Diaspora ilə iş üzrə Dövlət Komitəsinin ayrı-seçkiliyi

Bir video-reportaj qarşıma çıxdı. Orada isti-isti Diaspora ilə iş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə yaşayan azərbaycanlıların (diaspora nümayəndələrin) Şuşaya səfəri canlanırdı. Diaspora ilə işləyən bu dövlət orqanı 24 ölkədən 72 nümayəndə dəvət edib xaricdən Şuşaya. 72 azərbaycanlı. Yəqin ki, bu 72 nəfərin tam əksəriyyəti Avropada yaşayanlardır.

Mən ömrümdə Şuşada olmamışam. Eyni zamanda Xaricdə yaşayan bir Azərbaycan vətəndaşı kimi (xatırladıram ki, artıq 12 ildir xaricdə yaşayıram və bu gün də Azərbaycan vətəndaşıyam, Azərbaycan pasportu gəzdirirəm) Diaspora Komitəsinin sözü gedən səfərində özümü məlum səbəblərdən təsəvvür etmirəm və bu heç ağlıma da gəlmir. Amma...

Amma Şuşa hələ işğalda olanda onun məhəllələri, heykəl və məscidləri, bulaqları, küçə və tinləri haqqında böyük yanğı ilə hər yerdə hamıya danışan bir həmvətənimiz var xaricdə. Bu reportaja baxanda ağlımdan ilk olaraq o keçdi. Əslən şuşalı olan Elman Mustəfazadə.

Yeri gəlmişkən Şuşa azad olanda Elman bəyin Şuşa yanğısına rəğmən ona gözaydınlığı verməyi özümə bir borc bilmişdim. Bir neə gün öncə görüşüb söhbətləşəndə də Şuşadan danışdıq. Şuşaya nə vaxt gedəcəyini sordum. Elman bəy birdəfəlik Avropanın daşını atıb Şuşaya köcəcəyini planladığını dedi.

Ona görə də sözü gedən reportaja baxa-baxa ona zəng etdim. Fikirləşirdim ki, yəqin o da ordadır. Hazırlaşırdım ki, bir az tənələyim Elman bəyi. Vətənə səfəri məndən gizli saxladığına görə. Mühacirlərdə qaydadır. Vətənə gizlin səfər edərlər. Bunun səsi isə səfərdən sonra çıxır...

Sən demə Elman Mustəfazadənin belə səfərdən heç xəbəri yox imiş. Bəs yaxşı, bu 72 nəfəri onda hansı parametrlərə görə seçiblər. Deyim ki, Elman bəy mənim kimi siyasi mühacir deyil, Azərbaycandakı siyasi rejimi torpaqlar azad edildikdən sonra hər yerdə o ki, var tərifləyir, iş admıdır, əslən şuşalıdır, Şuşaya köçmək eşqi ilə yaşayır, qocalığını orda keirtmək istəyir, ora əlində olan paranı invistisiya kimi qoymaq istəyir... Amma Diaspora Komitəsinin siyahısına düşmür. Şübhə etmirəm ki, Elman Mustəfazadənin parametrində olan və Diaspora Komitəsinin görmədiyi, görmək istəmədiyi azərbaycalıların sayı-hesabı yoxdur.

Odur ki, Diaspora ilə iş üzrə Dövlət Komitəsini belə ayrı-sekiliyə son verməyə çağırıram.

Ataxan Əbilov

Xudaferin.eu

15:23