Deputat: “Məmur sahibkarlığının qarşısını almasaq, inkişaf mümkün olmayacaq”

 

 

Millət vəkili Fərəc Quliyev bunu Milli Məclisdə Hesablama Palatasının hesabatına münasibəti zamanı bildirib. Bununla yanaşı, deputat illik hesabatda əksini tapmayan məsələlərə də toxunub. Deputat ölkədən çıxarılan vəsaitlərlə bağlı da Hesablama Palatasının rəhbərliyinə müraciət edib: “Mən bilmək istəyirəm, həmin vəsaitlərin geri qaytarılması ilə bağlı işlər görülür, ya yox? Ümumiyyətlə, ölkədən nə qədər vəsait çıxarılıb? Biz mütləq bu məsələlərlə ciddi məşğul olmalıyıq. Məlumunuz olduğu kimi, ötən illərdə çox avantürist layihələrə külli miqdarda dövlət vəsaiti, kreditlər ayrıldı, həmin vəsaitlərin böyük əksəriyyəti də ölkədən kənara çıxarıldı…Palata niyə vaxtında bunlara diqqət yetirməyib?”
 

F.Quliyev paytaxtdakı söküntü məsələlərinə də toxunub: “Bu yaxınlarda bir neçə sahibsiz sayılan villalar söküldü. Məncə bu, oğurlanmış dövlətin pulu ilə tikilibsə, bu, döbvlət əmlakıdır. Bunu uşaq bağçası, turist obyekti kimi istifadəyə verilməli idi. İtirilmiş vəsaitin yerinə bərpası əvəzinə, yeni vəsaitlərin itirilməsinə yol verməli deyildi”.

Deputat Əli Məsimli bildirib ki, 2016-cı il hesabatı daha çox faktaloji materiallara hesablandığı üçün əvvəlki dövrlərdəkindən fərqlənir, ona görə də sənədi müsbət qiymətləndirmək olar. Deputat deyib ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil: “Pensiya yaşının artırılması, işıq, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik. Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Hər halda biz kolgə iqtisadiyyatından daha çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik”.

Onun sözlərinə görə, büdcəyə bərpa olunan vəsait dəryada damladır: “Amma zəruri tədbirlər görülsə, on milyonlarla vəsaiti büdcəyə bərpa etmək olar.Biz büdcənin vəsaitinin 10 faizinin xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbinm tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq”.

Deputat Siyavuş Novruzov isə maliyyə vəsaitlərinin ödənilməsini daha doğru yol sayıb: “Nə qədər cəza verirsən-ver, bu vəsaitlrə büdcəyə qayıtmır ki. Ona görə də birinci növbədə dövlət əmlakının qaytarılmasına diqqət yetirməliyik. Həbs olacaqsa, həmin şəxsin saxlanılması xərcləri də ortaya çıxır. Amma burada bir məsələ var. Biz gözləyirik ki, kimsə cinayəti törətsin, sonra gedib deyək cinayəti törətmisən, vəsaiti geri qaytar! Məncə, bir yerdən siqnal gələn kimi, Palataya dərhal yoxlama həyata keçirmək səlahiyyəti verilməlidir. Kimsə maliyyəni oğurlayır, yerinə süpürgə çəkir, sonra onunla bağlı araşdırmalar başlanır. Kreditlərin verilməsində də bankın birinci məqsədi ondan ibarət olmalıydı ki, həmin kreditlərin düzgün istifadə olunub-olunmadığını araşdırsın. Amma buna əhəmiyyət verilmədi və nətricədə vətəndaşların illərlə formalaşan inamını sarsıtdılar”.

Hurriyyet.org

 

06:20