Dollar böhranı arxada qaldı? - İqtisadıçılar “aldadıcıdır” deyir

 

2015-ci ilin fevralın 21-də ilk devalvasiyanıın baş verməsi ilə dolların manatla müqayisədə məzənnəsi birdən-birə 1.05 oldu. İkinci devalvasiyadan sonra isə bu rəqəm 1.50 manata çatdı. Xüsusən də, 2016-cı il ərzində dolların məzənnəsinin artan tempi müşahidə edildi. Dolların məzənnəsi ən yüksək həddə- 1.92-də dayandı. Yalnız bu ilin yanvarından etibarən dolların məzənnəsində azalma nəzərə çarpdı. Hazırda dolların alış məzənnəsi 1.67 manatdır. Bir neçə aydır ki, manat mövqeyində sabitlik nümayiş etdirir. Görəsən, bu gedişat onu deməyə əsas verirmi ki, dollarla bağlı yaranan böhran aradan qalxıb? Cebhe.info iqtisadçıların məsələyə münasibətini öyrənib. Maraqlıdır, qarşıdakı aylarda dolların məzənnəsi necə olacaq. Sabitlik aldadıcı ola bilərmi?

İqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında bildirib ki, dollara tələbin artması üçün manat kütləsinin artması zəruridir: “Manatın dollara nisbətən məzənnəsini proqnozlaşdıran zaman yerli pulun bazası da nəzərə alınmalıdır. Hazırda Mərkəzi Bank tərəfindən dövriyyədə olan pul kisəsinin təzyiqinin azalması müşahidə edilir. Manat kütləsi 7.5 manatadək azalıb ki, bu da ÜDM-in təxminən 13 faizidir. Qazaxıstan, Rusiya kimi ölkələrdə bu rəqəm 45 faizdən çoxdur. Dollara tələbin artması üçün manata ehtiyac var. Vətəndaşların əllərində olan pullar dollardır”.

İqtisadçının sözlərinə görə, alınan valyuta ilə müqayisədə yerli pul vahidində xeyli azalmalar var: “Manat bazasının məhdudlaşdırılmasının əleyhinəyik. Bu real sektorun inkişafına mənfi təsir edir. Çünki manat kütləsinin həcminin artmasına ehtiyac var ki, xərcləmələr artsın, real sektorda tələb formalaşsın. Dolların məzənnəsinin manat kütləsinin həcmini azaltmaqla saxlamaq heç də əlverişli variant hesab edilmir. Dolların real bazar dəyərini formalaşdırmağa çalışılmalıdır. Mərkəzi Bankın ilin sonunadək olan proqnozu manat bazasının aşağı olacağı halda reallaşacaq”.

Ekspert bildirib ki, manat bazasında artımlar olarsa, manat bazasının məhdudlaşdırılması onun genişləndirilməsi ilə əvəz olunarsa, bu halda dollara yenidən tələbatın artması müşahidə edilə bilər: “Dollara tələbin formalaşması üçün manat kütləsinin artmasına ehtiyac var. Dollara tələb o zaman artar ki, manat məhdudlaşdırılması siyasəti onun genişləndirilməsi prinsipi ilə əvəzlənsin”.

Digər iqtisadçı-ekspert Akif Nəsirli isə bu vəziyyətin aldadıcı olduğu qənaətindədir:

“Azərbaycanda dollar böhranı deyil, iqtisadi böhran olub, hələ də davam edir. İqtisadi böhran qiymətlərin artmasına, infilyasiyanın daha da dərinləşməsinə səbəb oldu. Dollar böhranı kimi görünən prosesin müəyyən hissəsi inzibati metodlarla cilalanıb. Artıq bir neçə aydır ki, dolların məzənnəsi manatla müqayisədə sabit qala bilir. Yanvardan etibarən yaranan əsas mənzərə ondan ibarətdir ki, manatın məzənnəsi dollara münasibətdə kəskin şəkildə ucuzlaşmır. Yanvaradək günü-gündən dollarla müqayisədə zəifləyən müəyyən qadağalar, dəyişilən qaydaların sayəsində manatın dollarla müqayisədə məzənnəsi sabitləşib”.

Ekspertin sözlərinə görə, görünən tərəf korreksiya edilsə də ölkə iqtisadiyyatında bunun təsiri görülmür. Manat sabitləşsə də, qiymətlər qalxır: “Sentyabradək vəziyyət sabit qalacaq. Yalnız bundan sonra görəcəyik ki, dollar böhranı adlandırıdığınız prosesi adlamamışıq. Ola bilsin ki, manatın məzənnəsi ilin sonunadək sabit saxlanılsın. Qiymət artımı tendensiyası bu ilin sonunda daha da şiddətlənəcək. Bu isə onunla əlaqədardır ki, hökumət iqtisadiyyatın dirçəldilməsi ilə əlaqədar olaraq fundamental tədbirlər görmür. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər görülməlidir. Bu istiqamətində çox işlər görülsə də, işlər nəzərə çarpmır. Yerli sənayə istehsalı və digər sahələrin inkişafına ehtiyac var. Sahibkarlara stimul verilməsi bir yana, onların qarşısına müəyyən manelər çəkilir. Nə qədər ki, fundamental islahatlar aparılmayacaq, bu problemlər də həllini tapmayacaq. Normal islahat formalaşmalı, rəqabətli mühit yaradılmalı, hökumət tərəfindən sahibkarlara yardım edilməlidir. Bazar iqtisadiyyatının qızıl qaydaları tətbiq edilməlidir”.

 

Nigar Məhərrəm

Cebhe.info

 

09:04