Dəlisov Tramp, yoxsa ermənipərəst Bayden - Bakı və Ankara üçün hansı sərfəlidir...

Türkiyə və Azərbaycan üçün Qarabağda döyüşlər gedərkən ABŞ-da kimin prezident seçiləcəyi önəmlidir; Həmid Herisçi: “Bizə Tramp çox lazımdır, Bayden isə...”

ABŞ-da prezident seçkilərinə təxminən bir həftə qalır. Noyabrın 3-də baş tutacaq seçkidə Respublikaçıların namizədi Donald Tramp, Demokratların isə Co Baydendir.

Xudaferin.eu “Yeni Müsavat” -a istinadən xəbər verir ki, namizədlərdən hansının ABŞ prezidenti seçilməsi strateji baxımdan Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir.

Analitiklərin fikrincə, hazırda ABŞ-la Türkiyə arasında gərginlik müşahidə olunsa da, müttəfiq ölkələrin münasibətlərinin tarazlığı üçün münasib namizəd Trampdır.

Onun fəaliyyəti dövründə rəsmi Ankara ilə qabarma-çəkilmə siyasəti aparılsa da, əlaqələr gərginliyin pik zirvəsinə çatmayıb.

Respublikaçılardan fərqli olaraq, Demokratlar isə hakimiyyətdə olanda ayrı-ayrı regionlara, dövlətlərin daxili siyasətinə burun soxurlar.

O baxımdan təhlilçilər Baydendənsə Trampın qələbə çalmasını Bakı və Ankara üçün uyğun hesab edirlər.

Çünki Tramp ilk prezidentliyi ərəfəsində də bəyan etmişdi ki, heç bir ölkənin daxili işlərinə qarışmayacaq.

İnsafən, onun dönəmində Vaşinqton-Bakı əlaqələrində hər hansı xoşagəlməz tendensiya müşahidə edilməyib.

Demokratlardan prezident seçilmiş Barak Obama dövründə isə ABŞ-dan Azərbaycana təzyiqlər çox olmuşdu. Bu ənənəni Baydenin davam etdirəcəyi gözləntiləri var deyə Trampa üstünlük verilir.

Seçkilərə 10 gün qaldı – Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİR? –  MÜQAYİSƏ - FED.az

Hərçənd ki bugünlərdə Amerika Türkiyəni Qarabağ müharibəsində Azərbaycana siyasi dəstək verdiyi üçün sanksiya ilə hədələyib.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın da buna cavabı gecikməyib: “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandıq.

İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və?

Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gec qalma, et!"

Lakin Tramp administrasiyasının bu yanaşmasını seçkiqabağı ABŞ-dakı ermənilərdən səs qoparmaq üçün bir spekulyasiya kimi də qiymətləndirmək olar.

Amerikada 483.366 nəfər erməni yaşadığı deyilir. Müxtəlif mənbələrdə bu rəqəm 800.000 ilə 1.500.000 arasında göstərilir.

Bayden isə Tramp administrasiyasını məsələyə laqeyd yanaşmaqda, Azərbaycan və Ermənistan liderlərinə zəng etməməkdə ittiham etmişdi.

Onun fikrincə, münaqişənin hərbi yolla həlli də mümkün deyil:  “Ermənistan Qarabağ ətrafındakı rayonları qeyri-müəyyən müddətə qədər saxlaya bilməz. Türkiyə və İran isə münaqişədən kənar qalmalıdırlar”.

Bütün hallarda Trampın Baydenlə müqayisədə iki qardaş ölkə üçün daha münasib namizəd olduğunu söyləmək lazımdır.

Nəzərə almaq lazımdır ki, Bayden ABŞ-ın keçmiş vitse-prezidenti olanda Amerikada fəaliyyət göstərən erməni diaspor təşkilatı “Hay Dat ABŞ” Komitəsinə (ANCA) məktub göndərmişdi.

Prezidentliyə namizəd qeyd edirdi ki, Birləşmiş Ştatlar qondarma erməni soyqırımı ilə bağlı mövqeyini bildirməlidir. O, “dəhşətli həqiqəti” heç vaxt unutmamağa və susmamağa çağırırdı.

Ümumiyyətlə, Amerikanın milli, təhlükəsizlik maraqları Türkiyə və Azərbaycanla tərəfdaşlığı diktə edir. Bayden hakimiyyətə gəlmiş olsa belə, Ərdoğanın əlini sıxmağa məcbur qalacaq.

Onun erməni lobbisi ilə əlaqələri var və onlara vədlər verə bilər. Amma Obama kimi Bayden də səs almaq üçün hiyləyə əl atır.

Həmid Herisçi: “Virus Trampın agentidir”

Konspiroloq-jurnalist Həmid Herisçinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın Orta Şərq layihəsi var. Onun fikrincə, bu proyekt Amerika və Qərb ölkələri tərəfindən razılaşdırılıb:

“Burada həm Demokrat, həm Respublikaçılar tərəfinin versiyaları var. Bizə ən sərfəli Respublikaçılardır. Çünki onlar milli-mənəvi dəyərlərin tərəfdarlarıdır.

Respublikaçılar Türkiyənin və Türk dünyasının əhəmiyyətini dərk edirlər. Onlar Pentaqona, yəni Amerikanın hərbi elitasına bağlıdırlar.

Bu mənada türk xalqlarının hərbi ruhunu dərk edirlər, bizi hərbi mədəniyyət nümayəndəsi kimi görürlər. Onların Koreya müharibəsindən sonra türk ordusuna rəğbəti yaranıb.

Ona görə Türkiyəni NATO-ya üzv etdilər və bu alyansda özünəməxsus yeri var. Odur ki, bizə Tramp çox lazımdır.

Əmin edirəm ki, o, yenə qalib gələcək. Pentaqon da Azərbaycan Ordusunu sınadı və anladı ki, XXI əsr müharibəsini edə bilərik".

H.Herisçi hesab edir ki, Demokratlar da Orta Şərqi redaktə etmək istəyirlər, amma daha kəskin və sərt yollarla...

Onun sözlərinə görə, Demokratlar Fransa ilə bağlıdırlar: “İlk dəfə orada yaranıb. Amerikada inqilabı onlar elədi, Demokrat Partiyasını onlar  yaratdı. Elə Azadlıq heykəli fransız memarındır.

Bu gün də iki ökə arasında əlaqələr Demokratların əli ilə reallaşır. Hətta onlar Fransanın Amerikadakı “5-ci kolon”u sayılır. Dünyadakı humanitar brendlər, konfranslar Parisdə həll olur.

Düzdür, Bayden də deyib ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır. Yəni onun mövqeyi tam erməni deyil. Amma Trampın əleyhinə olan ermənilər Demokratların yanındadır".

Xudaferin.eu

16:11