Donald Tramp Kim Çen Inla görüşmək üçün Hanoya gəlib

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla ikinci sammitin keçiriləcəyi Hanoy şəhərinə gəlib.

Xudaferin.eu xarici KİV-lərə istinadla xəbər verir ki, Donald Trampın “JW Marriott” otelində qalacağı gözlənilir. Ağ evin məlumatına əsasən, ABŞ Prezidentinin rəsmi proqramı fevralın 27-də başlayacaq. O, yerli vaxtla səhər saat 11-də Vyetnam Prezidenti Nquen Fu Çonqla görüşəcək. Bundan sonra Vyetnamın nümayəndə heyəti ilə geniş tərkibdə danışıqlar və ticarət məsələləri barədə sənədin imzalanması planlaşdırılır. Donald Tramp, həmçinin Vyetnamın Baş naziri Nquen Suan Fukla geniş heyətlə müzakirələr aparacaq.

Fevralın 27-də axşam saatlarında ABŞ Prezidenti Şimali Koreya lideri ilə bir araya gələcək. Amerika və KXDR liderləri təkbətək formatda danışıqlar aparacaq. Görüşdən sonra baş tutacaq şam yeməyinə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo və Ağ ev aparatının rəhbəri vəzifələrini icra edən Mik Malveni də qoşulacaq. Kim Çen Inı isə şam yeməyində Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çhol müşayiət edəcək.

Xudaferin.eu

20:58