Daşkənddə “Xalqların adət-ənənələri və mədəniyyət” festivalında Azərbaycan da təmsil olunub

Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festival keçirilib.

Mədəniyyət Festivalında Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İndoneziya, Koreya Respublikası, Çin, Qazaxıstan və digər ölkələr iştirak edib. Tədbirdə ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Universitetin rektoru Kamilcon Karimov açılış mərasimində çıxış edərək ənənəvi keçirilən festival haqqında danışıb, gələcəyin mütəxəssisləri olan tələbələrə dünya xalqlarının mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə tanış etmək üçün belə tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Qarabağın milli kişi və qadın geyimləri, xalçalarımız iştirakçıların böyük marağına səbəb olub. Milli musiqi, məişət əşyalarımız və suvenirlər də maraqla qarşılanıb.

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub.

Nümayiş etdirilən videoçarxda Azərbaycanın mədəniyyəti, turizm imkanları, ölkəmizin füsunkar gözəllikləri təqdim edilib.

Sərgidə AMM-nin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqları öz əl işlərini nümayiş etdirib, milli suvenirlərimizin hazırlanması prosesi təqdim olunub.

Konsert proqramında Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Tədbirin sonunda AMM-nin də üzvləri olmaqla fəal iştirakçılara diplomlar təqdim olunub.

Xudaferin.eu




15:10