Dolları ram etmək mümkün deyil

Azərbaycan Respublikası Mailyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları əhalinin çox toplaşdığı ərazilərdə gəzirlər. Kəşfiyyat xarakterli müşahidələrdə əsas məqsəd qanunsuz valyuta mübadiləsi aparanları müəyyən etməkdir. Bu barədə jurnalistlərə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“Bazardakı qanunsuz əməlləri diqqətdən kənarda qoymuruq. Bizə də bu barədə məlumatlar daxil olur, o cümlədən, əhalinin çox toplaşdığı yerlərdə monitorinqlər aparırıq. Biz qanunsuz valyuta əməliyyatı aparan şəxsləri aşkar edərək, hüquq mühafizə orqanlarına müraciət edirik. Bir müddət öncə, prokurorluq, təhlükəsizlik orqanları və bizim Palatanın əməkdaşları ilə birgə bir əməliyyat keçirilmişdir. Bu zaman bir qrup qanunsuz mübadilə əməliyyatları aparan şəxslər və obyektlər aşkar edilərək qanunamüvafiq tədbirlər görülmüşdür”.
Son zamanlar bizə bu barədə müraciətlər daxil olur. Xüsusilə, mətbuat vasitəsilə də məlumatları toplayırıq. Əldə etdiyimiz məlumatları hüquq – mühafizə orqanlarına əməliyyat üçün təqdim edirik. Ümid edirəm ki, yaxın günlərdə müvafiq orqanlar tərəfindən daha aktiv və operatv tədbirlər görüləcəkdir”,- Rüfət Aslanlı bildirib. (Marja) Manata qarşı təzyiqlərin davam etməsi, dollar ajiotajının aradan qalxmaması hökumətin bu istiqamətdə ciddi problem yaşadığını deməyə əsas verir.
İqtisadçı Samir Əliyev bildirdi ki, manatın hələ də bazarda real dəyərini almaması bu cür problem yaradır. S.Əliyevin sözlərinə görə, manat real olaraq üzən məzənnəyə keçsə, o zaman milli valyuta dollar qarşısında xeyli aşağı düşər: «Manat real dəyərini almadığına görə dünyada baş verən proseslərin manata elə bir təsiri yoxdur. Ona görədir ki, dünyada dollar ucuzlaşanda Azərbaycanda bahalaşır və ya tərsinə. Neftin qiymətinin dəyişməsinə uyğun olaraq Rusiya və Qazaxıstan valyutası dəyişir. Amma bu proses manatla bağlı baş vermir. Bunun səbəbi odur ki, manat real qiymətini almayıb. Bunun da səbəbi odur ki, manat birdən-birə buraxılsa kəskin məzənnə dəyişikliyi baş verə bilər. Bu da ölkədə çox böyük gərginlik yarada bilər. İki devalvasiyadan sonra yaranan fəsadlar hələ də aradan qaldırılmayıb. Mərkəzi Bank pul kütləsini məhdudlaşdırır ki, bazara əlavə maliyyə vəsaiti girməsin və ya büdcənin yarısı məhdudlaşdırılıb. Neft Fondu büdcəyə transfer etməli olduğu vəsaiti 58 faiz icra edib. Bu addımlar hesabına bu gün məzənnəni saxlayırlar. Eyni zamanda idxalın da məhdudlaşdırılması istiqamətində addımlar atılıb».
S.Əliyev onu da bildirdi ki, bütün bu əməliyyatlara baxmayaraq manatın kursunu uzun müddət bu cür saxlamaq olmaz. Çünki iqtisadiyyatı dirçəltməyin yolları dövriyyədəki pul kütləsini artırmaq, biznesi canlandırmaqdır. İqtisadiyyatın getdikcə kiçildiyini deyən S.Əliyev vurğuladı ki, dollara tələbat yenidən artıb. Ay ərzində bazarda 300-400 milyon dollar kəsirinin yarandığını söyləyən ekspert qeyd etdi ki, bu kəsiri örtmək üçün ya Neft Fondunun, ya da Mərkəzi Bankın ehtiyatları xərclənməlidir: «Dollara tələbatı yaradan daha bir amil bağlanan banklardan bazara yönələn vəsaitlərdir. Digər tərəfdən büdcə icrası məhdudlaşdırılsa da, ilin sonuna doğru bu icra olunmalıdır. Təcrübədən bəllidir ki, ilin sonuna büdcə icra olunur. Dekabrda büdcə sürətlə xərclənməyə başlanılır.  Neftin qiyməti də manatın məzənnəsinə təsir edən faktorlar sırasındadır».

Xudaferin.eu 

11:52