“Dollar mafiyası”ndan yeni devalivasiya planı

Bu gün valyuta bazarında dollar tapmaq müşkülə çevrilib. Bir müddət öncəyə qədər banklar dollar satışı aparmadığı üçün vətəndaşlar “qara bazar”a üz tuturdular. Hökumətin “qara bazar” əməliyyatından sonra vətəndaşlar bu imkandan da məhrum oldular. Bu gün artıq heç bir yerdən dollar almaq mümkün deyil. Bu isə o deməkdir ki, manata qarşı təzyiq daha da güclənib. Ümumiyyətlə, tələbat olan yerdə hər zaman valyuta dəyər qazanır. Bu gün isə tələbat dollaradır və bu da onun dəyər qazanması üçün yaxşı zəmin yaradır. Ölkədə “qara bazar”ın fəaliyyət göstərməsi təbii ki, ürəkaçan hall deyil. Ancaq aparılan prosesdən görünür ki, bu manatın dayanıqlığını bərpa etməyə yox, birbaşa olaraq kimlərinsə maraqlarına xidmət edir. Kimlərsə manatın kəskin şəkildə ucuzlaşmasında maraqlıdır. Hökumət bu gün “qara bazar”la mübarizə aparır, ancaq aparılan mübarizə effektsizdir. Mübarizənin effektsiz olmasının yeganə səbəbi isə dollar alverindən pul qazanan bəzi oliqarx məmurlardır. Xarici kapittalarını daha da dəyərləndirmək üçün hökumətin “qara bazar”ın ləğv olunması yönündə atdığı addımları müxtəlif yollarla əngəlləyirlər. Əslində bankların dollar satışı həyata keçirməməsinin səbəbi məhz bununla izah olunur.Digər tərəfdən dollar mafiyasının bu əməlləri birbaşa olaraq növbəti devalvasiyanın olmasına şərait yaradır. Bu isə dövlət maraqlarına zidd olan əməllərdir. Hökumət isə bunun qarşısını almaqda çətinlik çəkir. Səbəb isə əslində sadədir. Dollar alverilə məşğul olan şəxslər bu gün hökumətdə yüksək vəzifə tutanlardır. Bu da onlara daha rahat və maneəsiz hərəkət etmək imkanı verir. Nəticədə isə yalnız bir necə şəxsin qazandığı prosesdən bütövlükdə dövlət və xalq itirir.

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bankların dollar satışı həyata keçirməməsi manatın sürətlə ucuzlaşmasına səbəb olur. Onun sözlərinə görə, bunun qarşısını almağın yeganə yolu bankların valyuta satışını bərpa etməsidir: “Biz “qara bazar”ın ləğvini bir müddət öncədən də təklif edirdik. Amma “qara bazar”ın ləğvi dollar satışının təşkil olunması formasında həyata keçirilməli idi. Manatın növbəti dövrlərdə kəskin devalvasiyaya gedəcəyini demək çətindir. Ancaq reallıq ondan ibarətdir ki, bu gün dollar almaq mümkün deyil. “Qara bazar”ın fəaliyyəti inzibati yollarla aradan qaldırılıb. Banklar isə dollar satışını dayandırıb. Bu baxımdan sahibkarlar və sadə vətəndaşlar dollar tələbatını ödəyə bilmir. “Qara bazar”ın inzibati yollarla ləğv edilməsi və bankların satışı həyata keçirməməsi ona gətirib çıxarır ki, manat daha sürətlə dəyər itirir. Manatın ucuzlaşmasının surəti o, zaman dayanacaq ki, banklar Azərbaycan Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq dollar satışını bərpa edəcək. Banklar valyuta satışını bərpa etməyəcəksə və yenə də sıxışdırılmış “qara bazar” müxtəlif yollarla dollar satacaqsa bu manatın dəyərsizləşməsinə gətirib çıxaracaq. Bu proses artıq baş verir. Belə ki, “qara bazar”da dollar bir müddət öncə 1.83 manat idi, indi isə bu rəqəm 1.92 manat təşkil edir. Əgər banklar yenə də dollar satmayacaqsa, manatın ucuzlaşma prosesi davam edəcək”.

Vilayət Muxtar
Cebhe.info

11:09