Deputatlardan yasaqlara münasibət: “Mənə aidiyyatı yoxdur” deyən də oldu

 

Millət vəkilləri Hadı Rəcəbli, Astan Şahverdiyev və Araz Əlizadə dəfələrlə çıxışlarında cəmiyyəti narahat edən təhqiredici fikirlər səsləndiriblər. Media və ictimaiyyətin bununla bağlı ciddi təpkisindən sonra Milli Məclisdə yeni hazırlanmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

Qanun layihəsində qeyd edilib ki, deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və zorakı hərəkətlərlə bildirməməlidir. Deputata iclas zamanı çıxış edənin sözünün kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir. Həmçinin Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Maraqlıdır ki, deputatların yeni qadağalara münasibəti necə olacaq.

Deputat Zahid Oruc bu dəyişikliklərin konkret şəxslərlə əlaqədar olmadığını düşünür: “Düşünmürəm ki, bu dəyişikliklərin konkret hadisələrə bağlılığı var. Beynəlxalq arenada da hər bir təmsilçi, üzvdən nizam-intizam qaydalarına əməl edilməsi tələb olunur. Kim hesab edirsə ki, beynəlxalq arenada qoyulan qayda-qanunlar formal xarakter daşıyır, bu, yanlış yanaşmadır. Bu məsələnin şəxslər üzərindən analiz edilməsinin əleyhinəyəm”.

Millət vəkilinin sözlərinə görə, müzakirəyə çıxarılacaq qanun layihəsi təqdirəlayiqsə, hər bir millət vəkili bu yeniliyi qəbul etməlidir: “Mediadan bəzi deputatların cəzalandırılması ilə bağlı çağırışlar eşidirik. Bu dəyişikliklər parlament üzvünün obrazına, fəaliyyətinə mənfi təsir etməməlidir. Nizam-intizam qaydalarına ediləcək bu cür dəyişikliklər təqdirəlayiqsə, hamımız qəbul etməliyik. Çünki cəmiyyət seçdiyi bu şəxslərə etibar etmək istəyir, nizam-intizam gözləyir. Bu səbəbdən cəmiyyət seçdiyi bu şəxslərə kifayət qədər tələbkar mövqedən yanaşır”.

Z.Orucun fikrincə, millət vəkili tənqidə açıq, dözümlü, şəffaf, hesabatlı olmalıdır. İctimai mənəviyyatı qorumalıdır. Azadfikirliliklə sərhədləri ayırmağı bacarmalıdır.

Millət vəkili Fərəc Quliyev də düşünür ki, bir fərdə görə qanuna dəyişiklik edilməz. İndiki halda dəyişikliklər təqdirəlayiqdir: “Bir fərdə görə qanuna dəyişiklik olmaz. Digər dəyişikliklərlə yanaşı bu dəyişiklik də müzakirəyə çıxarılacaq. Bizim işimiz budur”.

Digər millət vəkili Musa Quliyev isə öncə qadağalardan xəbərsiz olduğunu deyib. Daha sonra ““Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun” qanun layihəsinin qəbul ediləcəyini deyib:“Gündəlikdə belə bir dəyişiklik yoxdur axı. “Deputat etikası haqqında” Qanun (““Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun lyihəsi nəzərdə tutulur” - red.) qəbul ediləcək, yəqin ki, bunu vurğulamaq istəyirsiniz. Bu məsələ bizim komitədə müzakirə olunmur. Milli Məclisin hər hansı komitəsi qanun qəbul edirsə, buna münasibətim necə ola bilər? Mənə aidiyyatı olmayan məsələdir. Ümumilikdə, Milli Məclisdə müzakirəyə çıxarıldıqda münasibətimi bildirərəm. Milli Məclisdə müzakirəyə çıxarılmadan mediaya münasibət bildirməyi düzgün hesab etmirəm. Baxmadığım, tanış olmadığım bir məsələyə necə münasibət bildirə bilərəm?”

Nigar Məhərrəm

Cebhe.info

06:15