“Direktroların müəllimləri imtahan etməsi fayda verməyən prosesdir”

 

Azərbaycan Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü: “Bunun təhsilə, məktəbə, müəllimə nə xeyri var? “Müəllim qorxu, sterss, neqativ hallara yol verməklə motivasiya oluna bilməz”

İbtidai sinif müəllimlərinin imtahan olunması günün aktual mövzularından biridir. Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) Hurriyyet.org-un sorğusuna cavabda öncə belə bir tədbirin keçirilməsi haqda idarədə məlumat olmadığını bildirdi. Sonradan isə verilən dili qəliz məlumatdan anlaşılan bu oldu ki, ibtidai sinif müəllimləri monitorinq edilməlidir.

BŞTİ-nin qəliz cavabı

 

Məlumat belə əsaslandırıldı ki, məktəblərin Fəaliyyət Planının “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” bəndinə əsasən vaxtaşırı məktəbdaxili müxtəlif fəaliyyətlər icra olunur: “İbtidai təhsil də xüsusi əhəmiyyət kəsb etdiyindən məktəb rəhbərləri ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının müəyyənləşdirilməsi məqsədilə vaxtaşırı məktəbdaxili monitorinqlər aparmalıdırlar. Əldə edilən obyektiv nəticələr müəllimin fəaliyyətinin keyfiyyətinin artırılması üçün bu sahədə səmərəli planlaşdırmanı təmin etmək imkanı yaradır”.

 

Direktorların ayrı-seçkili imtahanı

 

Redaksiyaya daxil olan məlumata görə, fevralın 25-də Bakı şəhər məktəblərində ibtidai sinif müəllimlərinə ana dilindən imla yazılıb, riyaziyyatdan isə onların növbəti həftədən imtahan olunacağı gözlənir. Bəzi məktəb rəhbərləri qərəzçiliyə və ayrı-seçkiliyə yol verib. Yuxarı sinif müəllimləri imla mətnini sürətlə diktə etdikləri üçün, üstəlik də imtahan həyəcanına görə, bəzi ibtidai sinif müəllimləri olduqca çox yanlışlığa yol veriblər. Bu üzdən də müəllimlər arasında həyəcan, stress, iş itirmək qorxusu yaşanır. Bəzi müəllimlərə imla mətni əvvəlcədən verilmiş olduğu üçün, onlar imlanı nisbətən doğru yaza biliblər. Bu cür subyektiv amillər isə təbii ki, onsuz da korrupsiyalaşmış təhsildə rüşvətə rəvac verir.

Redaksiyaya daxil olan məlumata görə, Nərimanov rayonu 193 saylı məktəbdə ibtidai sinif müəllimlərinin hamısı imladan aşağı nəticə göstərib, direktor bütün müəllimlərə “2” yazıb. Məktəblə əlaqə saxladıq. Direktor əvvəlcə dedi ki, məktəbdə heç bir imtahan, monitorinq-filan olmayıb. Məlumatı BŞTİ-dən alaq. BŞTİ-dən məlumatın təsdiqləndiyini bilincə isə dedi ki, ən yaxşı nəticə elə 193 saylı məktəbdə olub. Təki doğru olsun, dedik.

 

Müəllimlərin sosial şəbəkələrdə “etiraz aksiyası”

 

Qeyd edək ki, dünən “İbtidai sinif müəllimlərinin imtahan olunmasını BŞTİ belə təsdiqlədi” sərlövhəli yazıya “feysbuk” sosial şəbəkəsəində çoxlu şərhlər verilib. Ən çox şərh də “Sinif Müəllimləri, testlər və çalışmalar” qrupundadır. Həmin qrupda Günel Məmmədova adlı profilin sahibi yazır ki, imtahandan sonra müəllimlərdən 50 manat alınıb.

Yuxarı sinif müəllimlərini də imtahan gözləyir

 

Leyla Yusifova yazır ki, niyə məhz ibtidai sinif müəllimləri imtahan olunur? Onu da bildirək ki, redaksiyaya belə məlumat daxil olub ki, məktəb direktorları digər müəllimləri də imtahan edəcək. Direktorlar imtahan olunsa, müəllimləri qorxutmağa vaxtları qalmaz Şərhlərdə “axı bu diplomu bizə dövlət verib, niyə sonra da öz verdiyi diploma inanmır?”, “imtahandan keçməyən direktorlar,müavinlər imtahan olunsunlar, belə olsa, müəllimləri qorxutmazlar, təhsillərini artırmaga başları qarışar, onda bilərlər ki, müəllimlərin onların köməyinə,qaygısına ehtiyacı var” kimi fikirlər də yer alıb.

 

Bu proses az əməkhaqqı alan müəllimin psxoloji sarsıntısına səbəb olamayacaqmı?

