyyən olunub. Sonuncu qərarda da artıq baza hissəsindən imtina olunub, yəni baza hissəsi dövlət büdcəsi hesabına formalaşırdı. 2015-ci ilə hədəf var idi ki, özəl pensiya fondları yaradılsın. Görünən odur ki, heç bir nəticə alınmadı. Biz dəfələrlə təklif etmişik ki, Gürcüstan modeli seçilməlidir. Pensiya yaşını artırmaqla, bu vəziyyədən çıxmaq düz yol deyil. Əslində, pensiya almaq üçün müddət dünya praktikasında 12 il hesab olunur. Ancaq inkişaf etmiş olkələdə pensiya yaşı ona görə artırılır ki, əhalinin orta ömür yaşı yüksəkdir. Məsələn, Yaponiyada bu 82, Amerikada 81 ildir. Baxmayaraq ki, Azərbaycan əvvəllər uzun ömürlülər diyarı hesab olunurdu, Ermənistanın təcavüzündən sonra məcburi köçkünlərin çox olduğu bir zamanda, hətta dünya səhiyyə təşkilatın rəqəmlərində Azərbaycanda orta ömür yaşı 70 rəqəmi ətafındadır. Düzdür, bizim statisik rəqmləri şişirtmək kimi hökumətin bəzi üzvlərinin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxşı istedadları var. Ancaq biz bilirik ki, hətta 63 yaş olduqda belə, indi orta pensiya almaq həddi heç 12 il etmir. Qadınların və kişilərin 65 yaşda pensiyaya çıxarılmalarının uzunömürlülüklə əlaqələndirilməsini dorğu saymıram. Dəfələrlə sübut olunub ki, Azərbaycanda orta ömür səviyyəsi çox aşağıdır. Dünya Səhiyyə Təşkilatı tərəfindən açıqlanan rəqəmlərə görə də pensiyada qalmaq 12 il yox, 5-6 il imkan verəcək. Yəni iqtisadi inkişaf etmiş ölkələrdə səhiyyə xidməti çox yüksək və iqtisadi dayanıqlıq möhkəm olduğuna görə, insanlar orada daha uzun ömür sürürlər və pensiya çıxma yaşının artırmaq orada başa düşülür. Ancaq Azərbaycanda pensiya yaşını artırmaqla bağlı aparılan islahatlar ancaq bir məqsədi daşıyır ki, pensiya fondunda olan vəsaitlər pensiyanı vermək üçün kifayət emir. Ona görə, əlavə mənbəni tapmaq yolunu ancaq bu yolda görürlər”

“Gürcüstan modelinə keçmək lazımdır”

N.Bəydəmirli altını çızaraq vurğulayır ki, problemdən çıxış yolu olaraq Gürcüstan modelinə keçmək lazımdır: “Gürcüstanda Dövlət Sosial Müdafiə Fondu yoxdur. Sosial pensiya fonduna yığılan vəsait, hansı ki, 25 faiz, eyni zamanda əhalidən əməkhaqqından tutulan gəlir vergisi - 14 faiz birləşdirilib, ümumilikdə 39 faiz edir. Əvvəl Azərbaycandakı kimi idi. Ondan 20 faiz sosial vergi tətbiq olunur və o sosial vergini Vergilər Nazirliyi toplayır və Maliyyə Nazirliyi pensiya həddinə çatmış insanlara dövlət büdcəsindən pensiya verir. Yəni əlavə ştatlar Dövlət Sosial Müdafiə Fondu, mərkəzi icra hakimiyyəti saxlamağa ehtiyac yoxdur. Çünk bu fond özün doğrultmadı. O baxımdan, hesab edirəm ki, Gürcüstan modelinə keçib, sosial sığorta haqqı ilə gəlir vergisini birləşdirib, sosial vergi anlayışını gətimək lazımdır və əhalidən formalaşan vergi hesabına normal pensiya vermək lazımdır. O zaman nə ikili mühasibatlıq olacaq, nə də verigdən yayınma olacaq. Bu, normal olacaq. Bu islahatı aparmaq əvəzinə, çox təəssüf edirəm ki, hökumət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və Dovlət Sosial Müdafiə fondunu birləşdirsə də, bu qurumu saxlamaqla dövlət büdcəsinə əlavə yük edib. Ona görə, hesab edirəm ki, Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasında bir sosial nazirlik yaratmaq lazımdır və bu məsələləri büdcə hesabına həll etmək daha məqsədəuyğun olar”.

 

“Hadı Rəcəbli və onun Milli Məclisdə oturan qohum-əqrabası elə qanun deməkdir”

 

Hüquqşünas Namizəd Səfərov isə hesab edir ki, qanunvericlikdə belə bir müddəa yoxdur ki, 6 aydan bir pensiya yaşı artırılsın: “Qanunvericlik nədir? Hadı Rəcəblinin özü qanunvericidir, Milli Məclis qanunverici orqandır. Yəni Mili Məclis istədiyi iclasda istədiyi hüqüqi aktı qəbul edir. Deyir, indiyə kimi belə deyildi, bundan sonra belə olacaq. Buradan da belə bir nəticə çıxır ki, Hadı Rəcəbli və onun Milli Məclisdə oturan qohum-əqrabası elə qanun deməkdir. Yəni burada qeyri-adi heç nə yoxdur. İkinci bir tərəfdən pensiya təminatı haqqnda qanun var. Həmin qanuna görə, həm qadınların, həm də kişilərin pensiyaya çıxma qaydaları müəyyən olunub. Milli Məclis 2 gündən bir qanunvericliyə əlavə edir. Bu yaxınlarda pensiya yaşına əlavə etmişdi. Indi isə 60 yaşdan sonra, 6 aydan bir pensiya yaşını artırmaq istəyirlər. Bunu bəziləri baş düşməyə də bilər. Bu o deməkdir ki, 5 il ərzində 3 yaş artacaq. Yəni dünənki gün yaş 62-dirsə, bunu 6 il ərzində 65-ə çatdırılacaq, yəni vətəndaş gözləyir ki, bu ilin axırına onun 62 yaşı tam olcaq, pensiyaya çıxacaq, artıq onu 6 ay uzadacaqlar”.

“Hadı Rəcəbli qərbristanlıqlara baxsın, görsün son 20 ildə 65 yaşa çatan var?!”

 

O ki qaldı insanların orta yaş həddinin yüksək olması haqda Hadı Rəcəblinin açıqlamasına, N.Səfərov “Hadı Rəsəvəbli hətta deyə bilər ki, bizdə orta yaş həddi 90-dır. Ancaq Hadı Rəcəbli dəfn mərasimlərində iştirak edirsə, getsin bir qərbristanlıqlara baxsın, görsün son 20 ildə 65 yaşa çatan var?! Hamısı gənc insanlardır, ölüblər” – deyə bildirdi. Hüquqşünas hesab edir ki, hakimiyyət vətəndaşına pensiya vermək istəmir: “Qəbul edilən bu aktların cavabı, nəticəsi var. Hakimiyyət vətənadaşlarına pensiya vermək istəmir. Deyir ki, pensiyaya çıxandan 6 sonra ölməlisən. Daha yaxşı olar ki, işləyə-işləyə öləsən. Sənə heç pensiya verməyə”.

Şamo Emin
Hurriyyet.org

 

06:19