Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir

Dünyasını dəyişən Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahovun cənazəsi bu gün Azərbaycana gətiriləcək. 

Bu barədə Modern.az-Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliynin sədri Fuad Hüseynzadə məlumat verib.

O bildirib ki, Vidadi Salahovun cənazəsi bu gün Bakı vaxtı ilə 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətiriləcək. Mərhum Bərdə şəhərində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Vidadi Salahov oktyabrın 14-də dünyasını dəyişib.

Xatırladaq ki, Vidadi Salahov 1957-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulub.1978-1983-cü illərdə Voronej Dövlət Universitetinin tələbəsi olub. 1983-1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix müəllimi kimi çalışıb. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987-1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib.1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun “Priziv” qəzetində müxbir vəzifəsində işləyib.1997-2004-cü illərdə “Akmola” Astana şəhərində fəaliyyət göstərən “Azamat”, “Times” qəzetlərinin müxbiri olub. 2004-cü ildə “Turan-exspress” qəzetinin baş redaktoru vəzifəsində çalışmağa başlayıb. Təxminən 10 il bu qəzeti çap etdirib.

Qazaxıstan Prezidentinin 2 minnətdarlıq məktubu, “Qızıl qartal” ordeni, saysız diplom və fəxri fərmanlar, 2011-ci il iyulun 4-də isə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Tarix elmləri doktoru, professor Vidadi Salahov 2016-cı ildə Qazaxıstan Prezidenti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki dərəcəsinə layiq görülüb.

Xudaferin.eu saytının və Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə Vidadi Salahova Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verir.

17:02