Dövlət qurumlarında yoxlamaların PƏRDƏARXASI

 

Yeyinti aşkarlanan qurumlar ləğv ediləcək

Natiq Cəfərli: “Palatanın verdiyi rəylər əsas götürülərək cəza tədbirləri görülməlidir”

Hesablama Palatasının dövlət qurumlarında apardığı yoxlamalar nəticəsində büdcə vəsaitlərinin xərclənməsində ciddi nöqsanlar və külli miqdarda yeyinti aşkarlanıb. Belə ki, Hesablama Palatası öncə Mədəniyyət və Turizm Nazirliyi, sonra “Azəriqaz” ASC, indi isə AMEA-da apardığı yoxlamalar nəticəsində külli miqdarda yeyinti faktları aşkarlayıb və yoxlamaların nəticəsi haqqında aidiyyatı qurumlara rəy göndərib. Maraqlıdır ki, yoxlama aparılan bütün dövlət qurumlarının tamamında büdcə vəsaitlərinin yeyintisi aşkarlanıb. Bu isə onu deməyə əsas verir ki, bu gün hansı dövlət qurumunda yoxlama aparılsa, eyni mənzərənin şahidi olacağıq. Qeyd edək ki, Palatanın Mədəniyyət və Turizm Nazirliyində apardığı audit yoxlamaları nəticəsində 3 film studiyasında, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində ümumilikdə 305 milyon 650,8 min manat məbləğində yeyinti faktı aşkarlanıb. “Azəriqaz” ASC-də aparılan yoxlamalar zamanı isə “Azəriqaz”ın balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürüldüyü üzə çıxıb. Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirdiyi auditin yoxlamalarının nəticəsində AMEA-nın İşlər İdarəsi üzrə ümumilikdə 46390,3 min manat məbləğində yeyinti faktı aşkarlayıb. Hesablama Palatasının ictimaiyyətə təqdim etdiyi bu məlumatlardan sonra hər kəs bu qurumlara rəhbərlik edən şəxslərin və ya məsuliyyət daşıyanların ciddi şəkildə cəzalandırılacağını gözləyirdi. Ancaq gözlənilənlər olmadı. Korrupsiya, yeyinti faktları var, amma cəza mexanizmi yoxdur. Hesablama Palatasının rəyi əsasında büdcə vəsaitlərinin aidiyyatı üzrə xərclənmədiyi üzə çıxır, amma hüquq-mühafizə orqanları susur.

İqtisadçı-ekspert Natiq Cəfərli şərhində deyib ki, Palatanın rəyi əsasında hüquq-mühafizə orqanları aşardırma aparmalı və ciddi cəzalar tətbiq etməlidir:  “Qanunvericilikdə də göstərilir ki, Hesablama Palatası apardığı yoxlamaların nəticəsi ilə bağlı həm Milli Məclisə, həm də aidiyyatı qurumlara məlumat verməlidir. Yoxlamaların nəticəsi olaraq isə hüquq-mühafizə orqanları hərəkətə keçməlidir və yoxlama aparılan qurumlarda araşdırma aparmalıdır. Məntiqlə də Hesablama Palatası heç kimi cəzalandıra bilməz. Palata ancaq büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edir. Növbəti mərhələdə isə artıq cinayət əməllərinin araşdırılmasını hüquq-mühafizə orqanları aparmalıdır. Palataya isə büdcə vəsaitlərinin xərclənməsini yoxlamaq üçün dövlət tərəfindən maliyyə ayrılır. Təəssüf ki, yoxlamalarda aşkarlanan yeyinti faktlarına görə ciddi cəzalandırmanın, idarəetmə dəyişikliklərinin şahidi olmamışıq. Amma bunun günahı Hesablama Palatasında deyil. Çünki, onların qərar vermə, cinayət araşdırma funksiyası yoxdur. Palata ancaq büdcə vəsaitlərinin necə və hara xərcləndiyinə nəzarət edir, bununla bağlı arayış verir. Qanunvericiliyə görə isə Hesablama Palatasının ilkin rəyi hüquq-mühafizə orqanlarının araşdırma aparması üçün əsas ola bilər. İndi bu əsaslar var, amma hüquq-mühafizə orqanları bununla bağlı heç bir əməli iş görmürlərsə, bu artıq onların problemidir. Hüquq-mühafizə orqanlarından soruşulmalıdır ki, Hesablama Palatasının rəylərinə əsaslanaraq niyə heç bir araşdırma aparılmır? Əslində isə hüquq-mühafizə orqanları Palatanın yoxlamalarını əsas tutaraq cinayət araşdırmalarına başlamalıdır”.

Ekspert hesab edir ki, yeyinti faktları aşkarlanan qurumların gələcəkdə ləğv edilməsi və ya aidiyyatı qurumlara birləşdiriləcəyi ehtimalı yüksəkdir: “Təbii ki, xərclərin azaldılması və idarəetmənin optimallaşdırılması yolunda bu günə qədər ciddi effekt verməsə də müəyyən addımlar atılıb. Amma bundan sonra daha ciddi addımların atılacağı ehtimalı daha çoxdur. Çox güman ki, Hesablama Palatasının verdiyi rəylər də nəzərə alınaraq, idarəetmənin optimallaşdırılması çərçivəsində dövlət qurumlarının və hətta nazirliklərin birləşdirilməsi yenidən gündəmə gələ bilər”.

 

Vilayət Muxtar
Cebhe.info

 

06:14