“DİM-in qabağına qara qutu qoysalar, daha yaxşıdır”

 

Dövlət İmtahan Mərkəzinin saytından materialların yüklənməsi və istifadəsi pullu olacaq. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli DİM rəhbərinin sözlərinə “İdarənin qabağına qara qutu qoyub rəsmən dilənsələr, bundan yaxşıdır, lap ağını çıxarıblar” deyə reaksiya verib: “İmtahanları pullu ediblər, əsgərlik yaşı hələ yayda, payızda, qışda tamam olanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsindən alınmış möhlət hüququ olmadan may ayında olan imtahana buraxmırlar. Kimin belə problemi var, gedib arayış almaq üçün adam axtarır, rüşvət verir. Bütün dünya tam pulsuz təhsilə keçməyə can atır, bunlar səviyyəsiz və keyfiyyətsiz təhsil verirlər, hələ bir buna görə də vətəndaşlardan imtahana pul, təhsilə ödəniş alırlar. Anlamırlar ki, vətəndaş həyatı boyu birbaşa və dolayı vergiləri ilə dövlətə ödənişlər edir, dövlətin də borcu vətəndaşa pulsuz və keyfiyyətli xidmət göstərməkdir. Dövlət müqəddəs və mücərrəd anlayış deyil, mənim-vətəndaşın puluna, mənim-vətəndaşın seçdiyi yolla, mənə-vətəndaşa xidmət göstərməli olan institutdur”.

Alçina Amilqızı

Cebhe.info

 

06:40