Deputat: İşğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa işləri o torpaqlara Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli şəhərinə səfəri bir çox əlamətdar hadisələrlə yadda qaldı. Əvvəla, qeyd etmək lazımdır ki, bu səfərlər artıq mütəmadi xarakter daşıyır və ölkə rəhbərliyinin işğaldan azad edilən əzəli torpaqlarımıza səfərləri zamanı yeni quruculuq işlərinin, təməlqoyma mərasimlərinin şahidi oluruq. İnfrastrukturun yaradılması üçün tələb olunan bütün zəruri addımlar atılır və proses sürətlə davam edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuliyə son səfəri zamanı da bir sıra infrastruktur obyektinin açılışı oldu və ya təməli qoyuldu. Bu, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat qeyd edib ki, doğma Füzulidə artıq hava limanı inşa olunur, eyni zamanda, Aşağı Köndələnçay su anbarının tikintisi sürətlə davam edir, Əhmədbəyli-Füzuli-Şuşa yolunda, Zəfər yolunda intensiv işlər görülür, yeni körpülərin, tunellərin tikilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bir sözlə, bir müddətdən sonra Füzuli və ətraf rayonlar inkişaf edəcək və gözəlləşəcək. Çünki doğma Qarabağ indi rahat nəfəs alır, xoşbəxtdir, öz əzəli sahibinə qayıdıb.
E.Musayev diqqətə çatdırıb ki, erməni terrorçuları uzun illər doğma Qarabağımızın su ehtiyatını da məhv ediblər, böyük miqdarda suları israf ediblər, su anbarlarını dağıdıblar. Onlar həmin su qovşaqlarını qəsdən bağlayıblar ki, torpaqlar qidalana bilməsin. Yəni, bunlar memarlıq abidələrinə, digər sahələrə qarşı törətdikləri terroru ekologiyaya qarşı da törədiblər. İşğal dövründə hər şey dağıdılıb, üstəlik, heç bir iş görülməyib.
Deputat vurğulayıb ki, artıq əzəli torpaqlarımız erməni vandallarından xilas edilib. Var olsun, Müzəffər Ali Baş Komandanımız və qəhrəman əsgərlərimiz ki, Azərbaycanın bu qədim torpaqlarını işğaldan azad etdilər. Bundan sonra doğma Füzuli də, Şuşa da, digər gözəl məkanlarımız da sürətlə inkişaf edəcək. Bu rayonların inkişaf planı və strategiyası hazırdır, artıq reallaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə təmir-bərpa işlərinin sürətlə aparılması hər birimizi sevindirir və qürurlandırır.

Xudaferin.eu

19:39