Dolların ucuzlaşma səbəbi: Hökumət böhranı manatla ört-basdır edir

 

Natiq Cəfərli: “Mərkəzi Bankın yürütdüyü siyasət ciddi problemlərə yol açacaq”

 

Son günlər manatın dollar qarşısında müəyyən qədər möhkəmlənməsi müşahidə olunur. Həm rəsmi məzənnədə, həm də kommersiya banklarında dollar alış-satış qiymətlərində ucuzlaşma baş verib. Amma burada qaranlıq bir məqam var. Ölkə böhrandan çıxdı ki, manat möhkəmlənməyə başlayır? Əslində dolların ucuzlaşmasının Azərbaycan iqtisadiyyatının böhrandan çıxması anlamına gəlmir. Belə ki, dolların ucuzlaşması birbaşa olaraq Azərbaycan Mərkəzi Bankının artıq 2 aydan artıqdır ki, sərt pul siyasətinə keçməsidir.

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, manatın möhkəmlənməsi süni prosesdir. Onun sözlərinə görə Mərkəzi Bankın yürtdüyü siyasət iqtisadi aktivliyin zəifləməsinə səbəb olub: “Dünyada gedən proseslərə və Azərbaycanın makroiqtisadi göstəricilərinə nəzər salsaq, bu prosesin təbii olmadığı üzə çıxır. Yeganə iqtisadi səbəb odur ki, Azərbaycan Mərkəzi Bankı manat dövriyyəsini iki dəfə azaldıb. Manat dövriyyəsi azaldıqca iqtisadi aktivlik də azalır. Sərbəst manat kütləsi insanlarda az olduğuna görə dollara tələbat azalıb. Bu prosesin yeganə məntiqli izahı bundan ibarətdir. Dünya iqtisadiyyatına baxdıqda görürük ki, son günlər yenidən dolların möhkəmlənməsi prosesi gedir. Hətta qonşu ölkə Türkiyədə lirə dəyərdən düşüb, Rusiyada rubl 2 faizə yaxın ucuzlaşıb, Qazaxıstanda eyni proses gedir. Yəni, həm bölgə, həm də dünya ölkələrində dolların möhkəmlənməsi prosesi gedir. Azərbaycan iqtisadiyyatına isə baxdıqda görürük ki, makroiqtisadi göstəricilərdə dəyişiklik yoxdur. Əsas ixracat məhsulumuz olan neftin qiymətinə böyük artım qeydə alınmayıb. Son bir ayda neftin qiyməti 52-55 dollar arasında dəyişib. Digər tərəfdən Azərbaycanın neft ixracatı azalıb. Neftin hasilatının və ixracatının azalması dolayısı ilə Azərbaycanın gəlirlərinin azalması deməkdir. Yəni, heç bir təbii proses yoxdur ki, dolların ucuzlaşmasının məntiqi izahını versin”.

Ekspert həmçinin əlavə edib ki, Mərkəzi Bank manat kütləsini sıxmağa davam edərsə bu çox ciddi problemlərə yol açacaq. N.Cəfərli hesab edir ki, bu gün məzənnənin sabitliyindən daha çox iqtisadi aktivliyin artması vacibdir: “Obrazlı şəkildə desək, manat dövriyyəsi insan bədənində qanın dövr etməsinə bənzəyir. İnsan qan itirdikdə necə halsızlaşır və aktivliyini itirirsə, iqtisadiyyatda da monetar pul siyasəti sərtləşdikcə iqtisadi aktivlik ölür. Mərkəzi Bankın apardığı siyasət müvəqqəti olaraq manatın məzənnəsini sabitləşdirsə də, bu eyni zamanda iqtisadi durğunluğun yaranmasına səbəb olur. Bu isə Azərbaycan iqtisadiyyatında məzənnədən daha çox problem yaradır. Gələcəkdə bunun yaratdığı problemləri daha açıq şəkildə görə biləcəyik. Yəni, bu süni prosesdir və hesab edirəm ki, Mərkəzi Bank və hökumət bu prosesin nə zamana qədər davam edəcəyi haqqında fəlsəfi qərar verməlidir. Ya məzənnəni belə sabit saxlamalıdır və ya iqtisadi aktivliyin artmasına şərait yaratmalıdır ki, daha çox iş yeri yaransın və insanlar işləyib pul qazansınlar. İndi hansı yolu seçəcəklərsə, iqtisadiyyatın vəziyyəti də ondan asılı olacaq. Uzun müddət manat kütləsini sıxıb saxlamaqla düşünürəm ki, Azərbaycan iqtisadiyyatına daha böyük ziyan vuracaqlar”.

Vilayət Muxtar

Cebhe.info

 

05:07