Diktatordan dəhşət saçan açıqlama

 

Suriya diktatoru Bəşər Əsəd dünyanı qəzəbləndirən fotolardan danışdı: "Hamısı ölməli idi..."

Diktator Bəşər Əsəd Rusiyaya məxsus “RİA Novosti”-yə müsahibəsində Suriyanın Hava Hücumundan Müdafiə sistemlərini ABŞ-ın "Tomahawk" raketlərilə bombaladığı zaman ölkənin reaksiya verməsinə münasibət bildirib. B. Əsəd qeyd edib ki, terrorçular Suriya Hava Hücumundan Müdafiə (HHM) sisteminin 50 faizindən çoxunu məhv ediblər. Bu səbəbdən Suriya ordusu Şayrat aviabazasına zərbə zamanı ABŞ raketlərini vura bilmədi: “HHM obyektlərinin əksər hissəsi şəhər hüdudlarından kənarda, ətraf ərazilərində yerləşir. HHM sistemimiz terrorçuların ilk hədəfi idi. Dəqiq rəqəmləri təqdim etməməliyik, çünki bu, sizə məlum olduğu kimi hərbi məlumatdır. Lakin deyə bilərəm ki, bu sahədə itkimiz 50 faizdən çoxdur”.

Xan Şeyxuna kimyəvi hücumun olmadığını deyən diktator B. Əsəd, əslində bunun təxribat olduğunu vurğulayıb: “Kimyəvi hücum iddiaları ABŞ tərəfindən Şayrat bazasına hücum etmək üçün bir bəhanə idi. Rusiya hava hücumunda uşaqların öldüyünü göstərən fotoların daha sonra saxta olduğu məlum oldu. Bir uşağı götürüb üzərini saxta qan və palçıqla çirkləndirib fotosunu çəkdilər. Digər görüntülər də elə buna bənzərdir. Görüntülərdə xilaskar olduğu iddia edilən şəxslərin maska və əlcək taxmadan insanlara kömək etdiyi görünür, rahatlıqla gəzirlər. Bu necə olur? Bütün bunlar zarin qazının xüsusiyyətlərinin əksinədir. Bu mümkün deyil, onlar da digərləri kimi ölməli idi. Baxmayaraq ki, görüntülərdə yerdə yatan şəxslərin ölü olub olmadığını da bilmirik. Bu görüntüləri montaj etmək asandır”.

B. Əsəd, həmçinin bildirib ki, Rusiya hava qüvvələri onun hakimiyyətinə dəstək verməyə başlayandan sonra terrorçularla hökümət qüvvələri arasında balans dəyişib: “Palmira, Hələb və bir çox bölgəni geri aldıq. Ona görə də hələ Rusiyaya məxsus quru qüvvələrinin dəstəyinə ehtiyac duymuruq. Əgər gələcəkdə ehtiyac olarsa, etiraz etməyəcəyik”.

Suriya diktatoru onu da əlavə edib ki, Qərb dövlətləri həlak olmuş suriyalıların sırasına öldürülmüş terrorçuları və əcnəbi muzdluları da qatır. Halbuki rəsmi Dəməşq onları hesaba almır: “Rəqəmlər vəziyyətin nə dərəcədə faciəvi olduğunu göstərmək və Suriyaya müdaxilə üçün əsas yaratmaq məqsədilə şişirdilir”.
Qeyd edək ki, diktator Bəşər Əsəd öz maraqları çərçivəsində verdiyi bu açıqlama bir daha göstərir ki, o öncələrdə olduğu kimi, sərt mövqeyindən əl çəkməyəcək. Ölkədə vətəndaş savaşının davam etməsində ən çox maraqlı tərəf kimi hərəkət edəcək. Onun rəhbərliyi altında kimyəvi silahlardan istifadə halları nə birinci, nə də sonuncu dəfədir ki, bölgəni dəhşətə salmayıb. Bəşər Əsədə kimyəvi silahlar ona görə daha çox gərəkdir ki, o Suriyadakı diktator rejiminin ömrünü daha da uzatmış olsun.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

20:19