 

Azərbaycan Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü ilə məsələylə bağlı söhbət etdik. Təhsil eksperti açılamasında dedi ki, bu prosesi günün aktual mövzusu olan müəllimlərin attestasiyası, lisenziyalaşdırılması məsələsinə hazırlıq hesab edir: “İbtidai sinif müəllimlərinə imza yazılması da düşünürəm ki, müəllimlərin birbaşa attestasiyadan keçilməsinə, lisenziyanın alınmasına hazırlıq kimi nəzərdə tutulur. Amma mən bir məsələ ilə razı deyiləm. Hazırkı durumda, müəllimin əməkhaqqının bu qədər az olduğu bir vaxtda psixoloji durumuna, onun sarsıntılar keçirməsinə nə qədər təsir edəcək? Bunu kimlər aparır, mexanizmi necədir? Ümumiyyətlə, bunun təhsilə, müəllimə xeyri nə olacaq? Bu sualların cavabı açıq qalıb”.

Məhkəmə sarsıntı keçirən müəllimi işinə bərpa etdi

 

AMB sədri ötən əsrin sonlarında müəllimlərin attestasiya olunmasından bir nümunə də gətirdi: “Yaxşı yadımdadır, 1994-cü ildə müəllimlərin attestasiyası keçiriləndə, ədəbiyyat müəllimi 4 sətirlik bir ərizədə iki hərf səhvi buraxmışdı. Attestasiya Komissiyası onu işdən azad elədi. Amma müəllim məhkəməyə müraciət edib, bildirdi ki, sarsıntı keçirib, psixoloji gərginlik yaşayıb və sair. Məhkəmə Attestasiya Komissiyasının qərarını ləğv eləyib, müəllimi işinə bərpa etdi. Komissiyanın qərarının əsassız olduğu meydana çıxdı. Bu da əlbəttə ki, komissiyanın nüfuzuna da mənfi təsir etdi”.

 

Təhsilin keyfiyyətinə faydası olmayan monitorinq

Təhsil ekspertinin sözlərinə görə, imla yazıların aparılması bu məqsədə xidmət eləsə ki, müəllimin biliyi zəifdir, o, işindən azad edilməlidir, bu baş tutan məsələ deyil: “Bayaq çəkdiyim misal da sübut edir ki, bunun hüquqi əsası yoxdur. Bütün bunlar konfliktlərə, Təhsil Nazirliyi, məktəblərlə müəllimlər arasında çəkişmələrə, məhkəmələrin olmasına xidmət eləyir. Həmçinin rüşvətə də yol açır. Bu fayda verməyən prosesdir. Bu monitorinqlərin məqsədi nədir? Təhsilə, məktəbə, müməllimə nə fayda verəcək? Bu 3 əsas amil vacibdir. Mən hesab edirəm ki, belə yanaşma təhsilin keyfiyyətinə fayda verməz”.

Təcrübəli pedaqoqların, alimlərin tövsiyəsinə ehtiyac var

 

Məlahət Mürşüdlünün fikrincə, bu cür tədbirlərə başlananda təcrübəli pedaqoqlarımızla, alimlərimizlə, təhsil ekspertlərilə məsləhətləşmələr aparılmalıdır: “Təhsil ictimaiyyətində hələ sovetlər dönəmindən tanınmış təhsil ekspertləri var ki, bu gün onların fikirləriylə çox hallarda razılaşılmır. Postsovet dövrünün kadrı olanda noolar ki?! Onlar ki, ömürlərinin 20-25 ilini müstəqillik dövründə keçirib. Zənnimcə, məsləhətləşmələr aparıb, ondan sonra bu tədbirə başlamaq lazım idi”.

Baş müəllim, metodist müəllim, müəllim...

 

Məlahət Mürşüdlü hesab edir ki, müəllimlərin attestasiyası da əsasnamə ilə aparılmalıdır: “Bu nəyə əsasən keçirləcək? Müəllimlərin əməkhaqqının artırılmasına, təkmilləşdirilməsinə, müəllimlərin dərəcələrinin müəyyənləşməsinə, baş müəllim, metodist müəllim kimi kvalifikasiyalara ayrılmasınamı xidmət edəcək? Bu haqda məlumat verilmir. Başqa ölkələrin təcrübəsində bu metodlar var. Əsasnaməyə uyğun atestasiya keçirilir, müəllimə 3 mərhələ əsasında dərəcə verilir. Bu mərhələni keçməyə uyğun da ona əməkhaqqı verilir. Sovet dövründə belə bir praktika vardı. Kim metodist müəllim, kim baş müəllim, kim adi müəllim adını ala bilərdi, bunun ayrı-ayrı kriteriyaları var idi. Bu müsbət bir təcrübə idi, bu gün də tətbiq etmək olardı. Attestasiya üçün əsasnamə olmadığına görə, bu məsələni şərh etməyə çətinlik çəkirəm. Amma hesab edirəm ki, attestasiyanın keçirilməsi müəllimlərin hərəkətə gəlməsi üçün motivasiya olacaq. Amma heç istəməzdim ki, bu motivasiya qorxu, sterss şəraitində, neqativ hallara yol verilməklə keçirilsin”.

Sevil
Hurriyyet.org

 

06:20